Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:51

MN: 'Ermənistan Kəlbəcər istiqamətində təxribat törədib'


Yol işləri aparan traktor atəşə tutulub.
Yol işləri aparan traktor atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribat törədib.

Nazirliyin açıqlamasına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq öz mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutub: "Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla, müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb. Bundan əlavə, bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan iki ədəd "KamAZ" markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub. Texnikaya zərər dəysə də, şəxsi heyət arasında xəsarət alan olmayıb".

Bu açıqlamaya, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Son günlər istər Azərbaycan-Ermənistan sərhədindən və istərsə də Dağlıq Qarabağdan atəşkəsin pozulmasına dair çoxsaylı məlumatlar gəlir. Hətta ölən və yaralananların da olduğu açıqlanıb. Tərəflər atəşkəs pozulmasına görə, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə yaranıb, Azərbaycan və Ermənistan arasında gərginlik, daha sonra da müharibə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG