Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:38

Əliyevin 'Zəngəzur dəhlizi' bəyanatına Ermənistandan cavab


BMT arxivindəki xəritələrdə Zəngəzur necə göstərilir?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

BMT arxivindəki xəritələrdə Zəngəzur necə göstərilir?

Azərbaycan Prezidenti İlham Əliyevin son destruktiv bəyanatlarının Vaşinqton, yaxud Soçi danışıqları ilə əlaqəsi yoxdur. Bunu AzadlıqRadiosunun erməni xidmətinə Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Eduard Ağacanyan deyib.

Prezident Əliyev noyabrın 8-də – Zəfər günündə Şuşada çıxışında Ermənistanı 2020-ci il 10 noyabr atəşkəs bəyanatına əməl etməməkdə, silahlı qüvvələrini Qarabağdan çıxarmamaqda ittiham edib. “Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq”, – Əliyev vurğulayıb.

Deputat belə bir öhdəliyin olmadığını deyir

“Bütün danışıq prosesi kontekstində, özəlliklə müharibədən sonrakı dönəmdə Azərbaycan prezidenti konstruktivliyi ilə seçilməyib. Məncə, onun dediklərini Vaşinqton prosesi, Soçi prosesi, yaxud hər hansı başqa proseslə əlaqələndirməyin mənası yoxdur”, – Ağacanyan bildirib.

Prezident Əliyev Zəngəzur dəhlizinin Ermənistanın öhdəliyi olduğunu bildirib. Ermənistanlı deputat isə qeyd edir ki, Yerevan heç vaxt belə bir öhdəlik götürməyib, söhbət yolların açılmasından gedir. Rəsmi Yerevan bundan öncə də dəhlizin Ermənistan üçün qırmızı xətt olduğunu vurğulayıb. “Bu məsələdə mövqeyimiz heç vaxt dəyişməyib, dəyişməyəcək”, – deputat söyləyib.

Laçın dəhlizi ilə müqayisə

Prezident Əliyev dünənki çıxışında Laçın dəhlizi ilə “Zəngəzur dəhlizi” arasında müqayisə aparıb. “Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?”, – Prezident vurğulayıb.

Ağacanyan isə deyir ki, 2020-ci il 9 noyabr bəyanatında yalnız Laçın dəhlizinin adı çəkilir: “Laçın dəhlizini heç bir halda özlərinin dediyi ‘Zəngəzur dəhlizi’ ilə müqayisə etmək olmaz. Söhbət nəqliyyat xətlərinin açılmasından gedir, bu məsələdə mövqeyimiz dəyişməyib, dəyişməyəcək də”.

Çıxışında ordunun imkanlarından danışan Prezident Əliyev deyib ki, Azərbaycanı “indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik”.

Deputat Ağacanyan isə deyir ki, Azərbaycanın təhdidedici bəyanatları Ermənistan tərəfin mövqeyinə təsir göstərə, yaxud onu dəyişə bilməz.

Nəzarət-buraxılış məntəqələri təklifi

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs bəyanatı əsasında Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycanın Ermənistan ərazisindən – Syunik vilayətindən Naxçıvan eksklavına dəhliz istəməsinə Baş nazir Nikol Paşinyan daha öncə münasibət bildirib. Paşinyan deyib ki, Ermənistan öz ərazisindən keçən istənilən marşrut üzərində suverenliyini saxlamalıdır. O da 2020-ci ilin atəşkəs bəyanatında Ermənistan ərazisindən hər hansı marşrut tələbinin qoyulmadığını söyləyib.

Ermənistan avqustda Azərbaycanla sərhəddə, Naxçıvana gediş-gəliş üçün üç nəzarət-buraxılış məntəqəsi açmağı təklif edib, bu marşrutların Ermənistan qanunvericiliyi ilə işləyəcəyini bildirib. Bakı bu təklifi rədd edib, təklif olunan yolların qeyri-münasib relyefini və iqlim şəraitini əsas gətirib. Bakı Syunikin cənub hissəsindən, sovet vaxtı dəmiryolu olan marşrutun verilməsində təkid edir.

Ermənistanlı hüquq müdafiəçisi: "Təkcə son 1 ildə orduda 51 ölüm halı olub"
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Yerevanın erməni silahlı qüvvələrinə dair mövqeyi

Prezident Əliyev dünənki çıxışında erməni silahlı qüvvələrin Qarabağdan çıxmadığını bildirib.

"Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq", - o vurğulayıb.

Ermənistanın hazırda Qarabağ ərazisində hərbçisi olmadığını deyir. Yerevan onu da qeyd edir ki, 2020-ci il atəşkəs bəyanatında “müdafiə ordusu” kimi tanınan yerli etnik erməni silahlı dəstələrin tərksilah tələbi qoyulmayıb.

Prezident Əliyev Şuşadakı çıxışında Azərbaycanın sülh istəyini bir daha dilə gətirib. Bu çıxışdan öncə iki ölkənin xarici işlər naziri Ceyhun BayramovArarat Mirzoyan Vaşinqtonda bir araya gəliblər. ABŞ-ın Dövlət katibi Entoni Blinken qapalı danışıqlardan öncə tərəflərin sülhə doğru “cəsarətli addımlar”ını alqışlayıb.

Vaşinqton görüşündən öncə isə Əliyevlə Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putinin iştirakıyla görüşüblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG