Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:39

Dövlət borcuna ödənilən faizlər arta bilər


İnflyasiya təklif edilən faiz gəlirini "əridir".
İnflyasiya təklif edilən faiz gəlirini "əridir".

İnflyasiya istiqrazlara marağı azaldır

Hesablama Palatası gələnilki dövlət büdcəsinə rəyində dövlət borcu ilə bağlı ödənilən faiz ödənişlərinin artma ehtimalına diqqət çəkib. Axı hazırda ölkədə inflyasiya 13.4 faizdir və gələn il ən optimist ssenaridə bu rəqəm 6.9 faiz ola bilər. Yüksək inflyasiya istiqrazlardan götürülən gerçək gəliri aşağı salır. Yüksək inflyasiya daxili dövlət borclanması üzrə cəlb edilən istiqrazlara da marağı azaldır. Çünki indiki durumda dəyərsizləşmə həmin qiymətlər üçün təklif edilən faiz gəlirini "əridir". Bu üzdən, dövlət daha yüksək faiz dərəcəsi ilə borc cəlb etmək məcburiyyətində qala bilər. O biri yandan, Mərkəzi Bankın likvidliyi yüksək qısamüddətli notlar buraxması da dövlət istiqrazlarına maraq oyatmaq üçün faiz artımı doğura bilər.

Bunu da gözardı etmək olmaz ki, gələnilki büdcənin 3 milyard manata yaxın kəsirlə icra edilməsi nəzərdə tutulub, yəni proqnozlar doğrulsa, dövlət 3 milyard manat vəsait cəlb etməlidir. Hesablama Palatası narahatadır ki, bu həcmdə vəsaitin cəlbi mövcud iqtisadi durumda bank kreditlərinin real sektora transformasiyasını məhdudlaşdıracaq. Digər tərəfdən, bu hal geniş investor bazası olmayan qiymətli kağızlar bazarında da faiz artımına şərait yaradacaq. Palata 3 milyard manatlıq borc cəlbi baş verərsə, bunun dövlət borcu məbləğində önəmli artım doğuracağından da rahatsızdır. Gələn ilin dövlət büdcəsində daxili dövlət borcları ilə bağlı 230 milyon manat ödəniş nəzərdə tutulub.

Dövlət borcları ilə bağlı gözəçarpan digər bir trend - dəyişkən faizli borcların toplam borclarda payca artımıdır. İki il öncə - 2020-ci ilin ilk yarısında dəyişkən faizli borcların toplam borcda payı 37.3 faiz idi. Bu ilin ilk yarısının sonunda həmin göstərici 41.9 faizə yüksəlib. Nəzərə almaq lazımdır ki, son dövrlər inflyasiyanın kəskinləşməsi bir çox aparıcı ölkənin daha sərt pul siyasəti aparmasına – uçot dərəcələrini artırmasına səbəb olur. Bu, dəyişkən faizli borclarla bağlı faiz ödənişlərini artırır. Hesablama Palatası indiki iqtisadi durumda istər daxili, istərsə xarici borclarla bağlı faiz ödənişlərinin yüksəlmə ehtimalını diqqətə çatdırır.

Ehtiyac olmadan alınan borclar

Hesablama Palatası öz rəyində Maliyyə Nazirliyinin ehtiyac olmadığı halda borc almasına da diqqət çəkir. Bu ilin ilk səkkiz ayının nəticələrinə görə, dövlət büdcəsi 20 milyard 185 milyon manat gəlir əldə edib. Həmin müddət ərzində büdcənin xərcləri 18 milyard 152 milyon manat olub. Deməli, ilk səkkiz ayda dövlət büdcəsinin gəlirləri onun xərclərini 2 milyard manat qabaqlayıb. Belə olsa da, Maliyyə Nazirliyi ilboyu kəsirin maliyyələşdirilməsi mənbələri üzrə 576 milyon manat vəsait cəlb edib. Daxili borclanma hesabına cəlb edilən 380 milyon manat vəsait büdcənin qalığına yönəldilib. Bu qəribəliyi nəzərə alaraq Hesablama Palatası bildirir ki, dövlət büdcəsi profisitlə icra edildiyi halda borclanmaya gedilib. Nəticədə, həmin vəsait əlavə faiz xərcləri doğurub və borc öhdəlikləri yeni borclanma hesabına ödənilərkən faiz dərəcələrinin artması ehtimalı yaranıb.

Yeni strategiya hazırlanmayıb

Azərbaycanda dövlət borcları ilə bağlı problem sayılan digər məsələ bu borcların yönəldilməsinə dair yeni strategiyanın hazırlanmamasıdır. Həmin tələbin hüquqi əsası da var. Belə ki, "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da belə borclarla bağlı yeni strategiyanın hazırlanması nəzərdə tutulsa da, hökumət buna əməl etməyib. Hesablama Palatasının fikrincə, qlobal iqtisadi böhran və çağırışlar da yeni strategiya gərəkdirir.

Hökumət ölkədə dövlət borcları ilə bağlı investor şəbəkəsinin genişləndirilməsinə də nail ola bilməyib. Palata bildirir ki, bazarda daha geniş auditoriyanı əhatə edəcək rəqabət mühitindən danışmaq olmaz. Yeri gəlmişkən, Bakı Fond Birjasının açıqladığı hesabatlar da Hesablama Palatasının bu qənaətini təsdiqləyir.

Birjanın hesabatlarına görə, ötən il 2020-ci illə müqayisədə dövriyyə 2 milyard 400 milyon manat və ya 18.6 faiz artsa da, həmin müddətdə birjada korporativ qiymətli kağızların dövriyyəsi 61 faiz (1 milyard 300 milyon manat) azalıb. Bu baxımdan, aydın olur ki, toplam dövriyyədəki artım repo əməliyyatları ilə bağlıdır. Repo əməliyyatlarının təhlili isə göstərir ki, bu artımlar, əsasən, dövlət istiqrazları hesabına təmin edilib. Bunu nəzərə alan Hesablama Palatası öz rəyində bildirir ki, "mövcud strategiyada nəzərdə tutulmuş təkrar bazarın formalaşdırılması istiqamətində görülən işlər, praktik olaraq, istənilən qədər təsirli olmamış və mövcud investor şəbəkəsinin məhdudluğu müşahidə olunmuşdur". Hesablama Palatası ölkənin qiymətli kağızlar bazarına yeni investorların cəlbini və azad rəqabət mühitinin formalaşdırılmasını da vacib sayır.

XS
SM
MD
LG