Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:26

Rusiyanın Belarusdakı təlim düşərgələri yığışdırılır


Belarusda yığışdırılan təlim çadırlarının fotoları
Belarusda yığışdırılan təlim çadırlarının fotoları

Belarusda Rusiya əsgərlərinin təlim çadırlarının yığışdırılması Moskvanın Ukraynanın irimiqyaslı əkshücumunu dayandırmağa daha çox əsgərə ehtiyacı olub-olmaması haqda suallar yaradıb.

AzadlıqRadiosunun Belarus xidmətinin əldə etdiyi yeni peyk təsvirləri üç yerdə onlarla çadırın qəfildən yoxa çıxdığını göstərir. Həmin yerlərdə səfərbər olunan rusiyalı əsgərlərə təlim keçilirdi.

Bu arada Belarusun “Vaqner” özəl həri şirkətinin rusiyalı döyüşçüləri üçün yeni baza tikməsi haqda spekulyasiya dolaşır.

Rusiyanın Müdafiə Nazirliyi sentyabrda 300 minədək əsgərin səfərbər olunacağını açıqlayıb. Bundan sona Moskva bəzi çağırışçıları Belarusa təlimə göndərməyə başlayıb.

Oktyabrdan bəri minlərlə rusiyalı əsgər üç məkanda ağır texnika ilə hərbi təlimlər keçəndən sonra Ukraynaya döyüşməyə göndərilib.

Yığışdırılan çadırlar

İyulun 4-də Belarusun qərbində quru qüvvələrin təlim keçdiyi Abuz-Lyasnouskidə cəmi 15 çadır qalmışdı. Bir ay öncə onların sayı 150 idi. Həmin vaxt bu düşərgədə 3 minədək əsgər qala bilərdi.

“Planet Labs” vasitəsilə əldə olunan fotolara əsasən demək olar ki, Ukrayna sərhədindən 160 km şimalda yerləşən Abuz-Lyasnouskidə düşərgənin ləğvinə iyunun 30-dan tez başlanmayıb.

İyulun 4-də Belarusun şimalındakı Lepeldə təlim düşərgələrində bir neçə çadır qalmışdı. Onda bir neçə gün öncə isə 75 çadırda 1500-dək əsgər ola bilərdi.

Belarusun mərkəzində artilleriya qüvvələrinin təlim keçdiyi Repişça düşərgəsində isə heç nə qalmayıb. Ancaq iyulun 3-də həmin ərazidə 30 çadır vardı.

15 min əsgərin yerləşdirilə biləcəyi düşərgə

Fotolardan belə çıxır ki, bir neçə gün ərzində Belarusda Rusiyanın üç ən böyük təlim düşərgəsi əsasən yığışdırılıb. Ancaq eyni zamanda Repişça yaxınlığındakı Tsel kəndində bu üç düşərgədən daha böyük yeni düşərgə salınıb.

Paytaxt Minskdən 80 km cənub-şərqdə yerləşən Tseldə 15 min əsgərin yerləşə biləcəyi 303 çadır ucaldılıb.

Peyk təsvirlərindən görünən odur ki, Tseldəki düşərgə Belarus lideri Alyaksandr Lukaşenka “Vaqner” döyüşçülərinə Rusiyada baş tutmayan qiyamın ardınca onun ölkəsində yerləşməyə icazə verəndən bir neçə gün sonra başlanıb.

Ancaq Lukaşenka iyulun 5-də deyib ki, nə “Vaqner” lideri Yevgeni Priqojin, nə də onun döyüşçüləri hazırda Belarusdadır.

Hər şey cəbhədəki vəziyyətdən asılıdır

Yeni Geosiyasət Tədqiqat Şəbəkəsinin direktoru Mixaylo Samus deyir ki, düşərgələrin bağlanmasının Belarusda rusiyalı səfərbərlərə təlim keçilməsinin sonunun əlaməti olmasını demək üçün tezdir.

Onun sözlərinə görə, Moskva Rusiya daxilində təlim imkanlarını genişləndirə, yəni onun Belarusda təlim düşərgələrinə ehtiyacı qalmaya bilər. Ancaq Samus onu da istisna etmir ki, ola bilsin, Rusiya bütün əsgərlərini Ukraynadakı əkshücumu dayandırmağa yönəldib.

“İndi hər şey cəbhədəki vəziyyətdən asılıdır. Ukrayna ordusu uğurlu əkshücumu davam etdirsə, Rusiyanın Belarusda yeni hərbi heyət göndərməyə sadəcə, resursu çatmaya bilər. Onda bütün resurları cəbhəyə yönəltməli olacaqlar”, – o vurğulayıb.

Ukraynaya şimaldan hücuma ola bilərmi

Rusiya 2002-ci ilin fevralında Ukraynaya hücuma başlayanda Belarusdan platsdarm kimi istifadə edib. Belarusda yerləşdirlmiş 30 min rusiyalı əsgərin çoxu Ukrayna sərhədinə soxulsa da, geri oturdulublar.

Ötən ilin oktyabrında rusiyalı əsgərlər kütləvi şəkildə Belarusda peyda olanda Moskvanın Ukraynaya şimaldan girəcəyi sarıdan narahatlıq artdı. Ancaq ekspertlər onda deyirdilər ki, Belarusdan Ukraynaya yenidən hücumdan ötrü Rusiyaya azı 30 min əsgər lazımdır. Ancaq Belarusda səfərbər olunan rusiyalı əsgərlərin sayı pik paxtda 11 minə yaxın olub.

Bəzi ekspertlərin qənaətinə görə, Rusiya Ukraynanın diqqətini payızdakı uğurlu əkshücumdan yayındırmaq üçün əsgərlərini Belarusda təlimə yollayıb. O zaman Kiyev şimal-şərqdə və cənubda bəzi ərazilərə nəzarəti bərpa edə bilib.

Ukrayna rəsmiləri son bir ayda Belarusdakı rusiyalı əsgərlərin sayının mindən 3 min – 5 minədək artdığını deyirlər. Bu isə ilin sonuna gözlənən birgə təlimlərlə əlaqələndirilə bilər.

Rusiya və Belraus payızda KTMT çərçivəsində Belarusdqa beş təlim planlaşdırdıqlarını açıqlayıblar. KTMT-yə onlardan başqa Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxildir.

XS
SM
MD
LG