Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:39

'Akkord'dan tələb


Təcili tibbi yardım maşını
Təcili tibbi yardım maşını

«Şirkətin sürücüsü bizi xəstəxanalıq, maşınımızı isə dəmirçilik edib. Canımız da, əmlakımız da zərər çəkib. Ancaq şirkətə etdiyimiz müraciətlərə məhəl qoyulmur».

Bakı sakini Emil Qasımov AzadlıqRadiosuna «Akkord» şirkətindən şikayət edib. O, şirkətdən baş vermiş bir avtomobil qəzasına görə zərərin ödənilməsini tələb edir.

NƏ SÜRÜCÜ CƏZALANIB, NƏ ZƏRƏR ÖDƏNİB

Şikayətçinin sözlərinə görə, ötən ilin noyabrında şirkətin beton-pompa maşını onun idarə etdiyi maşına çırpılıb. Həm özü, həm də maşını zərər çəkib: «Maşını işıqforda saxlamışdım, gözləyirdim yaşıl işıq yansın, keçim. Sürətlə gəlib maşınıma çırpıldı. Bizi xərəyə qoyub xəstəxanaya götürdülər, maşını «metalloloma» apardılar. Uzun müddət müalicə olunduq, maşınımsa hələ də ələ gəlmir».

Hadisəylə bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən istintaq aparılıb. Sürücünün sərxoş olduğu müəyyən edilib. Emil Qasımov deyir, 4 ay keçməsinə baxmayaraq, nə sürücü cəzalanıb, nə də maşının sahibi olan şirkət zərəri ödəyib: «Vəziyyətimiz ağır idi, uzun müddət 3 saylı şəhər klinik xəstəxanasında müalicə olunduq. Şirkətdən, bircə dəfə də olsun, xəstəxananın qapısını açıb vəziyyətimizlə maraqlanmadılar. Sonradan özümüz yazılı müraciət etdik ki, xəstəxanaya çəkdiyimiz xərcləri qarşılasınlar, maşını düzəltdirsinlər. Ancaq şirkət müraciətlərimizi cavabsız qoydu».

«ŞİRKƏTİN ÜZƏRİNƏ ÖHDƏLİK QOYULMAYIB»

«Akkord» Sənaye Tikinti İnvestisiya Şirkətindən «Qaynar xətt»ə bildirilib ki, qəzanı törədən sürücü işdən çıxarılıb. Qəzaya düşmüş ailəyə xəstəxana xərclərinə görə şirkət yardım edib. Zərərin ödənilməsinə gəlincə, bu zərər qəzanı törədən şəxs tərəfindən ödənməlidir. Üstəlik də, məhkəmə zərərin ödənilməsi ilə bağlı şirkətin üzərinə belə bir öhdəlik qoymayıb.

Hüquqşünas Vaqif Alıyev deyir, əgər hadisə iş zamanı və şirkətə məxsus texnikayla törədilibsə, zərərçəkmişin şirkətdən tələbi haqlıdır. «Xətai rayon istintaq idarəsi sürücünün əməllərini istintaq edib. Məhkəmə də sürücünün əməllərinə hüquqi qiymətini verib. Zərərin ödənilməsi tələbinə gəlincə, zərərçəkmiş buna görə ayrıca mülki iddia qaldırmalıdır», - hüquqşünas bildirib.

XS
SM
MD
LG