Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:36

'Bu dəfə müdaxilələr kütləvi və daha sərtdir'


Üzüyola müşahidəçi (Karikatura)
Üzüyola müşahidəçi (Karikatura)

Artıq bir neçə saatdır ki, Azərbaycanda erkən parlament seçkisi başlayıb və yerlərdən qanun pozuntuları ilə bağlı məlumatlar gəlməkdədir. AzadlıqRadiosu ilkin pozuntuları qruplaşdırmağa çalışıb.

Seçkidə ilkin, kütləvi pozuntular hansılardır

«İlkin pozuntular odur ki, müşahidəçilərin məntəqələrə buraxılmasında problem yaşanıb. Müşahidəçilərə ciddi şəkildə təzyiqlər var. Onlara danışmağa, sual verməyə imkan yaradılmır. Ancaq yerlərində oturmağa, tərpənməməyə məcbur edilirlər», – Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov deyir.

A.Qurbanov
A.Qurbanov

Onun başçılıq etdiyi təşkilatın əməkdaşları müxtəlif məntəqələrdə müşahidələr aparmaqdadır. DTİ rəhbərinin sözlərinə görə, müşahidəçilərə əvvəlki seçkilərdə də təzyiqlər olub, amma «bu dəfə müdaxilələr kütləvi və daha sərtdir».

«Açığı, səhər-səhər proses sərt başladı. Seçki kampaniyası dövründə «Hər şey yaxşı olacaq, səliqəli olacaq» deyilirdi, amma proses aqressiv başlandı», – A.Qurbanov əlavə edir.

AzadlıqRadiosunun əməkdaşları da məntəqələrdə müşahidəçilərlə bağlı çoxsaylı pozuntular haqda məlumatlar verirlər. Bununla bağlı müxtəlif namizədlərin seçki qərargahlarından da xəbərlər gəlməkdədir.

A.Qurbanov müşahidəçilər kimi, jurnalistlərin də məntəqələrə buraxılmasında problemlər yaşandığını bildirir: «Jurnalistin vəsiqəsi olduğu halda deyirlər: «Sizin MSK-dan ayrıca vəsiqəniz olmalıdır». Halbuki qanun bunu tələb etmir. Həmçinin, KİV nümayəndələrinin çəkiliş aparılmasına da əngəllər yaradılır, əksər hallarda qadağalar qoyulur».

H.Həsənov
H.Həsənov

Müşahidəçilərin müdaxiləsi?

Seçki mütəxəssisi Hafiz Həsənov isə özünün məntəqələrdə müşahidə apardığını deyir. Onun ilkin müşahidələrinə görə, seçici fəallığı aşağıdır, amma ciddi pozuntulara rastlamadığını bildirir.

H.Həsənov bir pozuntuya diqqət çəkir. O, bəzən komissiya üzvlərinin müşahidəçilərə oturaraq yerlərindən müşahidə aparmalarını tapşırdıqlarını deyir və bunu da düzgün saymır: «Müşahidəçi şübhələndiyi məqamlara baxa bilər. Qanunda yazılıb: «Müşahidə aparmağa imkan verən məsafədən və şəraitdən…». Bu məqam – «müşahidə aparmaq məsafəsi» ona şübhəli məqamlarda prosesi yaxından izləməyə imkan yaradır».

Seçki mütəxəssisi bəzi yerlərdə komissiya üzvlərinin də, müşahidəçilərin də səsverməyə müdaxilə etdiklərini söyləyir. O, bəzi deputatlığa namizədlərin müşahidəçilərinin özlərini komissiya üzvü kimi aparmağa çalışdığını, bu cür müdaxiləni bir neçə yerdə müşahidə etdiyini söyləyir. «Bir az münaqişəyə, şouya meyllilik var», – deyə sözlərinə əlavə edir.

Şəffaf olmayan qutular, bəri başdan kəsilən seçki bülletenləri

Bəzi məntəqələrdə bülleten atılan qutuların şəffaf olmaması diqqət çəkir. Qanunun tələblərinə görə, həmin qutular şəffaf olmalıdır. Ancaq göndərilən fotolar bunun əksini deyir. MSK və ya DSK-lar deyilənləri təkzib edirlər.

A.Qurbanovun sözlərinə görə kütləvi rastlanan pozuntulardan biri də seçki bülletenləri ilə bağlıdır. DTİ rəhbəri səhər saatlarında onların sayılmasında problemlər yaşandığını qeyd edir: «Üstəlik də, seçki bülletenlərinin əvvəlcədən kəsilib yığılması müşahidə olunmaqdadır».

Təşkilat rəhbəri səsvermə kabinələrində eyni vaxtda bir neçə adamın səs verməsinin müşahidə olunduğunu də ayrıca qeyd edir. Bununla bağlı sosial mediada və KİV-də də yetərincə videogörüntülər yerləşdirilib. AzadlıqRadiosu da belə pozuntuları görüntüləyib.

A.Məmmədli
A.Məmmədli

«Komissiyalar seçkiyə hazır deyillər»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə gələn ilkin siqnalların ötən illərdən xüsusi fərqlənmədiyini bildirir: «Azərbaycan üçün ənənəvi pozuntulardır. Necə deyərlər, «köhnə hamam, köhnə tas». Seçicilərin qrup halında məntəqələrə gətirilməsi müşahidə olunmaqdadır. Bunu da özləri təşkil edirlər».

A.Məmmədlinin ilkin qənaətinə görə, bu seçkilərdə də məntəqə sədrlərinin və komissiya üzvlərinin seçkilərə hazırlıqlı olmaması izlənməkdədir: «Onlar qanunun tələblərini, prosedurları normal bilmirlər, müşahidəçilərə, namizədlərin səlahiyyətli nümayəndələrinə müqavimət göstərirlər, normal davranmırlar».

Müşahidə edilən pozuntularla bağlı məlumat və videogörüntülər günboyu AzadlıqRadiosunun saytında və sosial media səhifələrində yerləşdiriləcək. Eyni zamanda, sadalanan pozuntulara MSK-dan mövqe almağa çalışılır.

Xatırlatma

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 1314 deputatlığa namizəd var. Azərbaycan parlamentində isə 125 deputat yeri mövcuddur.

Müxalifətdən Milli Şura və bəzi başqa qüvvələr bu seçkiləri boykot edir. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində, bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG