Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:55

2020-ci ilin ən yaxşı filmləri


Kino
Kino

"BBC Culture" saytının film tənqidçiləri Nicholas Barber və Caryn James bu ilin indilik 10 ən yaxşı filmi haqda yazıblar.

Da 5 Bloods

Spike Lee-nin bu ən son filmi intensiv drama ilə hazırcavablığı özündə birləşdirir. Dörd qaradərili amerikalı veteran həlak olmuş dostlarının nəşini və bir yeşik qızılı gətirmək üçün Vyetnamdan geri qayıdır. Filmdə cərəyan edən hadisələr fonunda Spike Lee-nin ABŞ və onun irqçiliyinə maraqlı tarixi baxışını görürük. Dörd dostun hər biri kifayət qədər mürəkkəb şəxsiyyətlərdir. Auditoriya və tənqidçilər aktyor Delroy Lindo-nun Oskar mükafatına layiq olduğunu deyirlər. ""Da 5 Bloods" Spike Lee-nin ən yaxşı filmlərindən biridir", - yazıda deyilir.

The Personal History of David Copperfield

"Devid Kopperfildin şəxsi tarixçəsi" (The Personal History of David Copperfield) şən və fantaziya ilə dolu bir filmdir. Film Charles Dickens-in "Devid Kopperfild" romanı əsasında çəkilən filmlər arasında xüsusi keyfiyyəti ilə seçilir. Filmdə yazıçının yaradıcılığına sevgi ifadəsini görmək olur. Hadisələr Viktorian dövrü İngiltərəsindəki yoxsulluq və sinfi sistemi əks etdirsə də, film kifayət qədər müasirdir. Baş rolun ifaçısı Dev Patel filmə xüsusi yaraşıq verir.

Never Rarely Sometimes Always

Pensilvaniyanın kiçik bir şəhərində yaşayan 17-yaşlı Autumn (Sidney Flanigan) hamilədir. Yaşadığı yerdə isə abort qadağandır. O, qohumu ilə birlikdə gizlicə avtobusa minib hamiləliyə son qoymaq üçün yaxınlıqdakı Nyu-York şəhərinə gəlir. Yazıçı və rejissor Eliza Hittman-ın bu filmi seçim, sirr və gənc qadınların bəzən öz gələcəklərini xilas etmək üçün verdikləri kədərli qərarlar haqda həzin hekayədir. Film, eyni zamanda, ağrılı dərəcədə səmimi və insanı həyəcanlandıracaq qədər empatikdir.

The Hunt

"Ov" (The Hunt) komik trillerində bir dəstə imkanlı liberal bir neçə "miskin" sağçını oğurlayıb əyləncə üçün güllələyir. Ssenari çox ziddiyyətli olduğundan ötən il ABŞ-da baş vermiş iki kütləvi atışmadan sonra onun ekranlara buraxılması təxirə salınıb. ABŞ prezidenti Donald Trump-sa onu Twitter-də tənqid edib. Ancaq film, nəhayət, bu yaz kinoteatrların bağlanmasından əvvəl ekrana çıxıb. BBC-nin tənqidçiləri bu filmi "ağıllı satira" adlandırıblar.

Bacurau

Bu Braziliya filmi ilin ən qəribə və maraqlı filmlərindən biridir. Filmdə hadisələr Braziliyanın Bakurau adlı ucqar və yoxsul kəndində cərəyan edir. Bir korrupsiyalaşmış məmur bir-birinə sıx bağlı olan bu icmanı, o cümlədən onun çox vaxt sərxoş olan həkimini (Sônia Braga) sıxışdırır. İcma Bakaraunun qəfildən kağız və onlayn xəritələrdən silinməsinin səbəbini anlamağa çalışır. Kəndə möhtəkirlər doluşur və bundan sonra film qanlı vesternə çevrilir. Filmin Braziliyadakı hazırkı siyasi vəziyyəti əks etdirməsi onu daha da maraqlı edir. Rejissorlar Kleber Mendonça Filho və Juliano Dornelles-in bu filmi ötən il Kann festivalında Münsiflərin mükafatına layiq görülüb.

The Assistant

Kitty Green-in çəkdiyi bu dram filmində hadisələr bir harın film maqnatının Nyu-Yorkda yerləşən ofislərində cərəyan edir. Weinstein-varı baş icraçı direktor (CEO) filmin baş mənfi qəhrəmanı olsa da, ümumən film korporativ dünyadakı seksizm, işçilərə yuxarıdan aşağı baxma, itaət haqqındadır. Filmin sonuna qədər tamaşaçı gərginlik içində köməkçinin müdirə etiraz edəcəyini gözləyir.

Emma

Rejissor Autumn de Wilde Jane Austen-in bu əsərinin yeni ekran adaptasiyasında janrla bağlı hər hansı yenilik etməyib. Ancaq tənqidçilər aktyor oyununu bəyəniblər.

The Vast of Night

Fantastika janrında çəkilmiş bu filmdə hadisələr 1950-ci illərdə kiçik bir şəhərdə cərəyan edir. Hər şey yalnız bir axşam ərzində baş verir. Yerli radio diceyi (Jake Horowitz) və telefon operatoru (Sierra McCormick) yaxınlıqdan gələn qəribə səsləri araşdırmağa çalışır. Filmdə müəyyən sosial qrupların marginallaşdırılması haqda sərt ifadələr səsləndirilir. Ancaq ümumən film texniki bacarıqların nümayişi ilə seçilir. Kamera şəhərboyu uzun və kəsintisiz çəkilişlər edir.

The Painter and the Thief

"Rəssam və oğru" sənədli filmi Osloda çətinliklər içərisində yaşayan çex rəssam Barbora Kysilkova-nın iki əsərinin qalereyadan oğurlanması ilə başlayır. Oğru Karl Bertil-Nordland-ın həbsindən sonra Barbora onu axtarıb tapır və onun şəklini çəkmək üçün razılığını almağa çalışır. Karl onun əsərlərini oğurladığı kimi o da Karlın şəklini mənimsəyir. Ancaq bu, əsl, bəzən tikanlı dostluğun başlanğıcı olur.

XS
SM
MD
LG