Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:52

Deputat: 'Mən də Yaponiyada oturub bura o qədər daş ataram ki'


Rövşən Rzayev
Rövşən Rzayev

Rövşən Rzayev müxalifəti satqınlıqda ittiham edir

“Bir belə torpaq azad edilib, 25 il işğaldan sonra Cocuq-Mərcanlı kəndində böyük quruculuq işləri aparılır, müxalifət, xaricdən kimlərsə deyir ki, Azərbaycan heç nəyə nail olmayıb. Necə nail olmayıb? Bu cür xoşagəlməz hərəkətlərinə təəssüflənirəm. Ağızlarına gələni, savadsız, siyasi baxışdan çox piyada düşüncələr ortaya qoyurlar. Təbii ki, hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da problem var”.

Deputat Rövşən Rzayev AzadlıqRadiosuna müsahibəsində Milli Şuranın mitinqində səsləndirilən tələblərə münasibət bildirib.

– Rövşən bəy, Milli Şura hesab edir ki, indiki siyasi hakimiyyət Azərbaycanı “fəlakətə aparır” və prezidentin öz xanımını birinci vitse-prezident təyin etməsi yaşı 100-ü haqlayan cümhuriyyət ənənələrinə “həqarətdir”. Siz bununla bağlı nə düşünürsünüz?

– Qətiyyən bu yanaşmayla razı deyiləm, qətiyyən! Azərbaycan dövləti hüquqi, dünyəvi, demokratik dövlətdir. Bu istiqamətdə öz işini görür. İllər keçdikcə Azərbaycan hər istiqamətdə möhkəmlənir. Azərbaycanın ən böyük problemini – ərazi bütövlüyünü bərpa etmək yolunda hər kəsin dəstəyi tələb olunduğu zamanda bu cür, özünü müxalifət adlandıran insanlar belə hərəkətlərə yol verirlər, guya ölkəyə uğur gətirmək istəyirlər. Yanlış addımdır! Tam savadsız, tam piyada hərəkətdir. Satqınlıq dərəcəsində... Onlar Azərbaycana yad insanlardır. Xüsusi orqanların, bölgədə marağı olan dövlətlərin mövqeyinə tam uyğun davranırlar. Azərbaycanda bugünkü uğurlar, stabillik bizi uğura aparan yeganə yoldur. Bunun əleyhinə daş atanlar böyük siyasətin oyuncaqlarına dönürlər. Ona görə bu ittihamları qəbul edə bilmərəm. Bu gün hər bir Azərbaycan vətəndaşının bir arzusu olmalıdır – ərazi bütövlüyünün bərpası. Bir il öncə aprel hadisələrində əsgərlərimiz, zabitlərimiz böyük qəhrəmanlıq göstəriblər. Bir belə torpaq azad edilib, 25 il işğaldan sonra Cocuq-Mərcanlı kəndində böyük quruculuq işləri aparılır, müxalifət, xaricdən kimlərsə deyir ki, Azərbaycan heç nəyə nail olmayıb. Necə nail olmayıb? Mən təəssüf edirəm ki, bu cür xoşagəlməz hərəkətlər edirlər. Ağızlarına gələni, savadsız, siyasi baxışdan çox, piyada düşüncələr ortaya qoyurlar. Təbii ki, hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da problem var. Ancaq bu problemləri aradan qaldırmaqdan ötrü ortada böyük siyasi iradə də var. Nəyə lazımdır bir şey olan kimi bunu qabardıb Azərbaycan əleyhinə istifadə etmək?

– Milli Şura hesab edir ki, dünyəvi, demokratik dövlət qurulan yerdə ailə hakimiyyətinə yer yoxdur, hakimiyyətin zirvəsində prezidentə yaxın şəxslərə deyil, başqalarına da şans verilməlidir.

– Məsələn, mən hesab edirəm ki, filan məsələni filan yerdə həll etməyə ən yaxşı namizəd ola bilərəm. Amma digər namizədlər məndən yüz dəfə artıq uğurlu iş ortaya qoyurlar. Bu cür qiymətləndirmə olmaz. Bu gün Azərbaycanda hər şey hüquq çərçivəsində edilir. Əksinə, riyaziyyat müəllimini müdafiə naziri qoyanda Azərbaycan torpaqları itirildi. O səhvləri buraxanlar bu gün böyük iddialarda olmamalıdırlar. O dövrü yaşamışıq. Savadsız, piyada insanlar hakimiyyətə gəldi, bu gün də onun altını çəkirik. Xaricdə oturub, Azərbaycana daş atmaq ən mənfi haldır.

– Amma bu fikirləri xaricdən deməyiblər, meydanda səsləndiriblər.

– Meydanda deyə bilərlər. Mitinq çağırıblar, neyləyiblər, özləri bilərlər, onların işinə qatışa bilmərəm. Amma Azərbaycanın uğurlu siyasətinə daş atmaq vaxtı deyil. Bu cür yersiz fikirlərə qarşıyam. Onlar düzgün yolda deyillər.

– Siz “uğurlu siyasət”dən danışırsınız. Ölkə rəhbərliyi isə beynəlxalq qurumlar tərəfindən korrupsiya ilə effektiv mübarizə aparmadığına görə tənqid edilir. Elə mitinqdə səslənən tələblərdən biri də monopoliyaya, korrupsiyaya, ölkənin talanına son qoyulması yönündədir. Siz hakimiyyətin bu yöndə siyasətini nə dərəcədə yetərli sayırsınız?

– Korrupsiya ilə yetərli səviyyədə mübarizə aparılır. Düşünürəm ki, bir az da ciddi aparılmalıdır. Amma bu, elə bir problem deyil ki, ölkə rəhbərinin bundan xəbəri olmasın və bununla bağlı mövqeyi olmasın. Bu istiqamətdə çox ciddi strukturlar yaradılıb, ciddi addımlar atılır. İstərdim bu, daha uğurlu olsun. Amma aidiyyatı qurumlar işlərini uğurla aparırlar. Xaricdən bura daş atmaq doğru addım deyil. Mən də Yaponiyada oturub bura o qədər daş ataram ki... Əsas odur ki, bura gəlib Azərbaycanda ən böyük problemində dəstək verəsən. Kimdənsə xoşumuz gəlsə də, gəlməsə də bu məsələdə bir yerdə olmalıyıq. Onlar şəxsi mənafedən yox, ölkənin mənafeyindən çıxış etməlidirlər.

– Bu gün Gürcüstan, Ukrayna sürətlə Avropaya inteqrasiya edir, artıq Avropa Birliyinə üzv dövlətlərə vizasız gediş-gəliş imkanı əldə ediblər. Azərbaycan bu baxımdan geri qalır. Niyə Azərbaycan avrointeqrasiyada maraqlı deyil? Yeri gəlmişkən, Milli Şura Azərbaycan hakimiyyətini Avropaya inteqrasiya etməməkdə qınayır.

– Azərbaycan istənilən Avropa dövləti ilə ikitərəfli münasibətlərin qurulmasında maraqlıdır. Bu istiqamətdə siyasətini aparır. Azərbaycan elə addımlar atır ki, vətəndaşı stabil, dinc ölkəsində yaşaya bilsin. Hər şey qaydasında gedir. Bəlkə də daha uğurlu nəticə istəyirik. Amma hər şeyi obyektiv qiymətləndirməyi bacarmaq lazımdır. Demirik ki, problem yoxdur. Problem var, bunu həll etmək istəyən qüvvələr də var.

XS
SM
MD
LG