Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:44

Azərbaycanın "başından düşən" dəfnə çələngi...


Dəfnə (Astara)
Dəfnə (Astara)

►Məhv olmuş istehsalı "diriltmək" olarmı?

Qədim Yunanıstanda qaliblərin başına dəfnə yarpağından cələng qoyardılar.

Amma bəlkə də çoxları bilmir, bu yarpaq həm də müalicə əhəmiyyətlidir.

Ədviyyat, kosmetika, konserv, mebel sənayesində də istifadə olunur.

İqtisadçılar deyir ki, bu məhsul yaxşı gəlir gətirir. Sovet dövründə Astarada və Lənkəranda tonlarla dəfnə yarpağı yığılardı.

Ölkədə yeganə dəfnə qablaşdırma sexi Astaranın Kijabə qəsəbəsində olub.

Bu sexin indi izi-tozu qalmayıb. Bir necə il bundan əvvəl yerli mağazalarda Rusiyada qablaşdırılmış 100 qramlıq dəfnə yarpağı paketi 40 qəpiyə satılardı. Yerli sakinlərin dediklərinə görə, qurudulmuş dəfnə yarpağı Azərbaycandan Rusiyaya aparılırdı.

Rayon sakini Natiq Əbilov deyir ki, şəxsi təsərrüfatdan 300-400 kiloqramdan çox dəfnə yarpağı tədarük edə bilər. O narazılıq edir ki, yaxşı qazanc gətirən bu sahəyə diqqət verən yoxdur.

“Son illərə kimi yaşıl yarpağın 1 kilosunu 1 manata yığırdılar. Ailə büdcəsinə xeyli vəsait gəlirdi. Demək olar ki, əksər fərdi təsərrüfatda dəfnə ağacı var. Yarpaq tədarük edilsə təsərrüfatlarda ağacların sayı artar. Xüsusi xidmət də istəmir. Kəsirsən yenə pöhrə verir. Möhkəm ağacdır, gəlirli sahədir. Təəssüf ki, bununla maraqlanan yoxdur.”

Sovet dövründə təkcə Astara rayonunun Kijabə qəsəbəsində 200 hektardan çox dəfnə bağı olub. Burada yerləşən sovxoza ildə 1 milyon manatdan çox gəlir gətirirmiş. Kijabə qəsəbə sakini , əməkdar çayçı, aqronom Nəsrəddin Teymurov da bu yarpağın xeyrindən danışır:

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“1 kilo dəfnə yarpağını 10 manata satırdıq, 200 ton dəfnə verirdik. Hesabla nə qədərdir bunun pulu? Xaricə satırdıq kilosunu 40 dollara. İngiltərəyə gedərdi. O vaxtı SSRİ-nin 40-a yaxın yaşayış məntəqəsinə hazır paketlənmiş dəfnə yarpağı göndərilərdi. Qabaqcadan müqavilə bağlanardı.”

Aqronomun sözlərinə görə, məhsulu xaricə satışa da çıxartmaq olar. Bu təcrübə var:

Dəfnə (Astara)
Dəfnə (Astara)

Nəsrəddin Teymurov çoxillik bitki bağlarının pay torpağı kimi paylanmasını səhv adım hesab edir. Onun fikrincə, dağılmış çay sahələrini, sitrus, suptropik meyvə bağlarını, dəfnə plantasiyalarını tədricən bərpa etmək vacibdir:

Rayon sakini, iş adamı Fayıq Cəfərzadə ölkənin indiki vəziyyətində “yatmış” sahələrin inkişaf etdirilməsini düzgün sayır:

“Son zamanlar rayonlarda müşavirələr keçirilir. Müşavirələrə dəvət olunmuş iş adamlarından təklif istəyirlər. Biz yenə vaxt itiririk. Tək müşavirələrlə, iclaslarla kənd təsərrüfatını inkişaf etdirmək olmaz. Kəndlidə pul haradandır ki, istehsalı genişləndirsin. Torpağı olanların çoxu işsizdir. Çayxanalarda gün keçirirlər".

Kijabə qəsəbəsi və ətraf kəndlərin bəzi evlərinin qapısında sallanmış dəfnə budaqlarına hələ də rast gəlmək olur. Yerli sakinlər ümid edirlər ki, gün gələcək, dəfnənin "bəxti açılacaq." Amma bu hələ ki, bir arzudur...

____________________________________________________________

Bunlara da bax:
XS
SM
MD
LG