Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:25

Bakı sakini: Başçı özü sərəncam verdiyi obyekti sökdürüb


Foto illüstrasiya
Foto illüstrasiya

«Bu il fevralın 11-də Xətai rayonu S.Vəzirov 11 ünvanında, «KAT» MTK şəhərciyində mənə məxsus avtomobillərə xidmət məntəqəsi Xətai rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülüb. Yüngül konstruksiyalı tikilinin bütün avadanlıqları naməlum yerə aparılıb. Söküntüylə bağlı mənə heç bir rəsmi sənəd göstərilməyib. Bu tikinti Xətai rayon keçmiş icra başçısı İbrahim Mehdiyevin sərəncamı ilə başlamışdı. Söküntü də onun şifahi tapşırığı ilə olub. Çünki o, obyektin söküldüyü binada yaşayır. Vaxtilə özünün sərəncam verdiyi obyekti də indi ona «narahatçılıq yaratdığı» üçün sökdürüb».

11 İL ÖNCƏ TİKİNTİSİNƏ İCAZƏ VERİLƏN OBYEKT SÖKÜLÜB

Xətai rayonu, S.Vəzirov küçəsi, 11-C, mənzil 4 ünvanında yaşayan Sevinc Hacıyeva yazır ki, ailəsini dolandırmaqdan ötrü yaşadığı binanın həyətində avtomobillərə texniki baxış və avtoyuma yeri açıb. Həm də bunu özbaşına etməyib. Vaxtilə yaşadığı ərazi üzrə icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin tikintiyə və fəaliyyətə sərəncamı olub. Ancaq iş elə gətirib ki, başçı özü də həmin binadan iki mənzil alıb və hazırda orada yaşayır. Avtoyuma yerini də ərazidə yaşayanların narazılığına əsasən sökdürüb. Sahibkarın sözlərinə görə, İbrahim Mehdiyevin hazırda Yasamal rayon İcra Hakimiyyətinin başçısı olmasına baxmayaraq, Xətai rayon İcra Hakimiyyətinin işçiləri onun tapşırığını can-başla icra ediblər. 11 il əvvəl tikintisinə rəsmi icazə verilmiş obyekti uçurdublar:

«İbrahim Mehdiyevin verdiyi sərəncamdan 5 il sonra icra hakimiyyətinin memarı Vadim Surxayev tərəfindən avtomobillərə texniki xidmət məntəqəsinin eskizi təsdiq olundu. Obyekt həmin eskiz əsasında inşa edildi, tikintiyə 40 min manatdan çox pul xərclədim. Elə təzə işə düşmüşdü ki, «Təmiz Şəhər» ASC-nin işçiləri (yaşayış binasını inşa edən şirkət) məndən aylıq 300 manat istədilər. Mən də etiraz etdim. Onlar da qapı-qapı düşüb guya obyektin narahatçılıq yaratması ilə bağlı qonşulardan imza topladılar, icra hakimiyyətinə göndərdilər. Əksər qonşular sonra dedilər ki, «biz nəyə imza atdığımızı bilmirdik, bizə burda abadlaşdırma və yaşıllaşdırma olacağını deyib qol çəkdiriblər».

Beləcə, obyekt fəaliyyətə başladığı ilk günlərdə sökülüb. Sahibkar xanım məhkəməyə müraciət edib. Xətai Rayon Məhkəməsi ərazidə yüngül konstruksiyalı məntəqənin fəaliyyətinin bərpasına dair qətnamə çıxarıb. Bu işin icrasına nəzarəti isə Ədliyyə Nazirliyi Xətai Rayon İcra Şöbəsinə tapşırıb. 15 gün ərzində texniki baxış və avtoyuma məntəqəsi bərpa edilib. İcra məmurları sahibkar xanıma bildiriblər ki, «birdən nə vaxtsa yenə də sökməyə gəlsələr, dərhal bizə xəbər edin, qarşısını alaq».Beləcə, obyekt fəaliyyətinə davam edib. Bu il fevralın 11-də Xətai rayon İcra Hakimiyyətinin işçiləri həyətdə peyda olublar və sahibkara xəbərdarlıq etmədən obyekti təzədən söküblər. Sahibkar xanımın dadına isə yetişən olmayıb:

«GÖSTƏRİŞ VERƏN OLMAYIB»

«Gəlib heç bir sənəd göstərmədən sökdülər. İcraçıya zəng etdim, dedi, «mənim bu məsələdə işim bitib, 102-yə zəng edin». Sahə inspektoru Valeh Səfərli isə gəldi, söküntünü aparan adamlarla deyib-gülüb çıxıb getdi. İcra hakimiyyətinin Füzuli adlı əməkdaşı mənə dedi ki, «RİH-in memarı Vadim Surxayevlə danışın, o desə, söküntü dayanar». Getdim Vadim müəllimlə görüşdüm, daş atıb başını tutdu ki, «yenidən icazə almalısınız». Beləliklə, bu məsələdə tək qaldıq».

Xətai rayon İcra Hakimiyyətində onlara söküntüylə bağlı hər hansı göstəriş verildiyini təkzib etdilər. Qurumdan «Qaynar xətt»ə bildiriblər ki, obyektin sökülməsi ilə bağlı sahibkar xanım məhkəməyə müraciət edə bilər: «Həmin obyektin söküntüsü vaxtı qurumda bu məsələlərə cavabdeh olan şəxslər hazırda işləmirlər. Narazılığı varsa, məhkəməyə müraciət etsin».

Sevinc Hacıyeva hesab edir ki, sahibkar kimi hüquqları kobud şəkildə pozulub. O, məmurların qanunları öz həvəs və arzularına uyğun istismar etdiyini deyir. Xeyli vəsait sərf edib ərsəyə gətirdiyi obyektin fəaliyyətinin bərpasını tələb edir. «Bizim sahibkarlıq və mülkiyyət hüquqlarımızın bərpasında köməyinizi əsirgəməyin», - ölkə başçısına belə də yazır.

XS
SM
MD
LG