Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

Baş nazir və müxalifət lideri inflyasiyanı necə hesablayır?


Baş nazir Əli Əsədov
Baş nazir Əli Əsədov

Bu il Azərbaycanda ən çox dartışılan mövzulardan biri bahalaşma oldu. Demək olar, bütün mal və xidmətlərin qiyməti artıb. Ölkədə inflyasiyanın son illərin ən pik həddində olduğunu rəsmi rəqəmlər də təsdiqləyir. Bahalaşma sadə vətəndaşlar qədər siyasətçilərin də ən çox dilə gətirdiyi mövzulardan birinə çevrilib. İstər hökumət nümayəndələri, istərsə müxalif siyasətçilər çıxışlarında tez-tez qiymət artımları məsələsinə toxunurlar. Hökumət nümayəndələri bahalaşmanı daha çox xarici amillərə bağlayırlar. Onların fikrincə, Azərbaycandakı bahalaşma daxili səbəblərdən deyil, qlobal amillərdən qaynaqlanır. Müxalif siyasətçilərsə hökuməti qiymət artımları ilə səmərəli mübarizə aparmamaqda suçlayırlar.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda əhalinin xərclərinin 60 faizə yaxınını məhz qida məhsulları tutur. Bu baxımdan, səbəbi hər nə olsa da, qidanın bahalaşması insanların sosial rifahına ciddi təsir göstərir.

Ərzaq qiymətləri 60 faiz artıb?

Bugünlərdə Baş nazir Əli Əsədov da inflyasiya məsələsinə toxunub. O, Milli Məclisin plenar iclasındakı çıxışında deyib ki, "cari ilin ötən dövründə Azərbaycanda ikirəqəmli inflyasiya, əsasən, ərzağın 60 faizdən çox bahalaşması hesabına formalaşıb". Baş nazirin bu açıqlaması sensasiya sayıla bilər, çünki Azərbaycanda əksər hallarda hökumət rəsmiləri bu tip göstəricilərin minimum həddə olduğunu bildirirlər. Nəzərə almaq lazımdır ki, baş nazirin açıqladığı rəqəm hətta Dövlət Statistika Komitəsinin açıqladığı inflyasiya göstəricisindən də bir neçə dəfə yüksəkdir. Baş nazirlə yanaşı, müxalifətdə təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də bugünlərdə verdiyi açıqlamada bahalaşmadan söz açaraq bildirib ki, ölkədə qiymətlər 43 faiz artıb.

Dövlət Statistika Komitəsi nə deyir?

Azərbaycanda inflyasiyanı Dövlət Statistika Komitəsi (DSK) ölçür. Qurumun açıqladığı son göstəricilərə görə, bu ilin ilk 11 ayı ərzində Azərbaycanda orta illik inflyasiya 13.8 faiz olub. Bu, son illərdə qeydə alınan ən yüksək nəticədir. Məsələn, 2018-2020-ci illərdə ölkədə açıqlanan inflyasiya göstəricisi 3 faizdən az idi. Manatın iki dəfə dəyər itirdiyi 2015-ci ildə və ölkə iqtisadiyyatının ciddi böhran keçirdiyi 2016-2017-ci illərdə də inflyasiya göstəricisi belə yüksək olmamış, maksimum 12.9 faiz həddində açıqlanmışdı.

Sırf ərzaq inflyasiyası gözdən keçirilsə, qida məhsulları üzrə bahalaşmanın ümumi inflyasiyadan daha yüksək olduğu üzə çıxar. Bu ilin ilk 11 ayında ölkədə qida inflyasiyası 20.2 faiz olub. Ötən ilin eyni ayı ilə müqayisədə bahalaşma nisbətən daha yüksək – 20.8 faiz həddindədir.

Baş nazir nəyi nəzərdə tutur?

DSK ərzaq inflyasiyasını 130-a yaxın qida məhsulunun daxil olduğu səbətin orta bazar qiyməti əsasında hesablayır. Ayrı-ayrı qida məhsulları üzrə bahalaşma göstəricilərinə baxdıqda bəzi məhsullarda çox ciddi qiymət artımı gözə çarpır. Məsələn, son bir ildə ölkədə ən çox bahalaşan qida məhsulu çörəkdir. Rəsmi rəqəmlərə görə, son bir ildə Azərbaycanda çörək 57 faiz bahalaşıb. Kartof (51 faiz), duru yağlar (35 faiz), şəkər tozu (25 faiz) kimi əhalinin qida rasionunda önəmli paya sahib məhsullarda da ciddi qiymət artımları var. Ancaq bu göstəricilər də baş nazirin səsləndirdiyi rəqəmin qaynağını göstərmir. Məsələni yalnız digər rəsmi orqanın – Mərkəzi Bankın pul siyasəti icmalına dair hesabatı bir qədər aydınlaşdırır. Həmin açıqlamada bildirilir ki, ümumi illik inflyasiyanın formalaşmasında ərzağın payı əvvəlki ilin sentyabrındakı 53 faizdən cari ilin sentyabrındakı 60 faizə yüksəlib. Başqa deyimlə, ölkədə ümumi inflyasiya göstəricisinin formalaşmasında ərzaq məhsullarının payı 60 faizdir. Unutmaq olmaz ki, ölkə üzrə inflyasiya göstəricisi hesablanarkən təkcə qida məhsulları deyil, qeyri-qida məhsulları da nəzərə alınır. Bu baxımdan, ehtimal etmək olar ki, baş nazir qida məhsullarının bahalaşmaya təsirini və inflyasiyanın hesablanması metodologiyasını bilmir.

Digər bir ehtimalsa Əli Əsədovun fikrini düzgün ifadə edə bilməməsidir. Nəzərə almaq lazımdır ki, baş nazir Azərbaycan dilində bir o qədər də səlis danışa bilmir. Onun Azərbaycan dilində hətta hazır mətni üzündən oxuyarkən də çətinlik çəkməsi tez-tez müzakirə doğurur. Di gəl, istənilən halda, səbəbi hər nə olsa da, baş nazirin inflyasiya hesablanmasından bixəbərliyi və ya ana dilində düzgün danışa bilməməsi tənqidə layiqdir.

Mərkəzi Bankın açıqladığı göstəricilər Baş nazir Əli Əsədovun inflyasiyaya dair açıqlamasını anlamağa ehtimal yaradır. Ancaq AXCP sədri Əli Kərimlinin inflyasiya göstəricisi ilə bağlı açıqladığı rəqəmi hansı qaynağa istinad edərək səsləndirdiyi bilinməz qalır. Axı, həmin rəqəm rəsmi göstəricilərdən çox uzaqdır. Eyni zamanda, ölkədə alternativ inflyasiya hesablamaları da aparılmır, çünki vətəndaş cəmiyyətinə və müstəqil ekspertlərə yaradılan çətinliklər bu tip alternativ hesablamaların reallaşmasını çətinləşdirir. Üstəlik, belə irimiqyaslı işlər ciddi maddi və insan resursu tələb edir.

Bu da var ki, müstəqil ekspertlər də DSK-nın açıqladığı göstəricilərlə bağlı tez-tez tənqidi fikirlər səsləndirir. İnflyasiya göstəricisi ilə bağlı əsas tənqidlər hökumətin inflyasiya hesablanmasında istifadə etdiyi səbətin tərkibi ilə bağlıdır. Azərbaycanda bahalaşma səviyyəsinin müəyyənləşdirilməsində istifadə edilən səbətin tərkibi bəzi başqa ölkələrlə müqayisədə daha genişdir. Bu baxımdan, müstəqil ekspertlərin fikrincə. səbətin tərkibində əhalinin daha çox pul xərclədiyi mal və xidmətlərə üstünlük verilsə, gerçək inflyasiya göstəricisi daha yüksək ola bilər.

XS
SM
MD
LG