Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:59

Doğum şöbəsinin müdiri məhkəmə zalında həbs olunub: iki ananın ölümü...


'Dövlətin doğum evində 1100 manat xərcim çıxdı'
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

'Dövlətin doğum evində 1100 manat xərcim çıxdı'

Cəlilabad rayon Mərkəzi Xəstəxanasının doğum və ginekologiya şöbəsinin müdiri olmuş Nigar Qəhrəmanova məhkəmə zalında həbs olunub. O, doğuş zamanı iki ananın ölümündə və rüşvət almaqda suçlanır.

42-yaşlı həkimin ittiham olunduğu ölüm hadisələrindən biri 2021-ci ilin iyununda, ikincisi isə həmin ilin sentyabrında baş verib. Birinci halda, qeysəriyyə əməliyyatı ilə əkiz uşaqlar dünyaya gətirən 37-yaşlı Xəyalə Əhmədova bir gün sonra vəfat edib. İkinci halda isə Cəlilabad rayonunun Muğan kənd sakini 19-yaşlı Fatimə Həziyeva əməliyyat yolu ilə övlad dünyaya gətirəndən sonra həyatını itirib.

Ekspertiza hər iki ölümdə həkim səhvi olması haqda rəy verib. İddia olunur ki, əməliyyatın gedişi zamanı və əməliyyatdan sonra Xəyalə Əhmədovada baş verən qanaxmanın mənbəyi, mənşəyi və miqdarı düzgün qiymətləndirilməyib. Nəticədə vaxtında lazımi tədbirlər görülməyib. O da qanitirmə səbəbindən ölüb.

İttihamlar

Həziyevaya gəlincə, ekspertiza belə qənaətə gəlib ki, həkim xəstəlik tarixçəsində onun qan və sidik analizlərinin aparıldığını göstərsə də, əslində bunu etməyib. Yəni, xəstənin durumunu aylar öncə aparılmış müayinələr əsasında qiymətləndirib: "Fatimə Həziyeva ilə bağlı lazımi tibbi prosedurlar aparılmayıb. Onda əməliyyatdan sonra baş vermiş daxili və xarici qanaxma vaxtında aşkar olunmayıb. Bu hallar Fatimə Həziyevanın çoxlu qan itirməsinə görə təkrar cərrahiyyə əməliyyatı edilməsinə... səbəb olub. İlkin və təkrar cərrahiyyə əməliyyatları tibbi-texniki cəhətdən düzgün icra edilməyib".

Bu ölüm hadisələrindən sonra hər iki qadının ailə üzvləri mama-ginekoloq Qəhrəmanovadan şikayətçi olub. O, cinayət məsuliyyətinə cəlb edilib. Həkim hər iki ananın ölümünə görə səhlənkarlıqda suçlanmaqla yanaşı, həm də onların ailə üzvlərindən rüşvət almaqda ittiham olunub. Qəhrəmanovaya qarşı Cinayət Məcəlləsinin (CM) 311.3.2 (təkrar rüşvət alma) və 314.2 (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

İddia olunur ki, həkim adları çəkilən qadınların hər biri xəstəxanada əməliyyat olunarkən ailə üzvlərindən 400 manat alıb.

"Bahalı dərmanları xəstələrin qohumlarına aldırırıq"

Həkim cinayət məsuliyyətinə cəlb olunsa da, istintaq və məhkəmə dövründə həbs edilməyib. Onun işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə deyib ki, özünü qismən təqsirli bilir. Ana ölümünə görə özünü günahkar sayır. Zərərçəkmiş ailələrlə barışıq əldə edib, ondan şikayətçi deyillər.

Rüşvət almaq məsələsinə gəlincə, bu ittihamı qəbul etmir. Onun sözlərinə görə, xəstəxana əməliyyat zamanı lazım olan bahalı dərmanlarla onları təmin etmir: "Düzdür, xəstəxana rəhbərliyi dərmanlar verir, amma onların əksəriyyətindən təyinatına uyğun olmadığına görə əməliyyatlarda istifadə etmirik. Müasir təbabətdə istifadə olunan bahalı dərmanları, tibbi ləvazimatları məcbur qalıb xəstələrin qohumlarına aldırırıq, ya da onların puluna alırıq. Bunu rüşvət, pul mənimsənilməsi kimi dəyərləndirmək doğru deyil".

Əvvəlcə cəzanın çəkilməsi təxirə salınıb...

Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu hər iki maddə ilə təqsirli bilib və 8 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Lakin öhdəsində 2017-ci il təvəllüdlü övladı olduğunu və ona tək baxdığını nəzərə alaraq, ona münasibətdə CM-in 79-cu (hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsini tətbiq edib. Bu maddə uşaq 14 yaşına çatana qədər cəzanın çəkilməsini təxirə salmağa imkan verir.

2022-ci ilin dekabrında çıxarılmış bu hökmdən prokurorluq da narazı qalıb, həkim də. Həkim rüşvət ittihamı üzrə bəraət, səhlənkarlığa görə isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəza verilməsini istəyib. Prokurorluq isə apellyasiya protestində, əksinə, 79-cu maddənin tətbiqinin ləğvini, onun dərhal həbs edilməsini, üstəlik, müəyyən müddətə vəzifə tutmaq hüququnun məhdudlaşdırılması ilə bağlı əlavə cəza da verilməsini istəyib.

Bu iş təkrar Şirvan Apellyasiya Məhkəməsində araşdırılıb və prokurorluğun protesti təmin olunub. Nigar Qəhrəmanovanın cəza müddəti 8 il 6 ay saxlansa da, onun icrasının təxirə salınması məsələsi ləğv edilib. O, mayın 5-də məhkəmə zalında həbs olunub. Apellyasiya məhkəməsi əlavə cəza olaraq ona 2 il də dövlət və yerli özünüidarə orqanlarında rəhbər və ya maddi-məsul vəzifə tutmağı qadağan edib.

XS
SM
MD
LG