Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15

Bolqarıstanın ən güclü oliqarxı Delyan Peevski hakimiyyətini itirə bilər


Delyan Peevski
Delyan Peevski

Bolqarıstanın öndə olan siyasətçilərindən biri və ölkənin ən güclü oliqarxı Delyan Peevskinin həyatı müəmmalarla doludur. Onun tez-tez bir neçə oteldə qaldığı haqda şayiələr gəzsə də, heç kim onun harada yaşadığını bilmir. Bu oliqarxı küçədə də çox az görərsiniz, axı 44 yaşlı siyasətçi parlamentə qara zirehli SUV konvoyu ilə gedir və onu onlarla cangüdən müşayiət edir.

Bolqarıstanda hər hansı siyasətçidən mövcud siyasi böhranın səbəbini soruşsanız, Peevskini günahlandıracaq. Ölkədə son üç ildə artıq yeddinci seçki keçirilir.

AzadlıqRadiosunun əməkdaşları İvan Bedrovla Elitsa Simeonovanın hazırladığı məqalədə deyilir ki, oliqarx illərlə pərdə arxasından fəaliyyət göstərib. Qəzetlərə və media distribütü şəbəkəsinin xeyli bölümünə nəzarət edən Peevskinin ictimai rəyə çox böyük təsir gücü olub. 2018-ci ildə Parisdə fəaliyyət göstərən "Sərhədsiz Reportyorlar" təşkilatı Peevskinin korrupsiya və media, siyasətçilər və oliqarxlar arasında gizli razılaşmanın təcəssümü olduğunu demişdi. Peevskinin özü bu ittihamları rədd edir və adının hesabatlara salınmasını ölkə daxilindəki opponentlərinin beynəlxalq insan haqları qruplarına basqısından qaynaqlandığını söyləyir. 2009-cu ildən bəri fasilələrlə parlamentin deputatı olan və müxtəlif dövlət vəzifələri tutan, bir zamanlar Bolqarıstanın əks-kəşfiyyat agentliyinə rəhbərlik edən Peevskinin siyasi fiqurlar və təsisatlar üzərində ciddi təsir gücü var.

Media maqnatı ötən ildən bu yana ictimaiyyətin diqqət mərkəzindədir

O, vaxtaşırı parlamentə baş çəkir və mətbuata danışır. Peevski bu ilin əvvəllərində Ədalət və Azadlıqlar Hərəkatının (DPS) sədri seçilib. Bu siyasi partiya, ənənəvi olaraq, Bolqarıstanın etnik türk və müsəlman azlığını təmsil edir. İyun ayında partiya onun rəhbərliyi ilə parlament seçkilərini ikinci yerdə tamamlayaraq 240 yerdən 47-ni qazanıb.

Peevskinin siyasi ulduzunun parlaması Bolqarıstanın postkommunist dövründə misli görünməmiş siyasi qarışıqlıq dövrünə qədəm qoyması ilə eyni vaxta təsadüf edib. 2009-cu ildən 2021-ci ilədək Boyko Borisovun rəhbərlik etdiyi mərkəz-sağçı GERB partiyası ölkəni, demək olar, ara vermədən yönəldib. Di gəl, 2021-ci ildən bu yana ard-arda altı parlament seçkiləri keçirilib. GERB onlardan dördündə qələbə qazansa da, heç birindən sonra hökumət formalaşdıra bilməyib.

Boyko Borisov
Boyko Borisov

Məqalədə deyilir ki, Peevski orta statistik bolqarın gözündə bir çoxlarına görə, ölkəni bürümüş qaranlıq korrupsiya və mütəşəkkil cinayətkarlıq dünyasını təcəssüm etdirir. O, bəlkə də, ölkənin ən az güvənilən siyasətçilərindəndir. Bu yaxınlarda keçirilən rəy sorğusunda bolqarıstanlıların yalnız 2 faizi ona inandığını deyib. Respondentlərin 88 faizi Peevskiyə inanmadığını söyləyib.

ABŞ Peevskini korrupsiya və özünü ictimaiyyətin sorğu-sualından qorumaq, önəmli qurum və sektorlara nəzarət etmək məqsədilə təsir imkanlarını satmaqda suçlayaraq Maqnitski Aktı çərçivəsində ona qarşı sanksiya tətbiq edib.

Peevski beynəlxalq sanksiyaları dəf etmək üçün qanuni yollara əl atıb və özünə qarşı ittihamları sürəkli rədd edib. O bu sanksiyaların aradan qaldırılması üçün ABŞ-də məhkəməyə üz tutaraq sanksiyaların siyasi motivli və əsassız olduğunu iddia edib.

Bolqarıstan get-gedə daha çox təcrid olunur və blok daxilində mövqeyini itirir

Bolqarıstanda siyasətçilərin çoxu ləkələnmiş reputasiyasına görə onunla çalışmaqdan boyun qaçırır. Oksford Qlobal və Regional Araşdırmalar Məktəbinin müəllimi və Brüsseldə fəaliyyət göstərən Karneqi Avropa Mərkəzinin aparıcı tədqiqatçısı Dimitar Beçev deyir ki, onlar üçün Peevski "toksikdir". Bir çox siyasətçi artıq onunla bağlılığın səslərin itirilməsinə səbəb olduğunu anlamağa başlayıb.

Bolqarıstanlı siyasətçilər Peevskini islahat cəhdlərini sürəkli şəkildə sıradan çıxarmaqda suçlayırlar.

Ahmed Doğan və Delyan Peevski
Ahmed Doğan və Delyan Peevski

Peevskinin rəhbərlik etdiyi DPS partiyasının daxilində dərin bölünmə var. 2024-cü ilin əvvəllərində DPS-in sədri olandan sonra Peevski uzun zaman partiyanın rəhbəri olmuş və hazırda da onun fəxri sədri olan Ahmed Doğana yaxın üzvləri təmizləməyə başlayıb. İndi partiyanın daxilindəki həmin qrup ona müqavimət göstərir; Doğan və partiyanın təməlini təşkil edən üzvlər Peevskinin istefasını tələb edirlər.

Təhlilçilər deyirlər ki, partiyanın parçalanması nəticəsində Peevski ya növbəti parlamentə seçilə bilməyəcək, ya da onu daha az deputat dəstəkləyəcək. Digər partiyalar artıq oktyabr seçkilərindən sonra Peevskini tək qoymaq variantını müzakirə edib.

Avropa İttifaqının ən yoxsul və ən çox korrupsiyaya yuvarlanmış ölkəsi olan Bolqarıstan get-gedə daha çox təcrid olunur və blok daxilində mövqeyini itirir.

Aİ 6 milyard avroluq (6.6 milyard dollar) iqtisadi planı təsdiqləsə də, Bolqarıstan Aİ-nın tələb etdiyi islahatları, o cümlədən antikorrupsiya tədbirlərini gerçəkləşdirməsə, bu pulların çox hissəsini görməyəcək.

XS
SM
MD
LG