Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:02

8 nəfərlik ailə küçədə qaldı


Illüstrasiya
Illüstrasiya

►''Örüş yeridir' deyib evimizi sökdülər'

“Dörd tərəfimizdə yaşayış evləri tikilib. Traktoru gətirib evimizə dirədilər ki, “ya pul verin, ya da sökəcəyik”. Sökdülər. Getdik icra hakimiyyətinə, dedilər, “ora örüş sahəsidir, ev tikmək olmaz””.

Şəmkir sakini Şəhriyar Tağıyev “Qaynar xətt”ə danışır ki, rayonun “kraz yolu” deyilən ərazisində yüzlərlə yaşayış evi tikilib.

Bir müddət əvvəl onlar da bələdiyyədən torpaq sahəsi alaraq həmin ərazidəki evlərin arasında ev tikiblər. Ancaq qəflətən məhəllədə peyda olan buldozerin köməkliyi ilə ev yerlə-yeksan edilib. Şəhriyar Tağıyev səbəbi tikintiyə görə rüşvət verməməkdə görür:

“HAQQINI ALIB, ÜZÜNÜ ÇEVİRİB”

“Sağımızda, solumuzda iki, üç mərtəbəli evlər tikiblər, indi də tikintilər davam edir. İcra hakimiyyəti həmin tikililərin sahiblərinə “gözün üstə qaşın var” demir. Çünki haqqını alıb, üzünü kənara çevirib. Bizim evimizi söküblər, ancaq əl altından elə həmin ərazilərdəcə torpaqlar satılır. Başa sala bilmədik ki, evimizdə müharibə veteranı var, əlil var, xəstə körpə var. İmkanımız yoxdur. İki otağı zar-zorla, kreditlə, borcla tikmişik. Atam Əfqanıstan veteranı, anam 2-ci qrup əlildir. Evimizi sökdüklərindən 8 nəfərlə küçədə qalmışıq”.

Tağıyevlər bu ərazidəki torpaq sahəsini bir qadının vasitəçiliyi ilə keçmiş bələdiyyə sədrinin qardaşından alıblar. Demələrinə görə, həmin vaxt bələdiyyə torpaqlarının “dəllallığını” elə bələdiyyə sədrinin qardaşı edirmiş. Ərazi keçmiş Nərimanov sovxozunun ərazisidir. 6 sot torpaq sahəsi onlara etibarnamə ilə satılıb.

____________________________________________________________

Bunlara da bax:
Valyuta ehtiyatları 12 milyard azalıb
Türkiyənin turizm sektoruna 15 milyardlıq zərbə

____________________________________________________________

“BƏLƏDİYYƏ SƏDRİ DEDİ, BU SƏNƏD DAŞDAN KEÇƏRLİDİR”

“Sovxozun ərazisindən 6 sot torpaq sahəsini həyətyanı sahə kimi etibarnamə ilə bizə satıblar. Notariat kontora getmişik, etibarnamə bizim adımıza keçib. Keçmiş bələdiyyə sədri də deyib ki, “bu sənəd daşdan keçərlidir, gedin tikin”. Məsələ bundadır ki, yeni təyin olunmuş icra başçısı keçmiş icra başçısının rüşvət alıb icazə verdiyi tikililəri sökür. Yeni bələdiyyə sədri isə keçmiş bələdiyyə sədrinin satdığı torpaqları adamların əlindən min bir bəhanə ilə alıb təkrar başqalarına satır. Bütün hallarda zərbəni əhali yeyir. Bu haqsızlıqlara artıq dözə bilmirik. 8 nəfər faktiki çölün düzündə qalıb. Ailədə xəstə, əlil insanlar var, gəlirimiz onların dərmanlarına, uşaqların ərzağına zorla çatır, üstəlik də kreditlə, əzabla tikdiyimiz və içinə sığındığımız evi sökdüklərinə görə kirayədə qalmağa imkanımız yoxdur”.

“BAŞQALARINA DA XƏBƏRDARLIQ OLUNUB”

Şəmkir rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Tağıyevlərin əlində torpaq sahəsinə dair quru etibarnamədən başqa heç nə yoxdur:

“Torpaq kənd təsərrüfatı təyinatlıdır. Həmin torpaqda fərdi tikintiyə icazə yoxdur. O torpaqdan yalnız kənd təsərrüfatı məqsədləri üçün istifadə oluna bilər. Tağıyevlər həmin sahədə əkin işləri, heyvandarlıqla məşğul ola bilərlər”.

İcra hakimiyyətindən rüşvət istənilməsi ilə bağlı deyilənlər də təkzib edilib və bildirilib ki, ərazidəki digər evlərə də xəbərdarlıq olunub.

Hüquqşünas Vaqif Əliyev deyir, hazırda Nazirlər Kabinetinin əlində kənd təsərrüfatı təyinatlı min hektarlarla torpaq sahələri var. Həmin sahələr keçmiş kolxoz və sovxoz ərazilərdir. Uzun illərdir ki, təyinatı üzrə istifadə olunmur:

“BELƏ EVLƏRİN SÖKÜLMƏMƏSİ ÜÇÜN ŞİFAHİ TAPŞIRIQ VAR”

“Hazırda belə torpaqlarda minlərlə ev tikilib. Həmin evlərin sökülməsi mümkünsüzdür. Yaxın vaxtlarda həmin torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı prezidentin fərmanı gözlənilir. Bu torpaqların təyinatı fərdi ev tikintisinə dəyişdirilməlidir. Hazırda belə təyinatlı torpaq sahələrində tikilmiş evlərin sökülməməsi ilə bağlı şifahi tapşırıq var. Belə söküntülər yalnız hansısa icra başçısının maddi marağına görə ola bilər. Çünki onsuz da yaxın vaxtlarda belə torpaqların təyinatı dəyişdiriləcək”.

İndi Tağıyevlər ailəsi kimə pənah aparacaqlarını bilmirlər. Hüquqşünas deyir, ən optimal çıxış yolu torpağı satan şəxsdən məhkəmə yolu ilə torpaq sahəsi üçün ödənilən pulu və evin tikintisinə görə çəkilmiş xərci tələb etməkdir.

Buna da bax: Formula 1 yollar sökülür

Formula 1 yollar sökülür
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

XS
SM
MD
LG