Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:26

Britaniyada “ikinci referendum” söhbəti


Britaniyanın Avropa İttifaqından çıxmasına səs vermiş referendumun tozanağı yatmamış ikinci bir referendum söhbəti və hətta kampaniyası başlanıb

Britaniya mətbuatı yazır ki, ölkədə ikinci Avropa referendumunun keçirilməsi üçün petisiyanın imzalanmasına başlanıb.

Petisiyanın dərc edildiyi saytda hərəkətin çoxluğu onun artıq bir neçə dəfə çökməsinə səbəb olub. Britaniya qəzetlərinin məlumatına görə imzaların sayı cəmi bir-iki saatın ərzində 150 mini keçib.

William Oliver Healey-nin tərtib etdiyi internet səhifəsində yazılıb: “Biz, bu petisiyanı imzalayanlar əlahəzrətin hölkumətini “qalmaq” və “çıxmaq” tərəfə verilən səslərin elektotarın 60 faizindən azını təşkil etdiyi və iştirakın 75 faizdən az olduğu hallarda ikinci referendumun keçirilməsinə dair qaydanın tətbiqinə çağırırıq”.

Britaniya parlamentində petisiyanı kifayət qədər ciddi qəbul edirlər.

Nümayəndələr Palatasının sözçüsü deyib ki, Birləşmiş Krallığın Parlamenti və Hökumətin Rəqəmsal Xidməti sözü gedən saytın çətinliklərindən xəbərdardır və onun rəvan işləməsi üçün əlindən gələni edir.

Gənclər və yaşlılar

“The Daily Mail” yazır ki, petisiyanın topladığı imza sayı artıq Nümayəndələr Palatası Petisiyalar Komitəsinin ikinci referendum məsələsinə baxmasını icbari edir.

Velosipedli etirazçılar Brexit lideri Boris Johnsonun yolunu kəsiblər
Velosipedli etirazçılar Brexit lideri Boris Johnsonun yolunu kəsiblər

Komitənin ilk iclası artıq gələn həftənin çərşənbə axşamı başlana bilər. Həmin gün millət vəkilləri mini-sessiyalara qayıdırlar.

Qəzet yazır ki, bu petisiya Britaniyanın Avropa İttifaqında qalmasına səs vermis 16, 1 milyon insanın qəzəb və hiddətini ifadə edir.

Söhbət xüsusilə də əksəriyyəti Avropaya səs vermiş londonlulardan və şotlandlardan gedir.

Petisiyada Avropa İttifaqında qalmağa səs verənlərin yaş kasteqoriyaları məsələsi də təhlil edilib.

Məlum olub ki, 18-24 yaşlıların hər dörd nəfərindən üçü, 25-49 yaşlıların isə yarıdan çoxu (56 faiz)ittifaqda qalmağa səs verib.

Başqa sözlərlə, ölkənin Avropadan ayrılmasını dəstəkləyənlərin əksəriyyəti yaş etibarilə Britaniyanıngələcəyini yox, keçmişini təmsil edənlər olub.

ŞotLond

Bu arada sosial mediada da #ScotLond (Scotland+London) Şotlandiya və Londonun Avropa İttifaqı tərkibində qalması uğrunda kampaniya başlanıb.

Britaniya mətbuatı yazır ki, sarsılmış londonlular #ScotLand heşteqindən paytaxtla Şotlandiya rəhbəri Nicola Sturgeon-un Birləşmiş Krallıqdan müstəqillik mübarizəsini birləşdirmək üçün istifadə edirlər.

London və Şotlandiya əhalisinin böyük əksəriyyəti Aİ-də üzvlüyün davam etdirilməsinə səs versə də, “Mərkəzi İngiltərə və Uelsin böyük qiyamı” referendumun taleyini həll edib.

Şotlandiya Millətçi Partiyasının lideri Nicola Sturgeon deyib ki, o artıq gələcək planlar barədə London meri Sadiq Xanla məsləhətləşmələrdə olub.

Bundan əvvəl xanım Sturgeon indi artıq Şotlandiyanın müstəqillik referendumu keçirməsinin qaçılmaz olduğunu bəyan etmişdi.

Hardasan, Harry Potter?

"Harry Potter" müəllifi J.K. Rowling referendumdan sonra Tvitterdə yazıb ki, o həyatında ilk dəfə olaraq real dünyada möcüzə baş verməsini istəyir.

Belə bir möcüzəni – Britaniyanın Avropa İttifaqından çıxmaq qərarını dəyişməsini milyonlarla insan istərdi. Lakin referendum baş tutub və əksəriyyəti yaşlı və daha az təhsilli milyonlarla britaniyalı milyonlarla gənc, daha yaxşı təhsilli və daha perspektivli britaniyalıya qalib gəlib.

Sehrbaz Harry Potter
Sehrbaz Harry Potter

Bununla belə, International Business Times xəbər portalında dərc olunmuş məqalədə deyilir ki,”döyüş tamamilə uduzulmamış ola bilər”.

Avropadan “boşanma” mürəkkəb prosesdir və iki ilədək çəkə bilər.

Məqalədə qeyd olunur ki, referendumdan əvvəl bir çox siyasətçilər Brexitin nəticələrini geri döndərməyin mümkünlüyü barədə suallara siyasi etika baxımından cavab vermirdilər, lakin indi, referendumdan sonra onlardan bir çoxu səslərini ucalda bilər.

“Başqa sözlərlə, - yazır sayt, - Avropada qalmaq istəyənlərin əl ata biləcəyi bir-iki fədakar tədbir var”.

Məqalədə deyilir ki, sözü gedən petisiya çətin bir nəticə versin. Bu petisiyada söhbəti gedən “60 faiz qaydası” hazırda qanunvericilik aktı formasında mövcud deyil və parlament yeni qanun qəbul edərək keçmiş referendumu ləğv edə bilməz.

İrlandiya pasportu

Amma bununla yanaşı “The Guardian” qəzetinin yazdığına görə, millət vəkili olan bəzi nazirlər məxfi şəkildə Avropa İqtisadi Zonasına (European Economic Area) qoşulmaq barədə saziş imzalanmasını müzakirə edirlər. Belə bir saziş Aİ üzvü olmayan Norveç, Lixtenşteyn və İslandiya tərəfindən imzalanıb.

Yeni Britaniya pasportalrında "European Union" yazılmayacaq
Yeni Britaniya pasportalrında "European Union" yazılmayacaq

Bu saziş Aİ daxilində insanların, malların və xidmətlərin tam azad hərəkətini təmin edir.

Məqalədə deyilir ki, bu sazişin bəzi aspektlərinin qəbulu üçün hətta yeni referendumlar da keçirilə bilər.

Mediada “dərin təhqiqatlar” aparan başqa bir internet saytı – Vocativ yenə də “The Guardian” qəzetinə istinadən yazır ki, Britaniyanı Aİ üzvü kimi saxlamağın yolu petisiya yox, referendumun hüquqi baxımdan icbari olmaması faktıdır.

Müəllifin fikrincə, məhz buna görə də baş nazir Cameron referendumun nəticələrinə tabe olacağı barədə vədi yerinə yetirməyə də bilər.

Və nahəyət məqalədə yarıgerçək-yarızarafat deyilir ki, “Avropa İttifaqından kənarda yaşaya bilməyənlər” başqa pasportların əldə edilməsinə çalışa bilərlər.

Məsələn, Google saytının təhlilinə görə son bir neçə gündə britaniyalıların internetdə ən çox axtardığı “İrlandiya pasportu” sorğusu olub.

Şimali İrlandiyalıların əksəriyyətinin belə pasportları var.

XS
SM
MD
LG