Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:02

Ekspert: 'Neft ölkələri üçün vəziyyət ürəkaçan deyil'


Sibirdə neft buruqları
Sibirdə neft buruqları

Dünən, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşündə OPEC+ üzrə neft hasilatının gündəlik 10 milyon barrel azaldılması barədə razılığa gəlinib. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün gündə 6.085 mln. barrel, qeyri-OPEC ölkələri üçün isə 3.915 mln. barrel müəyyən edilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barrel azaltmaqla 587 min barrel səviyyəsində saxlamalı olacaq.

Razılaşma mayın 1-dən qüvvəyə minməli və müəyyən şərtlər daxilində iki il qüvvədə olmalıdır.

R.Həsənov
R.Həsənov

"Ciddi qiymət artımı olmadı"

İqtisadçı-ekspert Rəşad Həsənov AzadlıqRadiosuna deyib ki, bu razılaşmadan sonra da neft bazarında ciddi qiymət artımı olmadı (Hazırda "Brent" neft 32 dollar civarında satılır. Azərbaycan nefti isə 25 dollardan alıcı qazanıb): "OPEC+ formatının qərarı açıqlandıqdan sonra neft bazarında qiymətin azalma prosesi baş verdi ki, bu da bazarın neqativ reaksiyası deməkdir. Bunun da əsas səbəbi budur ki, hasilatın azaldılması gözləntiləri daha yüksək, yəni 35-40 faiz həddində idi ki, bu da gündəlik 35 milyon barrel azalma gözləntisi deməkdir".

Ekspertə görə, bundan sonra qiymətlərin bahalaşacağını proqnozlaşdırmaq sadəlövhlük olardı: "Buna görə də indiki şərtlər daxilində neftin barrelinin 30 dollar üzərində saxlanması bazarın ən optimist inkişaf versiyası ola bilər".

Bakıda dollar qıtlığı: vətəndaşlar danışır
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

"40-45 dollar arasında..."

R.Həsənov vurğulayıb ki, Azərbaycan da daxil olmaqla, neft ölkələri üçün vəziyyət bu şərtlər daxilində o qədər də ürəkaçan deyil. O xatırladıb ki, Azərbaycan 2020-ci il dövlət büdcəsində neftin bir barrelini 55 dollardan götürüb: "İndiki hesablamalara görə, neftin qiyməti 40-45 dollar arasında dinamika nümayiş etdirməlidir ki, ölkənin tədiyyə balansında yaranacaq riskləri minimuma endirmək mümkün ola bilsin".

Ekspert vurğulayıb ki, dövlət büdcəsi və digər vergi xərcləri ilə bağlı artıq yenidən qiymətləndirmə çağırışı yaranıb. Onun fikrincə, böyük ehtimalla yaxın zamanda parlament buna baxacaq, amma neftin qiymətinin 30 dollardan aşağı olması xüsusi çətinlik yaradıb.

V.Əhmədov
V.Əhmədov

"Bu gözlənilirdi"

"Neft hasilatının azaldılması ilə bağlı OPEC+ formatında danışıqların gözlənilən kimi yekunlaşması, əlbəttə, yaxşıdır, bu məsələdə bir irəliləyiş olmalı idi".

Bunu isə deputat Vahid Əhmədov bildirib.

Amma, onun fikrincə, dünya neft bazarında qiymətin enməsində əsas məsələ Rusiya və Səudiyyə Ərəbistanı arasındakı mübahisə deyil. Deputat vurğulayıb ki, bu, daha çox hazırda mövcud olan koronavirus pandemiyasının yaratdığı şəraitdir: "Hələlik, bu virusun yayılmasının səbəbi, bunun nə zaman qarşısının alına biləcəyi, bu virusu məhv edəcək vaksinin olub-olmaması ilə bağlı proqnozlar belə yoxdur. Söz olaraq deyirlər ki, haradasa iyul ayında bu virusa qarşı vaksin hazır ola bilər. Odur ki, bu virusun mövcudluğu, onun məhv edilməsinin uzanması da neftə tələbata mənfi təsir göstərir. Belə ki, müəssisələr, obyektlər işləmirsə, neft kimə lazımdır?. Heç kimə lazım deyil".

V.Əhmədov hesab edir ki, koronavirusun və onun fəsadlarının aradan tez qaldırılması neftə tələbatı artıraraq qiymətinə təsir göstərəcək.

XS
SM
MD
LG