Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:29

Deputat: 'Beynəlxalq Bank ilə bağlı qarşıda iki məsələ var'


Vahid Əhmədov
Vahid Əhmədov

«Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı qarşıda iki məsələ var. Bankın sağlamlaşdırılması və gələcəkdə özəlləşdirilməyə çıxarılması».

İqtisadçı deputat Vahid Əhmədov bunu ABB ətrafında durumu dəyərləndirərkən deyib.

Deputat hesab edir ki, bu bank əvvəllər həm irihəcmli kapitala sahib olub, həm də müştərilərin etibarını qazanıb. Son illərdə isə ölkənin maliyyə bazarına ən mənfi təsir göstərən maliyyə institutlarından birinə çevrilib:

***Buna da bax-Beynəlxalq Bank - restrukturizasiya yoxsa müflis? [video]

«Qeyri-işlək aktivləri, xarici öhdəlikləri və problemli kreditləri çoxdur. Üstəlik, bu bankda həm iş adamlarının, həm əhalinin, həm də dövlətin vəsaitləri cəmləşir. Bu bankın indiki şəkildə qalması maliyyə bazarlarına mənfi təsir göstərir. Odur ki, bu bankın sağlamlaşdırılması ölkə həyatı üçün vacib məsələyə çevrilib».

V.Əhmədov vurğulayır ki, dövlət başçısı səviyyəsində də bu bankın sağlamlaşdırılması ilə bağlı sərəncam verilməsi məsələnin ciddiliyinə dəlalət edir:

«Bu da diqqət çəkən məsələdir ki, bu bankın xarici öhdəlikləri dövlətə ötürülür. Dövlət bu borcları ya büdcə, ya da Neft Fondu vəsaitləri hesabına ödəməlidir. Bu da xalq vəsaitləridir».

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədi ilə mayın 11-də Nyu-Yorkda məhkəməyə müraciət edib. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir.

***Buna da bax-Beynəlxalq Bank iflas edərsə, SOCAR-ı nə gözləyir

Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanda 36 filialı, 1800 əməkdaşı var.

2016-cı ilin iyun ayına olan vəziyyətə görə, bankın aktivləri 8.3 mlrd. dollara yaxın olub. Müştərilərin hesabları da daxil olmaqla, öhdəliklərin ümumi məbləğinin 8 mlrd. dollar təşkil etdiyi bildirilir.

Mayın 11-də Azərbaycan hökumətinin bankın öhdəliklərinin dövlətə ötürülməsinə qərar verdiyi açıqlanıb. Bu öhdəliklərin cəmi məbləği barədə isə rəsmi bilgi verilmir.

2016-cı ildə bankın sağlamlaşdırılması ilə bağlı dövlət bu banka 3 milyard manat vəsait ayırıb.

Müstəqil ekspertlər öhdəliklərin cəminin milyardlarla dollarla ölçüldüyünü deyirlər. Üstəlik, bankın öhdəliklərinin dövlətə keçirilməsini mənfi yöndən dəyərləndirənlər də var. Bəzi ekspertlər deyirlər ki, korrupsiya yolu ilə bankın pulları talan edilib, böyük borclar yaranıb. İndi bu yük xalqın çiyninə atılır.

XS
SM
MD
LG