Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:23

Cahangir Hacıyevin 12 vəsatətinin biri də təmin olunmadı


Cahangir Hacıyev
Cahangir Hacıyev

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev təqsirsizliyini sübut etməkdə israrlıdır.

Həbsdə olan bankirin vəkili Fəxrəddin Mehdiyev mayın 5-də məhkəmədə belə deyib.

Bakı Apellyasiya Məhkəməsində C. Hacıyev və onunla birlikdə mühakimə olunan 7 nəfərin şikayətinə baxılıb. Bu iş Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatındadır.

Buna da bax:​ Keçmiş deputat şahidə: '...Niyə səmimi ola bilmirsiz?'

Hakim məlumat verib ki, məhkəmə ilkin baxış iclasında apellyasiya şikayətinə istintaq aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılması haqda qərar qəbul edib. Cahangir Hacıyevin vəkilləri bu qərardan Ali Məhkəməyə şikayət versə də, təmin olunmayıb.

“BİR ƏMƏLƏ GÖRƏ İKİ DƏFƏ CƏZALANDIRILMAQ...”

Hakim həmçinin bildirib ki, məhkəməyə C. Hacıyevin vəkilləri 12 vəsatət təqdim edib. Vəsatətlər uyğun sənədlərin alınması, əlavə şahidlərin dindirilməsi və başqa məsələlərlə bağlıdır: "Ancaq bunlar məhkəmə istintaqında həll olunası məsələlərdir. Biz isə apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar vermişik. Buna görə də vəsatətlərin heç biri təmin olunmur".

Buna da bax: Beynəlxalq Bankın baş direktoru Cahangir Hacıyevi suçladı

Ardından hakim çıxış üçün vəkillərə söz verib. Təqsirləndirilən şəxslərdən Fındıq Zavodunun direktoru olmuş Azad Cavadovun vəkili Əli Məmmədov bildirib ki, ittihamları qəbul etmirlər: "Azad Cavadovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanunsuz və əsassız hesab edirik. Eyni ittihamla Azad Cavadov bundan əvvəl də məhkum olunub. Bir əmələ görə iki dəfə cəzalandırılmaq yolverilməzdir. Azad Cavadovun yaxın qohumlarının adına Beynəlxalq Bankda kreditlər rəsmiləşib, amma o vəsaitlər götürülməyib, bankın özünə qaytarılıb".

Azad Cavadova verilmiş qanunsuz silah saxlama ittihamına gəlincə, vəkil deyir ki, həmin silahın ona aidiyyəti yoxdur: "Silahın tapıldığı iddia olunan axtarışdan əvvəl də o evdə axtarış aparıb, qapını möhürləmişdilər. Azad Cavadov qapısı möhürlü evə sonradan silahı necə qoyub? Guya o silahın ancaq tətiyində Azad Cavadovun barmaq izləri var. Əgər silahı balışın altına Azad Cavadov qoyubsa, necə olub ki, tətikdən başqa hissədə onun əl izləri qalmayıb?"

Buna da bax:​ Həbsdəki keçmiş deputat: 'Pullar xaricdə torpaq sahələrinə xərclənib'

Vəkil əlavə edib ki, axtarış zamanı polislər onları evə buraxmayıb.

“12 VƏSATƏTİN BİRİNİ DƏ OXUMAYIB”

Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev isə vəsatətlərin heç birinin təmin olunmamasından təəssüfünü ifadə edib. Müdafiəçi bildirib ki, C. Hacıyevə qarşı ittihamları sübut edən heç bir dəlil yoxdur: "İttihamı sübut eləmək ittiham tərəfinin vəzifəsidir. Yəni, şəxsin üzərində təqsirsiz olduğunu sübut eləmək vəzifəsi yoxdur. İndiki halda, ittiham tərəfi də bunu sübut edə bilmir. Amma biz təqsirsizliyimizi sübut etməkdə israrlıyıq. Bunu da ancaq vəsatətlər vasitəsilə etmək mümkündür. Buna görə bizim yeni vəsatətlərimiz olacaq və xahiş edirəm, vaxt verəsiz".

Buna da bax:​ Vəkil: 'Cahangir Hacıyevə ciddi qərəz hiss olunur'

C. Hacıyevin digər vəkili Aqil Layıcov da vəsatətlərin heç birinin təmin olunmamasından narazılığını bildirib: "Prokuror bir cümlə ilə dedi ki, 12 vəsatətin hamısına etiraz edir. Əminəm ki, 12 vəsatətin birini də oxumayıb. Hakim deyir ki, onlar ilkin baxışda verilmiş vəsatətlər idi. Xeyr, belə deyil. Onların arasında bizim 5 yeni vəsatətimiz vardı".

Hakim Aqil Layıcovun çıxışını yarımçıq dayandırıb.

Çıxışlar üçün digər vəkillərə söz verilsə də, onlar hazırlaşmaqdan ötrü məhkəmədən vaxt istəyiblər.

Məhkəmə mayın 11-də davam edəcək.

Buna da bax: 'Beynəlxalq Bank işi' nə görə tutulmuş biznesmen azad edilib

XATIRLATMA

C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlu hesab olunaraq, 15 il azadlıqdan məhrum edilib.

C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində təqsirləndirilir.

Amma C.Hacıyev ittihamları qəbul etmir. Ona görə də haqqındakı hökmdən apellyasiya şikayəti verib.

XS
SM
MD
LG