Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:55

Azərbaycanda keçiriləcək COP29 maliyyəyə fokuslanacaq


Bakıda neft buruğu arxasında Su İdmanı Sarayı görünür.
Bakıda neft buruğu arxasında Su İdmanı Sarayı görünür.

"The Guardian" qəzeti yazır ki, neft qoxuyan, neftayırma zavodlarının məşəllərinin hər yerdən göründüyü, rəngli mancanaq dəzgahlarının göz önünə sərildiyi Bakı BMT-nin noyabrda Olimpiya stadionunda keçiriləcək 29-cu iqlim konfransı üçün maraqlı məkandır.

İki həftə sürəcək COP iqlim sammitinə sədrlik edəcək ekologiya naziri Muxtar Babayev Azərbaycanı dünyanın kəsişmə nöqtəsi adlandırır. O deyir ki, Azərbaycan zəngin qlobal şimal ilə yoxsul qlobal cənub, şərqlə qərb, eləcə də neft-qaz çıxaran ölkələr ilə tükədici ölkələr arasında körpü ola bilər.

Azərbaycan 1840-cı illərdə dünyanın ilk neft quyularının qazıldığı yerdir. ABŞ-da ilk neft quyuları yalnız 1859-cu ildə Pensilvaniyada qazılmışdı. Azərbaycanda dünyanın qazıntı yanacaqlarından ən asılı iqtisadiyyatlardan biri var: neft və qaz ölkə ixracatının 90 faizi qədərdir və dövlət büdcəsinin 60 faizini formalaşdırır.

Neft pul gətirir

"Neft və nisbətən yeni dövrdə qaz 1990-cı illərin sonlarından bəri Azərbaycanda yaşayış standartlarının heyrətamiz yüksəlişinin səbəbidir", - Beynəlxalq Enerji Agentliyi belə deyir.

Ancaq ölkə yenilənəbilən enerjiyə keçməkdədir. Külək və günəş enerjisi sahələrinin genişləndirilməsi, bu aşağı karbonlu enerjinin Şərqi Avropaya, Qara dənizin dibi ilə Bolqarıstan, Macarıstan və Rumıniyaya daşınması üçün interkonnektorun quraşdırılması planlaşdırılır.

"Azərbaycan öz təcrübəsini paylaşmaq istəyir. Biz bütün ölkələri, özəlliklə qazıntı mənşəli yanacaq istehsalçılarını bu prosesdə birlikdə olmağa dəvət etmək istəyirik. Çünki öz məsuliyyətimizi anlayırıq. Birlikdə daha çox iş görə biləcəyimizə inanırıq", - M.Babayevin Bakıda verdiyi müsahibəsindəki sözlərdir.

Muxtar Babayev
Muxtar Babayev

Dekabrda Dubayda keçirilən COP28 sammitində ölkələr qazıntı mənşəli yanacaqlardan uzaqlaşmaq barədə razılığa gəlib. Bakı konfransında isə fokus digər mühüm məsələyə-maliyyəyə yönəldiləcək. İstixana qazlarının azaldılması, dünyadakı mövcud infrastrukturun ekstremal hava şərtlərinə uyğunlaşdırılması, qlobal temperaturların sənaye çağından öncəki temperaturları 1.5ºC-dən çox keçməməsini təmin etmək – bunların hamısı nəhəng investisiya istəyir.

"İki şeyə ehtiyac var"

İqtisadçılar Lord Stern və Vera Sonqvenin hazırladığı hesabatda deyilir ki, 2030-cu ilədək, Çin istisna, gəlişən ölkələrin sözügedən dəyişiklikləri təmin edə bilməsindən ötrü hər il 2.4 trilyon dollar tələb olunacaq.

"Biz maliyyənin əlçatanlığını təmin etmək istəyirik. İnkişaf etmiş dünyanın donorları inkişaf etməkdə olan ölkələrin də mövqeyini çox diqqətlə dinləməlidirlər", - Babayev belə deyir.

COP29-un əsas məqsədi bu cür maliyyə üçün "rəqəmlə ifadə edilmiş yeni kollektiv məqsəd" ortaya qoymaqdır. "Power Shift Africa" beyin mərkəzinin direktoru Məhəmməd Adounun fikrincə, pul yaşanabilən iqlim uğrunda mübarizədə dəyişiklik yarada bilər: "İqlim böhranının öhdəsindən gəlmək üçün iki şeyə ehtiyac var: siyasi iradəyə və maliyyə yatırımlarına. Qlobal cənubun çox hissəsində siyasi iradə var, çatışmayan investisiyadır".

Qazaxıstanın kəndində Günəş elektrik stansiyası
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

Azərbaycan ilə BMT-nin problemi ondan ibarətdir ki, COP29 maliyyə razılaşmasının əldə olunmasına cavabdeh olsa da, güc rıçaqları başqa yerdədir. Dünya Bankı dünyada ən böyük inkişaf maliyyəsi qurumudur, ancaq bir çox yoxsul ölkənin gözündə bu bankın son illər iqlim məsələlərini maliyyələşdirməkdə elə bir uğuru olmayıb.

Barbadosun baş naziri Mia Mottlinin başçılığı ilə gəlişməkdə olan ölkələr Dünya Bankını islahat aparmağa, donor kimi daha çevik davranmağa, gəlişməkdə olan ölkələrdəki özəl sektora aşağı faizlərlə kreditlər ayıra bilmələri üçün pul verməyə başlamağa çağırıb.

Bəs iqlim maliyyəsinin başlıca qaynaqları kimlər olmalıdır? Gəlişən - inkişaf etməkdə olan ölkələrin tərifi 1992-ci ildən bəri dəyişməyib. Ancaq o zamandan bəri bir çox gəlişən ölkənin iqtisadiyyatında həm gəlir, həm də karbon emissiyaları baxımından sürətli artım baş verib. Karbon sazişi bu gün yazılsaydı, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Cənubi Koreya və sərvəti neft hesabına əldə edilən, adambaşına düşən gəliri yüksək olan digər ölkələri Çad, Burkina-Faso və Banqladeş ilə eyni sırada təsnif etmək anlamsız olardı.

Vopke Hukstra
Vopke Hukstra

"Əlimizdən gələni edirik"

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra donor ölkələrin hovuzunun genişləndirilməli olduğuna əmindir. "Biz artıq "inkişaf etmiş" və "inkişaf etməkdə olan" məntiqi arxasında gizlənə bilmərik. Biz məsuliyyət paradiqmasına keçməliyik", - onun sözləridir.

O, misal kimi Körfəz dövlətlərinin, Sinqapur və Çinin adlarını çəkib. "Bolluq və sərvət ilə birlikdə məsuliyyət də gəlir. Biz pul verə bilənlərin gerçəkdən pul verdiyi duruma keçməliyik", - yenə həmin komissarın sözləridir.

Bu il dünya əhalisinin yarıdan çoxu seçkilərə gedir (bəziləri artıq gedib, bəziləri gedəcək). Avropa İttifaqında iyunda keçiriləcək parlament seçkilərində sağçı qrupların qələbəsi yaşıl siyasəti geri ata bilər. ABŞ-da isə Donald Trampın yenidən hakimiyyətə gəlmə ehtimalı var. Bunun baş verməsi iqlim fəaliyyətinə daha böyük təhdiddir: Tramp öz hakimiyyəti dövründə artıq ABŞ-nin Paris sazişini tərk etməsi prosesinə başlamışdı.

COP-un uğurla keçirilməsi və ciddi iqlim maliyyəsi məsələlərinin gəlişməkdə olan ölkələrə trilyonlarla dollar gətirəcək şəkildə həlli Azərbaycan üçün nəhəng uğur olardı. Di gəl, hələlik, yatırımların haradan gələcəyi, necə cəlb ediləcəyinə dair razılıqlar çox azdır. Üstəlik, dartışılan məbləğlər gərəkəndən çox kiçikdir.

Ancaq, əlbəttə, COP29-da önəmli irəliləyişin əldə edilməsi mümkündür. Bu irəliləyiş inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının tanındığı qlobal maliyyə sazişi də ola bilər.

"Gəlin etiraf edək, biz COP ilə əlimizdən gələni edirik. Ancaq bu, həmişə yetərsizdir. Nəticələr heç vaxt ideal olmasa da, əlimizdən gələni edirik", - BMT-nin keçmiş insan haqları üzrə ali komissarı Meri Robinsonun sözləridir.

XS
SM
MD
LG