Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:50

Biləvərlilər: 'Yollara ayrılan pullar məmur balalarının bahalı həyatına xərclənir'


Yol. Foto arxiv
Yol. Foto arxiv

«Cənab prezident, yolların təmirinə, bərpasına niyə pul ayırırsız ki... Siz o pulları məmurların balalarının bahalı həyatına ayırmış olursuz. Bədbəxt kəndli yenə qaloşu ayağında, şələsi kürəyində həmin bərbad, palçıqlı yollarla gedib gəlir. İnanmırsızsa, bir dəfə yolunuzu bizim kənddən salın».

Bunları Lerikin Biləvər kəndinin sakinləri ölkə başçısına müraciətlərində qeyd ediblər.

«MƏHSULLARI KƏNDDƏN KƏNARA ÇIXARA BİLMİRİK»

Biləvərlilər prezidentə sosial problemlərindən yazıblar. Bu problemlərin sırasında yol məsələsi xüsusi qeyd olunub.

Kənd sakini Mehman Muradov «Qaynar xətt»ə danışır ki, Biləvər ucqar kənd olduğundan burada əkinlə məşğul olmaq mümkün deyil. Bircə ümid heyvandarlığa qalır, yolsuzluq bu sahənin də inkişafına imkan vermir:

***Buna da bax-Dörd binanın sakini İlham Əliyevdən cavab gözləyir

«Yolumuz olmadığından kəndə yem gətirə bilmirik. Yay quraqlıq keçdi, su olmadı, su maşını gəlmədi, heyvanların bir qismi susuzluqdan qırıldı, bir qismi süd vermədi. Əsas məşğuliyyətimiz pendir, nehrə yağı, qatıq, süd, toyuq, cücə satmaqdır. Yol olmadığından bu məhsulları kənddən kənara çıxara bilmirik».

Kənddən təqribən 3 kilometr aralıdan üç kəndi birləşdirən əsas yol keçir. Bu yol prezidentin sərəncamıyla yeni çəkilib. Kəndlilər düşünür ki, ayrılan pullar tam olaraq yollara xərclənsəydi, onların kəndini bu yoldan ayıran 3 kilometr yolun da çəkilməsinə yetərdi.

«HƏR AY BİR AİLƏ GÖZÜYAŞLI QALIR»

Kənd sakini Hüseyn Hüseynov:

«Bu 3 kilometr yola özümüz mal-heyvanımızı satıb dəfələrlə daş-çınqıl tökdürmüşük. 3 kilometr yolun salınması hökumət üçün elə də böyük xərc deyil, ancaq o yolu gedib-gəlmək kəndlilərə əzabdır, ölümdür. Bərbad yolda hər ay qəzalar olur, hər ay azı bir ailə gözüyaşlı qalır».

***Buna da bax-Yeni Balaxanı – palçıq dizdən, problem xirtdəkdən...

Əsasən, yağış mövsümü başlayanda kəndlilərin əziyyətləri artır, yollar sürüşkən və təhlükəli olur. Qar yerə qoyanda isə kəndin ətrafla əlaqələri tamamilə kəsilir. Kəndə ərzaq, çörək gətirilmir, ağır xəstələri rayon mərkəzindəki xəstəxanaya çatdırmaq mümkün olmadığından həyatla vidalaşırlar.

Kəndlilər iddia edirlər ki, bir müddət əvvəl mal-heyvanlarını sataraq 4 min manat toplayıb yerli icra hakimiyyətinə veriblər ki, yol çəkilsin. Lakin pulu götürən məmur qısa müddətdən sonra özlərinə qaytarıb və yolun dövlət hesabına təmir olunacağını deyib.

«YƏQİN Kİ, QISA MÜDDƏTDƏ...»

Lerik Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, yollar dövlət hesabına çəkilir, bərpa və təmir olunur. Kənd sakinlərinin buna görə qurum əməkdaşlarına pul verməsi iddiaları yalandır. Yolun təmir-bərpasına gəlincə, dağ kəndlərinin yolları növbəli şəkildə çəkilir:

«Bu yaxınlarda cənab prezidentin sərəncamı və ayırdığı pulla Noda-Şingədulan-Xanagah yolu çəkilib. Bu yol həmin kəndə yaxındır. Yəqin ki, qısa müddətdə həmin kəndin yolları da əsaslı təmir-bərpa olunacaq. Dağ kəndi olduğundan yollar qısa müddətdə sıradan çıxır. Bununla belə, aidiyyəti qurumlar bu yollara tez-tez çınqıl tökür ki, sakinlər əziyyət çəkməsin».

Qurum vəd edir ki, yaxın vaxtlarda Biləvərin və qonşuluğundakı Şivlənin də yolları qonşu kəndlərin yolları kimi təmirli və rahat olacaq.

XS
SM
MD
LG