Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:55

'Dedi, deyəsən, hara gəldiyini, MTN-in gücünü bilmirsən...'


Akif Çovdarov
Akif Çovdarov

Ləğv olunmuş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov xeyli vaxtdır aclığı dayandırsa da, hələ tibbi ekspertizadan keçirilməyib.

Həbsdə olan generalın vəkili Sadiq Rəsulov belə deyir.

Müdafiəçinin sözlərinə görə, Çovdarov hələ müayinə edilməyib və yalnız müayinələrdən sonra ekspertizadan keçiriləcək.

Buna da bax:​ MTN işi: '1 milyona yaxın əmlakımız, pulumuz Çovdarova verilib'

Akif Çovdarovun və onun tabeliyində çalışmış Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun mühakiməsi dekabrın 19-da davam etdirilib. Sabiq MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxır.

“Şirkətin adı niyə "Süleyman Transport"dur?”

Dekabrın 19-dakı məhkəmə iclasında, zərərçəkmiş kimi, "Süleyman Transport" MMC-nin təsisçisi Fikrət İbrahimov danışıb. İstintaqa ifadəsini təsdiqlədiyindən, onun ifadəsi elan olunub. Bu ifadədə deyilir ki, Akif Çovdarov, Akif Əliyev və MTN-in başqa əməkdaşları onu hədələyərək, xeyli pulunu əlindən alıblar.

Buna da bax: Aydın Mirzəzadə: 'Müxalifət hökumətə alternativ proqram təklif etmir'

Fikrət İbrahimovun sözlərinə görə, dostu vasitəsilə tanıdığı Vidadi Hüseynova 300 min manat pul verərək, Quba rayonu ərazisində, Vəlvələ çayının yaxınlığında, "Qala" MMC-yə məxsus daş karxanasına şərik olub. 2014-cü ildə Qazaxıstanda olarkən, ona gizli nömrədən zəng gəlib, özünü Mübariz kimi tanıdan şəxs onu MTN-ə çağırıb: "MTN-ə getdim, həmin Mübariz adlı şəxs Akif Çovdarovun işçisi olduğunu dedi. Məndən "Süleyman Transport" və "Qala" MMC-nin fəaliyyəti, gəlirləri, direktoru və təsisçiləri haqqında məlumat almağa başladı. Mübariz dedi ki, xarici ölkələrdən yükdaşımada nöqsanlarınız var, cinayətkar fəaliyyət göstərirsiniz. O, yükdaşıma şirkətinin sahibi Rəşad Babazadə haqda soruşdu. Dedim ki, Rəşad dostumun tanışıdır, 2011-ci ildə mənim yanımda çalışıb, sonra çıxıb gedib. Soruşdu ki, şirkətin adını niyə "Süleyman Transport" qoymuşuq. Mən bu cür primitiv suallara güləndə əsəbiləşdi, dedi ki, "deyəsən, hara gəldiyini, MTN-in gücünü bilmirsən". Təxminən bir saatdan sonra Rəşadı da yanıma gətirib üzləşdirdi, o da mən deyənləri dedi".

Zərərçəkmişin istintaqdakı ifadəsinə görə, həmin vaxt indi təqsirləndirilən şəxslər sırasında olan Akif Əliyev otağa daxil olub. Daha sonra onu Çovdarov həbslə hədələyib. Sonda ondan 30 min manat istəyiblər: "Dedilər ki, pulu verməsəm, məni həbs edəcəklər. Uzun söhbətlərdən sonra 12 minə razılaşdıq. Polis rəisi olmuş dostum Bəhramla birlikdə aparıb 12 mini Mübarizə verdim".

Buna da bax:​ Çovdarovun zərərçəkmişi təkcə zərər çəkməyib...

"100 min istədi, 50 minə razılaşdıq"

Fikrət İbrahimov deyir ki, bu hadisədən bir qədər keçəndən sonra onu yenə MTN-ə çağırıblar. Bu dəfə çağıran Akif Əliyev olub: "Dedi ki, Akif Çovdarovun səni bağışlaması üçün 100 min manat verməlisən. 50 min manata razılaşdıq. Səhəri gün 40 min manatı birtəhər düzəltdim. Nazirliyin yaxınlığındakı 20 nömrəli məktəbin yanında MTN əməkdaşı Anar Abdıyevlə görüşüb pulu verdim. Dedim ki, 10 min əskikdir, düzəldib verəcəyəm. 3-4 gün sonra Anar zəng elədi, aparıb onu da verdim".

Fikrət İbrahimov məhkəmədə sualları cavablandıranda isə deyib ki, Akif Çovdarovdan şikayətçi deyil, istintaqda da onun adını çəkməyib. Bildirib ki, pulu Anar Abdıyevə verib, o da hazırda MTN-in bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətində çalışır.

Məhkəmə dekabrın 21-də davam edəcək.

Buna da bax: Zamin Hacı: 'Mən istəməzdim polis bu işlə məşğul olsun...'

XATIRLATMA

A.Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

A.Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma ) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax:​ MTN işi: ''Moda' mağazasına səhər saatlarında iki nəfər gəldi...'

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG