Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:41

Nazirlər gələn həftə ABŞ-da görüşür


Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri gələn həftə Vaşinqtonda görüşəcəklər. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bu gün, iyunun 22-də hökumətin iclasında bildirib.

Paşinyan Ermənistanın Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsini təklif etdiyini və belə bir görüş ilə bağlı prinsipial razılığın da olduğunu bildirib: "Ermənistan tərəflərin suverenliyi, yurisdiksiyası, qarşılıqlılığı prinsipləri əsasında regionun nəqliyyat və iqtisadi yollarını mümkün qədər tez bir zamanda açmağa hazırdır".

Bundan öncə, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında müzakirələrin növbəti raundu iyunun 12-də Vaşinqtonda planlaşdırılmışdı. Lakin sonradan qeyri-müəyyən müddətə təxirə salındı. Vaşinqtonda nazirlərin əvvəlki danışıqları mayın 1-4-də baş tutub.

ABŞ birbaşa danışıqlarda israr edir

İyunun 21-də ABŞ Dövlət Departamenti də yaxın vaxtlarda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının yeni raundunun keçiriləcəyini açıqlayıb.

"Biz Vaşinqtonda danışıqların yeni raundunu səbirsizliklə gözləyirik, çünki tərəflər Cənubi Qafqazın sülhsevər gələcəyi üçün səylərini davam etdirirlər. Hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və sülhə nail olmaq üçün açardır", - Dövlət Departamentinin sözçünün müavini Vedant Patel brifinq zamanı bildirib.

Moskvanın Ermənistan-Azərbaycan məsələsində iştirakına toxunan Patel sonra da deyib: "Əgər Rusiya konstruktiv rol oynamaq mövqeyindən çıxış edirsə, təbii ki, bununla məşğul ola bilər. Hesab edirik ki, danışıqlar prosesi davam edir və dövlət katibi Entoni Blinkenin şəxsən qatıldığı bu prosesdə ABŞ mühüm tərəfdaşdır".

Azərbaycan tərəfi nazirlərin qarşıdakı görüşü ilə bağlı Paşinyan və Patelin bəyanatlarını, hələlik, şərh etməyib.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG