Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:54

Ucar sakini: «Əməyimiz istismar olunur, müfəttişlik göz yumur»


Fəhlələr. Foto arxiv.
Fəhlələr. Foto arxiv.

-

«Mənimlə nə əmək, nə də xidməti müqavilə bağlamadan işlədiblər. Aylarla əməkhaqqımı gecikdiriblər. Hər dəfə «sabah-sabah» deyə-deyə maaş üst-üstə yığılıb. Sonra da «daha sənin işinə ehtiyacımız yoxdur» deyib qovublar».

1200 MANATDAN ÇOX BORC

Ucar sakini Elşən Xəlilov AzadlıqRadiosunun «Qaynar xətt»inə işlədiyi müəssisədən və 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyindən şikayətçi düşüb. Deyir, onu xeyli müddət müqaviləsiz fəhlə kimi işlədib qovandan sonra 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə şikayət edib. Şikayətinə baxılmadıqda birbaşa nazir Səlim Müslümova yazıb. Nazirə yazdığı məktub da araşdırılması üçün 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə gəlib çıxıb. Onun iddiasına görə, müfəttişlik ərizəni araşdırmaq əvəzinə qarşı tərəfi himayə edir:

«Ucarın Alpout kəndində yerləşən «Ucar Aqro» MMC-də (Mərcan Broyler) müqaviləsiz fəhlə işləmişəm. Məni işə şirkətin mühəndisi dəvət etmişdi. Bunun üçün sübutlarım da kifayət qədərdir. Şirkətin mənə 1200 manatdan çox borcu var. Mənə borclarının olmasını mühəndisin mənə yazdığı mesajlarında da təsdiqlənir. Nazirdən məktub müfəttişliyə gələndən sonra məni müfəttişliyə çağırıb dedilər ki, «Ucar-Aqro» MMC-də işləməyimi və məni işə götürən, sonra da işdən qovan mühəndisin adını hallandırmayım. Yazım ki, guya mənə həmin şirkətin Namiq adlı işçisinin pul borcu var. Şirkətin adı qara siyahıya düşməsin. Əvəzində pulumu ödəyəcəklər. Əslində, mən həmin Namiq adlı işçisinin təklifi ilə 4 ay «Azpod» MMC-də də elektrik işləri görmüşəm, onun da pulunu almamışam. Müfəttişlikdə təklif etdilər ki, izahatımda tam borcun Namiq tərəfindən ödənilməsi tələbini qoyum, belə halda pulum ödəniləcək. Mən də təkliflə razılaşdım ki, təki bunlardan pulumu ala bilim. Müfəttişliyin rəisi izahatımı aldı, vəd etdi ki, tezliklə şirkət mənə olan borcunu ödəyəcək».

«BİR-BİRLƏRİNƏ ÇÖRƏK VERİRLƏR»

Deyir, o gün-bu gün, indi qalıb Müfəttişliyin yolunda. Əvvəllər heç olmasa, vəddən, təsəllidən verib yola salırdılar. İndi ümumiyyətlə, üzünə müfəttişlikdə baxan da yoxdur:

«Mənim kimilərdən ərizə alıb özləri üçün istifadə edirlər. Ərizələrimizdən alət kimi bir-birlərinə qarşı istifadə edirlər. Bir-birləri ilə əlaqəyə girirlər, bir-birlərinə «çörək verirlər»».

15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyindən «Qaynar xətt»ə bildiriblər ki, vətəndaşın şikayəti araşdırılma mərhələsindədir.

«VİDEO, FOTOGÖRÜNTÜLƏRƏ EHTİYAC VAR»

Hüquqşünas Vaqif Alıyev deyir, vətəndaş həm müfəttişliyin hərəkətsizliyindən, həm də iddia etdiyi kimi, müqaviləsiz çalışdığı müəssisələrdən məhkəməyə müraciət etməlidir:

«Bunun üçün həmin şirkətdə çalışdığını təsdiq edən müəssisə işçilərinin şahidliyi, yaxud orada işlədiyini təsdiqləyən video, fotogörüntülərə ehtiyac var. O, sübuta yetirməlidir ki, həqiqətən də filan müddətdən filan müddətədək həmin müəssisədə işləyib».

Elə Elşən Xəlilov da onunla müqavilə bağlamayan «Azpod»un və «Ucar-Aqro»nun qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılmasını tələb edir.

XS
SM
MD
LG