Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:40

Əcaib siyasət: Avropa Şurası, futbol və kürü diplomatiyası


FIFA (arxiv fotosu)
FIFA (arxiv fotosu)

Avropa Sabitlik Təşəbbüsünün (ESI) rəhbəri Gerald Knaus yeni məqaləsində Avropa Şurası və Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) arasında paralellər aparır, kürü diplomatiyası kimi halların baş verməməsi üçün konkret təkliflər irəli sürür.

Knaus yazır ki, 2014-cü ildə ingilis komediyaçısı və siyasi şərhçisi John Oliver özünün "komik əcaib təşkilat" adlandırdığı FIFA-dan danışıb. O, bir ekspertdən belə bir sitat gətirib: "Rüşvət və FIFA bir-birinə araxis yağı və jele kimi yaraşır". G.Knaus yazır ki, FIFA-nın korrupsiyadan başqa izahı olmayan qərarlarının sayı həddindən çoxdur.

2015-ci ildə Oliver mövzuya qayıdaraq bildirib ki, "FIFA, az qala, korrupsiyanın lüğətdəki mənası olmasına baxmayaraq, on illərlə ciddi məsuliyyətdən yayına bilib".

Buna da bax:​ Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması istənilir

2015-ci ilin mayında ilk həbslərin başlaması ən ali futbol qurumunu titrətdi.

AVROPA ŞURASI VƏ FUTBOL

Həmin vaxt FIFA ilə təkcə komediyaçı John Oliver və ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB, ingiliscə qısa adı – FBI) maraqlanmırdı. Avropanın əsas insan hüquqları institutu olan Avropa Şurası da bu qurumda baş verənləri yaxından izləyirdi. Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərini seçən və İşgəncələrə qarşı Avropa Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyasının qarantı sayılan bu mötəbər qurum niyə birdən-birə futbolla maraqlanıb?

Winston Churchill-in ideyası əsasında yaradılmış Avropa Şurası özünü Avropada "demokratiya, qanunun aliliyi və insan haqlarını qoruyan əsas institut" kimi görür. O, həm də Avropada korrupsiya ilə mübarizənin önündə gedir. Avropa Şurası 1999-cu ildə GRECO-nu – "Korrupsiyaya Qarşı Dövlətlər Qrupu"nu yaradıb. Onun vəzifəsi "digər beynəlxalq qurumları məsuliyyətə cəlb etməkdir". Avropa Şurası Parlament Assambleyasının (AŞPA) xüsusi antikorrupsiya platformasında deyilir ki, "Korrupsiya oğurluqdur".

Buna da bax: Avropa Parlamenti rəhbərliyindəki dəyişikliyə Bakıda niyə sevinirlər?

2015-ci ilin aprelində AŞPA "Futbol idarəçiliyində islahatlar" adlı qətnamə qəbul edib. Qətnamədə deyilir ki, hər hansı şəxsi maraqlardan doğan qanunsuz hərəkətlərin qarşısının alınmasından ötrü FIFA-nın ciddi nəzarətə ehtiyacı var.

AŞPA-nın MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNACAQ

Artıq 2014-cü ilin sonunda AŞPA məruzəçisi "FIFA İcraiyyə Komitəsi üzvünün Afrika futbolunda fəaliyyət göstərən çox sayda yüksək səviyyəli nümayəndələrə iri məbləğdə pul payladığını sübut edən dəlillər gördüyünü" demişdi. Onun verdiyi sərt bəyanatda FIFA Etika Komitəsinin korrupsiya ittihamlarına qeyri-adekvat cavab verdiyi deyilirdi.

Bəs görəsən, AŞPA üzvləri assambleyanın bir üzvünün digərinə böyük məbləğdə pul verdiyini öyrənsə, buna necə reaksiya verməlidir? AŞPA-nın gələn həftə Strasburqda başlanacaq qış sessiyasında məclisin 47 ölkədən olan üzvləri bu məsələni götür-qoy etməlidir.

AŞPA ciddi insan hüquqları məsələlərinə dair səsvermələrdə səslərin illərlə manipulyasiya olunmasıyla bağlı qalmaqaldan lərzəyə gəlib.

Buna da bax:​ Deputat: 'Bu, Azərbaycana ləkə gətirməkdir'

Belə ki, Avropa Təhlükəsizlik Təşəbbüsü Milad bayramından öncə xüsusi hesabat dərc edib.

PULLAR ŞİRKƏTLƏRDƏN GƏLİB

2012-ci ilin aprelində italiyalı deputat Luca Volonte-nin AŞPA-nın azərbaycanlı üzvü Elxan Süleymanovla görüşmək üçün Bakıya özəl səfər etdiyi bəllidir. Həmin ilin dekabrında Luca Volonte-nin bank hesablarına 320 min avro köçürülüb. Pullar Birmingem və Marşall adalarında qeydiyyatdan keçmiş iki şirkətdən gəlib. Bir AŞPA üzvünün digərinə pul verməsini gizlətmək üçün belə bir mürəkkəb yol seçilib.

2012-ci ilin sonu - 2013-cü ilin əvvəlində Volonte AŞPA-da Azərbaycandakı siyasi məhbuslara dair qətnaməyə müqavimət göstərməkdən ötrü koalisiya qurmağa yardım edib. Bundan sonra Volonte assambleyada ən böyük siyasi partiya qrupunun – EPP-nin rəhbəri olub. 125 deputat qətnamənin əleyhinə, cəmi 79-u isə lehinə səs verib. Növbəti iki il ərzində Volonte Azərbaycandan 2 milyon avrodan çox pul alıb. Bu arada Azərbaycanda insanların siyasi səbəblərlə həbsi davam edirdi.

2016-cı ilin noyabrında Luca Volonte bir İtaliya sənədli filmində bu pulları aldığını etiraf edib. Ancaq AŞPA-nın bu işi araşdırmaq üçün mexanizmləri yoxdur.

Buna da bax: Nazirlik sözçüsü: 'Luca Volonte adda adam bizə məsləhət verməyib'

Bu həftə Azərbaycanın aparıcı insan hüquqları fəalları və keçmiş siyasi məhbuslar, bir çox mükafatlara layiq görülmüş araşdırmaçı jurnalist Xədicə İsmayil və hüquqşünas İntiqam Əliyev AŞPA-nın bütün üzvlərinə müraciət edərək onları dərhal tədbir görməyə çağırıblar.

"Biz AŞPA-nı Panavropa insan hüquqları təşkilatı daxilində korrupsiya sui-istifadə hallarına son qoymağa, Azərbaycandakı hüquq pozuntularına qarşı güclü və birləşmiş mövqe sərgiləməyə çağırırıq", – sənəddə deyilir.

“AŞPA BƏYANAT VERSİN”

Müəllifin fikrincə, gələn həftə başlayacaq sessiya zamanı AŞPA üzvləri güclü ictimai bəyanat verərək Avropa Şurasında korrupsiyaya yer olmadığını, Luca Volonte-nin başqa bir AŞPA üzvündən pul aldığına dair etirafının narahatlıq doğurduğunu bəyan etməlidirlər. Bunun ardınca isə siyasi məhbuslara dair 2013-cü ilin yanvarında AŞPA-da keçirilmiş səsvermə ətrafında baş verənlərlə bağlı müstəqil araşdırma aparılmalıdır.

G.Knaus yazır ki, bu da kifayət deyil. Onun sözlərinə görə, AŞPA üzvləri üçün davranış kodeksi mövcud olsa da, bu sənədin təsir gücü azdır.

Buna da bax:​ "Kürü Diplomatiyası: Nə qədər almısız?"

Kimsə qaydanı pozarsa, nə baş verər? Cavab dəhşətlidir: assambleyanın prezidenti başqa cür qərar vermədiyi halda, heç nə. Prezidentin verə biləcəyi mümkün qərarlarsa "danışmaq, yaxud çıxışçılar siyahısına düşmək hüququndan müvəqqəti məhrum etmə" və "düzəlişə, ...yaxud yazılı bəyanata imza atmaq hüququndan məhrum etmə" kimi mənasız şeylərlə məhdudlaşır", – müəllif vurğulayır.

İNSAN HÜQUQLARININ FİFA-SI?

Avropa Sabitlik Təşəbbüsünün rəhbəri yazır ki, bu gün AŞPA FIFA-dan da betər antikorrupsiya sisteminə malikdir.

"Korrupsiyadan narahat olan AŞPA üzvləri müstəqil şura qarşısında cavabdeh olan daimi, tərəfsiz Avropa Şurası Etika Ofisinin yaradılmasına çalışmalıdırlar. Onun Davranış kodeksinin pozulması ilə bağlı narahatlıqlara səbəb olan yerdə araşdırma aparmaq səlahiyyəti olmalıdır.

Avropa Şurası insan hüquqlarının FIFA-sı olaraq qalmamalıdır.

Buna da bax: Qürur mənbəyinə hesablanmış stadionda korrupsiya mənbəyi

Avropa Şurası – parlamentarlar, peşəkar heyət, üzv dövlətləri təmsil edən səfirlər partiyalararası alyansda təşkilatlanmalıdırlar. Bu, qeyri-əxlaqi davranışa işıq salan günəş şəfəqi koalisiyası olmalıdır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın Kremllə münasibətləri mövzusundan həyəcanlanan Avropa mediası gözlərini əsas Avropa institutlarının zəbtinə qarşı müdafiə mexanizmlərinin olmamasına yönəltməlidir.

John Oliver-ə gəlincə, o, özünün korrupsiya və beynəlxalq təşkilatlar seriyasında yeni seqmenti nəzərdən keçirməli, komandasını Strasburqa göndərərək, əcaib Kürü Diplomatiyası praktikasını beynəlxalq auditoriyanın diqqətinə çatdırmalıdır. Dəyişikliyin Strasburqa gəlməsinin əsl vaxtıdır", – deyə Avropa Sabitlik Təşəbbüsünün təsisçi rəhbəri Gerald Knaus yazır.

XS
SM
MD
LG