Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:08

Ələsgər Məmmədlinin boğazındakı şişin xoşxassəli olduğu bildirilib


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

İyulun 8-də “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədlidən götürülmüş analizin nəticələri açıqlanıb. Biopsiyanın nəticələrinə görə, boğaz nahiyəsindəki şişin xoşxassəli olduğu müəyyən edilib. Ancaq ailəsi analizin nəticələrinin etibarlılığına şübhəylə yanaşır.

Bu haqda Turan-a Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib. Onun dediyinə görə, iyulun 8-də təcridxanadan zəng edən qardaşı keçən həftəsonu biopsiyanın nəticəsinin açıqlandığını deyib: "Görüntünün kistik degenerativ xoşxassəli follikular düyün ilə uyğun gəldiyi bildirilib. Şişin xoşxassəli olması sevindirici xəbər olsa da, buna şübhəli yanaşmağımıza ciddi əsaslar var”.

N.Məmmədli qardaşının həbsindən 1 saat öncə özəl klinikada ultrasəs müayinəsi olunduğunu xatırladıb. O zaman onda qalxanvari vəzinin boyun hissəsində, sol payda 23 millimetr ölçüdə 50-75 faiz xərçəng ehtimalı ola şiş aşkarlanıb: "Eləcə də qandan götürülən digər analizlərin cavabları da şişin təhlükəli xarakterli olması ehtimalından xəbər verirdi. Cərrah endokrinoloq biopsiya ilə yanaşı 10 tibbi komponent üzrə qan analizinin vacibliyini tövsiyə etmişdi. Ancaq təhlükəsizilik qüvvələri Ələsgərdən biopsiya götürülən zaman digər analizlərin götürülməsinə imkan verməyiblər. Beləliklə, biopsiyanın cavabları Ələsgəri və ailə üzvlərini qane etmir”.

Nəsimi Məmmədli deyib ki, qardaşı hazırda boğulmadan əziyyət çəkir. Belə ki, boğazdakı düyünün ölçüsü böyükdür. O, biopsiyanın nəticəsini etibarlı saymadıqlarını vurğulayıb.

Nəsimi Məmmədli deyib ki, telefon danışığı zamanı Ələsgərin səsi yenə də zəif və yorğun gəlib: “Boğazındakı şiş onun yatmasına əngəl yaradır və yuxusuzluqdan əziyyət çəkir. İsti hava, qapalı şərait, boğulma halı və davamlı baş ağrısı onun səhhətində getdikcə ağır fəsadlar yaradır”.

Xətai Rayon Məhkəməsinin qərarı ilə iyunun 22-də Ələsgər Məmmədlinin özəl klinikaya biopsiya götürülməsi üçün gətirilərkən pis rəftara məruz qaldığı bildirilib.

Xatırlatma

Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. O, ittihamı qurama sayır.

Ötən ilin noyabrından Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

XS
SM
MD
LG