Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:43

Alim və xanımı məhkəmədə: 'Akademiyada yeyintilər haqda şikayətlərimizə görə...'


Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki əməkdaşı Qarabağ ərazisində tədqiqat üçün ayrılmış vəsaitlərin yeyintisində ittiham olunur. Onlar AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi olmuş tarixçi alim Səbuhi Hüseynov və onun həyat yoldaşı, institutun kadrlar şöbəsinin keçmiş müdiri Gülüstan İsayevadır. Fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində onların mühakiməsi başlayıb.

Cinayət işinin materiallarında 92 min manatın mənimsənilməsindən söhbət gedir. 41-yaşlı Hüseynov və 36-yaşlı İsayevaya qarşı CM-nin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İddia olunur ki, İsayeva kadrlar şöbəsinin müdiri kimi, vəsaitin mənimsənilməsi prosesində sənədləşmə işlərində həyat yoldaşına yardım edib.

Şərləndiklərini deyirlər

Hazırda təqsirləndirilən şəxslərin heç biri Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləmir. Bunu onlar özləri fevralın 22-də məhkəmədə bildiriblər. Hüseynov deyir ki, hazırda Milli Elmlər Akademiyasının Tarix İnstitutunda çalışır.

Onlar özlərini təqsirli bilmir, şər-böhtana məruz qaldıqlarını deyirlər. İddia edirlər ki, çalışdıqları institutda korrupsiya, özbaşınalıqlar haqda Elmlər Akademiyasının rəhbərliyinə və başqa qurumlara yazdıqları şikayət məktublarına görə onların özlərini şərləyiblər. Bunu onların vəkili də dilə gətirib və cinayət işinin istintaqa geri qaytarılması haqda vəsatət qaldırıb.

Vəkil Abusəməd Səmədov deyir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu cinayət işini obyektiv araşdırmayıb. Müdafiəçinin sözlərinə görə, verilən ittihamlar fərziyə və ehtimallara əsaslanır, heç bir mötəbər sübut-dəlil yoxdur.

"Bu adamlar institutda baş alıb gedən korrupsiyaya, özbaşınalığa qarşı çıxıblar. Çünki bunun nəticəsində institut idarəolunmaz hala gəlib. Şikayət yazıb, xaosun dayandırılmasını istəyiblər. Nəticədə institutda komissiya yoxlama aparıb. Şikayətdə göstərilənlər də təsdiqini tapıb", – vəkil bildirib.

Ekspedisiyada iştirak etmədiyi halda, pul köçürülüb

Müdafiəçinin sözlərinə görə, yoxlama zamanı özəlliklə ekspedisiya ilə bağlı çoxsaylı korrupsiya halları üzə çıxıb. Məsələn, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji xidmət şöbəsinin müdiri Qoşqar Qoşqarlı ekspedisiyada iştirak etmədiyi halda, buna görə ona pul köçürülməsi müəyyənləşdirilib: "Eləcə də başqa şəxslərlə bağlı çoxsaylı eyni hallar ortada çıxıb. Gülüstan İsayeva və Səbuhi Hüseynovla bağlı heç bir pozuntu üzə çıxmadığı halda, institut rəhbərliyi qisas almaq üçün bu adamlar haqqında prokurorluğa məktub göndərib ki, onlardan şübhələnirik. Çünki yoxlama onların şikayəti əsasında başlayıb...".

Cinayət işinin istintaqa qaytarılması ilə bağlı vəsatət martın 1-də keçiriləcək növbəti məhkəmə iclasına saxlanılıb.

İsayeva və Hüseynov hazırda həbsdə deyil. Onların ittiham olunduğu CM-nin 179.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG