Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:50

Yeni sanksiyalar ola bilərmi?


Prezident İlham Əliyev Daxili Qoşunların "N" saylı hərbi hissəsinin açılışında. 2020
Prezident İlham Əliyev Daxili Qoşunların "N" saylı hərbi hissəsinin açılışında. 2020

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti dekabrın 9-u, Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə və İnsan Hüquqları günləri ərəfəsində sanksiyaya məruz qalan fərdlərin siyahısını dərc edib. Siyahıya Azərbaycandan ilk dəfə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi polkovnik Kərim Əlimərdanov da daxil edilib. Əlimərdanovun sanksiya siyahısına onun 2015 və 2016-cı illərdə insan hüquqlarını kobud şəkildə pozması, məhbuslara işgəncə verilməsində iştirakına görə salındığı bildirilir.

Hələlik, olaya sözügedən şəxs və DİN-dən münasibət almaq mümkün olmayıb. Amma nazirlikdən, bir qayda olaraq, işgəncə şikayətləri yalanlanır.

Üstəlik, son günlər ictimai fəallardan Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Müxalif qüvvələrdən də yeni-yeni məhkəməyə çəkilənlər var. Halbuki, hakimiyyətlə dialoqa gedən müxalif partiya təmsilçiləri ölkədə son illər siyasi mülayimləşmənin müşahidə olunduğunu qeyd edirdilər.

E.Nəsirov
E.Nəsirov

"Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs edilmir"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Elman Nəsirov "Turan"a bildirib ki, bu məsələlər arasında hər hansı xüsusi əlaqə axtarmaq üçün əsas yoxdur: "Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs edilmir. Sadəcə burada məsələ ondan ibarətdir ki, konkret cinayət yolunu tutan, konkret cinayət əməlinə imza atan şəxslər bir çox hallarda özünü maskalamaq və məsuliyyətdən yayınmaq üçün siyasi motivli bəyanatlar verirlər".

Deputatın sözlərinə görə, belə şəxslər həbs ərəfəsi siyasi bəyanatların çəkisini artırırlar, ritorikanı gücləndirirlər: "Məqsədi qeyri-qanuni hərəkətə görə məsuliyyətdən yayınsın və desin ki, onu siyasi baxışlarına görə həbs ediblər".

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq və daha bir neçə hüquq müdafiə təşkilatına görə isə, ölkədə 100-dən çox siyasi məhbus var.

"Məqsəd... hamını müharibə köklənmək idi"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, 2020-ci ildə 44 günlük müharibədən öncə hökumət insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı mülayim addımlar atmağa başlamışdı: "Mesajlar verilirdi ki, bu problemlər köhnə komandanın yaratdığı problemlərdir və yeni komanda onları aradan qaldıracaq. Müəyyən addımlar da atıldı, amma, təəssüf ki, bunlar həm yetərli olmadı, həm də, görünür, imitasiya xarakteri daşıyırmış. Məqsəd isə müharibə dövründə cəmiyyətdə olan narazılığı aradan qaldırmaq və hamını müharibə köklənmək idi".

B.Süleymanlı
B.Süleymanlı

Hüquq müdafiəçisinin fikrincə, müharibə bitdikdən sonra yenidən təzyiqlər, həbslər başladı: "Bu problemlər getdikcə artmaqdadır".

"Davam edə bilər"

Sanksiyalar məsələsinə gəlincə, B.Süleymanlı qeyd edib ki, bu gözlənilən idi: "ABŞ-da "Maqnitski aktı" qəbul olundu. Sonra Rusiyada, başqa ölkələrdə işgəncələrlə bağlı adları hallanan şəxslər siyahıya salındı və onlara sanksiyalar tətbiq olundu. Azərbaycanda da o proses gedirdi . İşgəncə görən şəxslərlə bağlı həm Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlar öyrənilirdi, həm də beynəlxalq təşkilatlar tərəfindən fəallara işgəncə verən şəxslərlə bağlı məlumatlar toplanılırdı".

Onun sözlərinə görə, Azərbaycanla bağlı bu, davam edə bilər: "Çünki yenidən biz təzyiqlərin, təqiblərin və işgəncə hallarının çoxalmasının şahidi oluruq".

XS
SM
MD
LG