Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:00

'Azərişıq': 169 milyonluq dövlət sifarişləri yerinə yetirmiş ev [araşdırma]


Bülbülə qəsəbəsi. Aqşin Əhmədovun evi.
Bülbülə qəsəbəsi. Aqşin Əhmədovun evi.

Bülbülədə yerləşən bu ev, qonşuların dediyinə görə, Aqşin Əhmədovun mənzilidir. Qonşuları dəqiq nə işlə məşğul olduğunu bilmir. Bircə onu bilirlər ki, iş adamıdır. Amma mənzil çox da sadə görünməsin. Əldə etdiyimiz mötəbər sənədlər Bülbülə qəsəbəsindəki bu ünvanın 2016-cı ilin əvvəlindən bəri 169 milyonluq dövlət sifarişlərini yerinə yetirmiş şirkətlərə ev sahibliyi etdiyini deməyə əsas verir.

«Azərişıq» ASC-nin son vaxtlar fəal tərəfdaşı olan bir çox şirkətin hüquqi ünvanı Bülbülə qəsəbəsində yerləşir. Bu ünvana bu və ya digər şəkildə bağlı olan «Verdict Service Company» MMC, «Azconstruction» MMC və «Gatdigital» MMC şirkətləri 2016-cı ildə və bu il «Azərişıq»la ilə ümumi dəyəri 169 milyon manata çatan 19 satınalma müqaviləsi bağlayıblar.

Buna da bax:​ 'Süleyman Rüstəm, 9' ilə Bermud üçbucağının nə əlaqəsi var?

Ölkədə qurulmaqda olan çoxsaylı, sahibi bilinməyən aqroparklardan ikisində elektrik təchizatı işlərinin yerinə yetirilməsi üçün tenderi udan şirkətin tikinti ilə məşğul olmaqdan ötrü lisenziyası yox imiş. «Azərişiq» ASC-nin tender komissiyası qalibi müəyyən edərkən əsas şərtlər toplusunda göstərilən digər vacib tələbə - şirkətin bu sahədə uğurlu təcrübəsinin olması məsələsinə də əhəmiyyət verməyib. Amma bütün bunlar «Verdict Service Company» MMC-nin digər adları açıqlanmayan rəqiblərini arxada qoyaraq, dəyəri 34 milyon manatdan yuxarı müqaviləni bağlamağa mane olmayıb.

Tender 2, yoxsa 3 aqropark üçün təşkil olunmuşdu?

Əslində bu ilin əvvəlində elan edilən tender iki rayonda - Hacıqabulda və Şamaxıda yaradılan aqroparkların elektrik təchizatı işlərinin görülməsi üzrə elan edilmişdi.

Buna da bax: 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

«Respublika» qəzeti, 1 fevral 2017-ci il
«Respublika» qəzeti, 1 fevral 2017-ci il

Nəticələr açıqlananda isə məlum oldu ki, söhbət daha bir rayonda - Goranboyda yaradılan aqroparkdan da gedirmiş. Nədənsə, tender komissiyası ikinci elanı dərc edərkən belə, işlərin həcminin və miqyasının artması haqda məlumat verməmişdi. Tenderin predmetinin dəyişdiyi yalnız onun nəticələri açıqlanandan sonra məlum oldu.

Martın ortasında baş tutan tenderin nəticələrini «Azərişıq» ASC-nin tender komissiyası iyunun 1-də elan etdi.

Buna da bax:​ Əliyevlərlə bağlı şirkətlərdə 'yunan allahları' [qısa araşdırma]

Skreen: www.azerishiq.az
Skreen: www.azerishiq.az

İki hissədən ibarət tenderdən iki şirkət qalib çıxmışdı. «Verdict-Service Company» MMC Hacıqabul və Şamaxı rayonlarında yaradılacaq aqroparkların elektrik təchizatı işləri üzrə, «Azconstruction» MMC isə Goranboy rayonunda yaradılan aqroparkda və Bakıda salınan «Ağ Şəhər»də müvafiq işlərin görülməsi üzrə qalib elan edilmişdi. Dərc olunmuş nəticələrə əsasən, «Verdict-Service Company» MMC görüləcək işlərə görə elektrik təchizatçısından 34 milyon 231 min 869 manat 32 qəpik alacaq.

Mənbə: İqtisadiyyat nazirliyi, tender.gov.az
Mənbə: İqtisadiyyat nazirliyi, tender.gov.az

Üç hissəyə bölünmüş müqavilələr üzrə «Azərişıq» ASC digər tərəfdaşına - «Azconstruction» MMC-yə 36 milyon 883,5 min manat ödəməyə boyun olub.

Buna da bax:​ Azərbaycanın 4 böyük şirkətini bağlayan "gizli tellər"- [Araşdırma]

Mənbə: İqtisadiyyat nazirliyi, tender.gov.az
Mənbə: İqtisadiyyat nazirliyi, tender.gov.az

Müqavilənin bağlanma tarixi: bir yerdə aprel, başqa yerdə iyul

«Azərişıq» ASC bu tender üzrə müqavilələrin bağlanması haqda məlumatı bir ay sonra, iyulun 5-də yayıb. Burada müəmmalı məqamlardan biri də budur ki, «Azərişıq» ASC qeyd olunan tenderin nəticələri üzrə bağlanmış müqavilələr haqqında İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vasitəsilə açıqladığı yuxarıda göstərilən məlumatda fərqli tarixlər əks olunub. Nazirliyə təqdim olunmuş sənədlərdə müqavilələrin iyul ayında deyil, aprel və may aylarında bağlandığı bildirilir. Nazirlik özünün informasiya resursunda müqavilələrin aprel və may aylarında bağlandığını bildirir.

Təcrübəsi olmasa da, qalib gəldi

Elektrik təchizatı sisteminin yaradılması üzrə tikinti işlərini yerinə yetirəcək şirkətlərin seçimi ilə bağlı keçirilən satınalma müsabiqəsində qaliblərin müəyyən olunması prosesinin pərdə arxasında şübhəli məqamlar bununla yekunlaşmır. «Azərişıq» ASC-nin iştirakçılar qarşısında qoyduğu ilkin şərtlərdə sərt tələblər vardı. Məsələn, tələb olunurdu ki, tenderə qatılmaq istəyən şirkətlər son bir il ərzində elektrik təchizatı işləri üzrə minimal orta illik dövriyyəsinin həcminin 5 milyon manatdan az olmamasını təsdiq edən sənədlər təqdim etsin. Bundan başqa, tenderdə o şirkətlər iştirakçı ola bilərdi ki, onlar son bir ildə müvəffəqiyyətlə və tam başa çatdırılmış, bu sahə üzrə ən azı 3 müqavilədə ümumi dəyəri 5 milyon manatdan artıq olmaqla baş podratçı qismində iştirak etdiyini təsdiq edə bilsin.

Buna da bax:​ AZAL prezidenti həyat yoldaşı ilə müqavilə bağlayırsa... [araşdırma]

Hüquqşünas Ramil Süleymanov deyir ki, adətən, bu, o məqsədlə edilir ki, tenderə təcrübəsiz şirkətlər girməsin. Onun sözlərinə görə, bəzən isə, təcrübədə bunun əksini görürük: tender komissiyası bu cür şərt ortaya qoymaqla ciddi şirkətləri bir növ «sıradan çıxarır».

«Azərişıq» ASC-nin tender yolu ilə şirkətlər təklif etdiyi inşaat işlərinin məsuliyyət dərəcəsi, ən azı, onların dəyəri ilə ifadə olunur. Di gəl ki, tenderin iki qalibindən biri tenderə sənədlərini təqdim edərkən, hətta qalib elan olunarkən onun heç tikinti fəaliyyətinə lisenziyası belə yox idi.

Nazirlik lisenziyanı tender bitəndən sonra verib 2010-ci ildə yaradılan «Verdict-Service Company» MMC binaların təmizlənməsi sahəsində fəaliyyət göstərir. AzadlıqRadiosu müəyyən edib ki, şirkət tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziyanı bu ilin iyun ayının 14-də alıb. Başqa sözlə, tenderə sənəd təqdim edərkən, onun elektrik enerjisi obyektlərinin tikintisi sahəsində nəinki 5 milyon manat dəyərində icra olunmuş layihələri, heç bu sahədə işləmək üçün icazəsi və təcrübəsi olmayıb.

Buna da bax: Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

Skreen: İqtisadiyyat nazirliyinin informasiya sorğusuna cavabından
Skreen: İqtisadiyyat nazirliyinin informasiya sorğusuna cavabından

Vergilər nazirliyinin məlumatlarına görə, bu ilin iyun ayının 8-də «Verdict-Service Company» MMC-nin qeydiyyatda olduğu ünvanda «Verdict Construction» MMC yaradılıb. Hər iki şirkətin rəhbəri Vaqif Rzaxanovdur.

Screen: «Vergilər» qəzeti

«Azərişıq» susur

AzadlıqRadiosu «Azərişıq» ASC-yə müraciət edib və «Verdict-Service Company» MMC-nin tenderin qalibi seçərkən hansı meyarlara əsaslandığını soruşub. Lakin qurumun mətbuat xidməti suala cavab verməkdən yayınıb. Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə iyul ayından bəri göndərilən sorğuya cavab almaq mümkün olmadı. Şirkətə gəlincə, onun hər hansı əlaqə vasitəsi yoxdur. Elə Bülbülə qəsəbəsində yerləşən və «Azərişıq» ASC ilə fəal əməkdaşlıq edən digər iki şirkətin də özünü tanıdacaq nə bir internet saytı var, nə də başqa bir əlaqə vasitəsi.

Başqaları istehsal edir, bunlar satırlar

«Azconstruction» şirkəti barədə də ictimaiyyətə elə çox informasiya bəlli deyil. Bu şirkət barədə ictimaiyyətə açıq informasiya onun «Azərişıq» ASC ilə tərəfdaşlığı barədədir. O, 2016-cı ildə elektrik enerjisi təchizatçısına 48 milyon 630 min manat dəyərində elektrik avadanlıqları, komplekt transformator məntəqələri, paylayıcı yuvalar, güc transformatorları və sayğac panelləri satıb. Şirkət bu avadanlıqların istehsalçısı deyil. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu malların istehsalçısı kimi «ATEF Şirkətlər Qrupu» MMC, «Az-Elko» MMC, «GBS» MMC-ni və «Bakı Tələbat Qabları» ASC-ni tanıyır və onlara dövlət standartına uyğunluq sertifikatları verib.

Buna da bax:​ Leyla Əliyevanın Azərbaycanda neçə investisiya şirkəti var? [araşdırma]

«Azərişıq» ASC-nin digər mal-material təchizatçısı - «Gatdigital» şirkətinin fəaliyyəti barədə geniş məlumat yoxdur. O, sosial şəbəkədə özünü reklam və marketinq sahəsində çalışan qurum kimi təqdim edir.

Hüquqşünas: «Şikayətçi yoxdursa, problem də yoxdur»

Hüquqşünaslarsa deyirlər ki, «Azərişıq» ASC-nin belə şirkətlərdə əməkdaşlığında qanuna uyğun olmayan məqamlar var. Hüquqsünaslar bu ortaq fikirdədirlər ki, enerji təchizatçısı müəyyən itdiyi ixtisas göstəricilərinə hər kəsin əməl etməsinə diqqətlə yanaşmalı idi. İnzibati Xətalar Məcəlləsinə bu ilin may ayında edilmiş əlavələrə görə, təkcə bu pozuntuya görə Tender Komissiyasının üzvləri iki min manatdan 3 min manatadək cərimə oluna bilərlər.

Hüquqşünas Adil İsmayılov «Verdict-Service Company» MMC-nin hərəkətlərində qanunsuz sahibkarlıq əlamətlərini gördüyünü deyir:

Buna da bax:​ Azərbaycandan ofşora 85 milyonu necə çıxardılar- [Araşdırma]

Adil İsmayılov
Adil İsmayılov

«İşin ayrıntılarını bilmədən dəqiq bir qənaətə gəlmək çətindir. Düzdür, ilk baxışdan tender keçirən tərəfin günahı var. Qalib elan olunan şirkətə gəlincə, işə başladığı anda lisenziyası varsa, onun fəaliyyəti qanunsuz hesab olunmayacaq. Hesab edirəm ki, bu tenderdə iştirak etmiş şirkətlərdən hansısa biri şikayət edərsə, vəziyyət dəyişərdi. Şikayətçi yoxdursa, demək, problem də yoxdur».

Hüquqşünas Ramil Süleymanov qanunvericiliyə istinadla deyir ki, dövlət satınalmalarında yol verilən pozuntulara görə məsuliyyət tenderi keçirmək və müqaviləni bağlamaq üçün təyin olunmuş şəxslərin – tender komissiyasının üzərinə düşür.

Buna da bax: Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]

Hüquqşünas Ramil Süleymanov
Hüquqşünas Ramil Süleymanov

«Ya qiymət çox aşağı olub, ya da burada korrupsiya var»

«İşi həvalə etmək üçün şirkət axtaran dövlət qurumu ixtisas uyğunluğu proseduru müəyyən edibsə, ilk növbədə iddiaçı şirkətlərin lisenziya tələb edən fəaliyyətlə məşğul olmaqdan ötrü icazəsinin olub-olmadığını yoxlamalı idi. Belə bir şirkət seçilərsə və onunla müqavilə bağlanarsa, o zaman şübhə yaranır: ya şirkət rəqiblərindən çox aşağı qiymət təklif edib, ya da bu məsələdə ciddi korrupsiya elementləri mövcuddur. Korrupsiya riski olaraq tərəflər arasında qeyri-rəsmi razılaşmalar nəzərdə tutulur. Azərbaycanda dövlətin maliyyələşdirdiyi tikinti layihələrinin icrası ilə bağlı mənşəyi etibar yaratmayan şirkətlərlə müqavilələr üzrə pulun bir hissəsinin «otkat» edilməsi (rus dilində korrupsiya məzmunlu ifadədir, mənası pulun bir hissəsini ödəyənin özünə geri qaytarmaqdır – red.) biznes çevrələrinə yaxşı məlumdur», hüquqşünas R. Süleymanov bu tipli satınalmalarda korrupsiya amilini qiymətləndirərkən belə deyib.

Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

Onun həmkarı Amil Əşrəfov satınalmalar gedişində yol verilən qanun pozuntularının bir qayda olaraq Hesablama Palatası tərəfindən aparılan yoxlamalar gedişində aşkara çıxarıldığını deyir.

Amma o da digər həmkarları kimi bu fikirdədir ki, dövlət satınalmalarında yol verilən pozuntular tender proseduru gedişində, ən geci, müqavilə bağlananadək aradan qaldırılsın.

XS
SM
MD
LG