Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:15

Çoxmərtəbəli bina qonşu evlərin divarına bitişdirilib


Bakıda tikinti
Bakıda tikinti

«Tikintidən başımıza taxta, dəmir parçaları düşür. O günlərdə 92 yaşlı dayının başına taxta parçası düşüb. Ondan əvvəlsə bir uşağın başına dəmir parçası düşmüşdü, o iş hələ də polisdədir. Evlərimizi darmadağın ediblər, dam örtüklərimizi sındırıblar, divarları dağıdıblar. Mənim evimin bir divarını tamamilə uçurtmuşdular, dava-dalaşla da bərpa etdirə bilmədim, axırda məcbur qalıb özüm təzədən divar tikdim. Hələ bu harasıdır! Bir qonşunun evini tamamilə sökdülər, o yazıq da məhkəmələrdə süründü, sağlamlığını itirdi, sinirləri pozuldu, ondan sonra gətirib pul verdilər ki, get özünə başqa yerdə ev al».

Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsindəki 11 saylı ünvanda yaşayanların günü-güzəranı yoxdur. Həmin ünvanın sakini Qurban Məmmədov «Qaynar xətt»ə danışır ki, bir şirkət 3 ildir ərazidə bina tikintisinə başlayıb. 3 ildir ki, burada yaşayanlar tikintinin məşəqqətlərini yaşayırlar. İddiaya görə, şirkət çıxarışlı evlərin sahibləri ilə razılaşdırmadan tikintisinə başladığı binanı düz evlərin divarına yapışdırıb:

***Buna da bax-168 ailə nə yerdədir, nə göydə...

«Adam Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə dair sərəncamına arxayındır. Deyir, «əlimdə sənədim var, hara gedirsiniz gedin, burda mənəm, Bağdadda kor xəlifə». Halbuki, elə əlindəki sənədin birinci bəndində qeyd olunub ki, tikinti yalnız ərazidə yaşayanları razı salandan sonra aparıla bilər. Ya kompensasiya şəklində, ya da başqa yerdə ev verməklə razılığa gəlinməlidir. Ancaq sahibkar sərəncamın bu bəndinə məhəl qoymadan işə başlayıb və bu qədər ailə 3 ildir ki, zillət içində yaşayır».

GÖYDƏN DAŞ YAĞIR

Q.Məmmədov deyir, tikinti nəticəsində evlərin divarları dağılıb, şiferdən olan dam örtükləri sınıq-sınıq olub, göydənsə adamların başına, sözün həqiqi mənasında, daş yağır. Deyir, tikili evlərinin divarlarına bitişdirilib deyə, fəhlələrin əlindən düşən daş-kəsək, dəmir parçaları başlarına, həyətlərinə tökülür.

Bu ilin martındansa vəziyyət lap çətinləşib. Səbəb də tikilməkdə olan binalardakı eyvanlardır:

***Buna da bax-Sakinlər: 'Hamı rüşvətini alıb çəkilib kənara, deyirlər, nə istəyirsən, elə...'

«Eyvanları 3 metrdən çox qabağa çəkiblər. Biz eyvanların altında qalmışıq. Təsəvvür edin ki, həyətdə kiminsə eyvanının altında oturmuş olacağıq. Eyvandan həyətlərimizə istəyəndə tüpürəcəklər, istəyəndə əllərinə keçən zibilləri atacaqlar, yəni küçəyə çıxmalı olan bizim həyətlərimizə çıxacaq. Eyvan da bir deyil, iki deyil, hər mərtəbədə eyvan var. Biz bu qədər eyvanların altında necə yaşayacağıq? Bunların məntiqi ilə, həyatımızı qorumaq üçün başımıza dəmir dəbilqə geyib yaşamalıyıq… Açıb qanunu göstərsinlər, harada belə şey yazılıb ki, binanın eyvanları vətəndaşların mülkiyyətinə çıxarılsın».

«ÖVLADLARIMIZA GÖRƏ QORXURUQ»

Köçkün N.Məmmədov da eyni dərddədir. O, yaşadığı evin divarı ilə tikilməkdə olan hündürmərtəbəli bina arasında məsafə olmamasından şikayətçidir:

«O günlərdə taxta parçası 92 yaşlı kişinin başına düşdü, adam huşunu itirdi, şirkət işçilərinin heç vecinə də olmadı. Deyirlər, «daş gəlir, qaç kənara, dəmir parçası gəlir, altında dayanma». Biz də övladlarımıza görə qorxuruq. Bunların arxası möhkəmdir, hər mərdimazarlığı edərlər. İstədiyimiz odur ki, belə yaşamaq mümkün deyil, ya ev versinlər, köçək gedək, ya da binanı aparıb evlərimizdən kənarda tiksinlər».

***Buna da bax-Şamaxı sakini: 'Torpağımı hasara ala bilmirəm, 1000 manat istəyirlər'

Nərimanov Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qeyd olunan ərazidə tikinti işlərini «IRON İnşaat» MMC həyata keçirir. Şirkət tikintini Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə aparır. Həmin sərəncama görə, şirkət tikintidə təhlükəsizliyə və tikinti qaydalarına riayət etməli, layihədən kənara çıxmamalıdır. Bundan başqa, sakinləri razı salandan sonra tikinti işlərinə başlamalıdır. Əgər tərəflər arasında razılıq yoxdursa, narazı tərəf məhkəməyə müraciət edə bilər.

«BACARIRSIZSA, GEDİN SÖKÜN»

Sakinlər Nərimanov Rayon Məhkəməsinə müraciət ediblər. Onlar məhkəmə qərarı verilənədək tikintinin dayandırılmasını tələb etsələr də, şirkət öz işindədir. İcra hakimiyyətinə gedən vətəndaşlara bildirilib ki, «tikililərin yaşayış evlərinə birləşdirilməsi və həyətlərə çıxarılan eyvanlar qanunsuzdur, bacarırsınızsa, gedin sökün». Dövlət qurumlarının tikintini dayandırmadığını görən sakinlər evlərinin və həyətlərinin üzərinədək uzadılmış, azı 3 metr uzunluğu olan eyvanların qurulmuş taxta dirəklərini dağıtmağa cəhd göstəriblər. Ərazidə yaşayan Mədinə Abbasova:

«İndi biz həyətimizdəki tualeti yarımca metr o tərəf - bu tərəfə çəksəydik, icra hakimiyyəti, az qala, zirehli texnikayadək göndərərdi, az qala, üstümüzə Daxili Qoşunların əsgərlərini göndərərdi, o tualetin artırmasını sökərdi. Ancaq nədənsə, bu boyda tikilinin sökülməsini bizim üzərimizə qoyur, özü də sözə bax, deyir, «get, bacarırsansa, sök, qoy yerə…».

«Qaynar xətt»in müxbiri «IRON» şirkəti ilə əlaqə yarada bilməyib və tikinti yerində olub. Ərazidəki fəhlələr şirkət işçilərini tanımadıqlarını deyiblər. Ərazidə şirkət təmsilçiləri gözə dəyməyib. Şirkətlə bağlı internet üzərindən məlumat axtarışları da nəticə verməyib.

XS
SM
MD
LG