Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:17

Ermənistan parlamenti ‘Qarabağ’ komissiyası yaratmaqdan imtina etdi


Ermənistan Milli Məclisi
Ermənistan Milli Məclisi

Parlament “xarici əlaqələr” komissiyasının adının dəyişdirilərək “xarici əlaqələr və Qarabağ məsələləri” üzrə komissiya edilməsi barədə təklifi qəbul etməyib.

Ermənistan parlamenti sentyabrın 13-də müxalif Hayastan fraksiyasının “xarici əlaqələr” komissiyasının adının dəyişdirilərək “xarici əlaqələr və Artsax (Qarabağ-red) məsələləri” üzrə komissiya edilməsi barədə təklifini qəbul etməyib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Milli Məclisdə mütləq çoxluğa malik hakim “Vətəndaş müqaviləsi” partiyası səsvermədə iştirak etməyib.

Bundan bir neçə gün əvvəl dövlət-hüquq məsələləri daimi komissiyası bu təkliflə bağlı mənfi rəy vermişdi.

Ad problemləri həll etmir

Həmin komissiyanın sədri Vladimir Vardanyan sentyabrın 13-də təkrarən bildirib ki, komissiyanın adının dəyişdirilməsi Ermənistan və Dağlıq Qarabağın qarşısında dayanan problemləri həll etmir:

“Təklif olunan qərar layihəsinin bir hissəsi Ermənistan və Artsax (Qarabağ-red) parlamentləri arasında razılaşma əsasında yaradılmış bu komissiyanın səlahiyyətlərinə aid idi”.

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından millət vəkili Armen Rustamyan deyib ki, hakimiyyətin Qarabağdan ümumiyyətlə imtina etmək niyyətinin olmasına əsaslı şübhələr yaranıb:

“2020-ci ildə Artsax (Qarabağ-red) Respublikasının yeni milli məclisinin seçilməsindən bəri bu komissiyanın çərçivəsində bircə iclas da çağırılmayıb, yəni bunun ardınca siz bu komissiyaların yaradılması ideyasını, ümumiyyətlə Artsax (Qarabağ-red) adını rədd edirsiniz və deyirsiniz ki, bu reallığa uyğun deyil”.

MSK tənqid olunur

Parlamentin iclasında müzakirə olunan məsələlərdən biri də Mərkəzi Seçki Komissiyasının (MSK) 20 iyun parlament seçkisi barədə hesabatı idi.

Müxalif “Şərəfim var” fraksiyasının katibi Ayk Mamicanyan xatırladıb ki, seçki dövründə MSK bir sıra namizədlər barəsində cinayət işlərinin qaldırılması ilə bağlı vəsatətləri təmin edib.

Deputat MSK-nın sədri Tiqran Mukuçyandan soruşub ki, komissiya bunun əvəzində siyasi təqib barədə məsələ qaldıra bilməzdimi:

“Cənab Mukuçyan xatırlatmaq istərdim ki, təbii olaraq sizin funksiyanız məhkəmə funksiyası deyil. Yəni sizin vəzifəniz vətəndaşları siyasi təqibdən müdafiə etməkdir. Əgər düzgün başa düşürəmsə, bu, qanunun tələbidir”.

Mukuçyan bu sualın cavabında deyib:

“Məsələ Seçki Məcəlləsinin 95-ci maddəsinin 5-ci hissəsi ilə bağlıdır. Biz də bu tələbdən ilk dəfə olaraq istifadə etmişik. Əslində isə deməliyəm ki, siz hansısa hüquq normasını tətbiq edəndə təbii olaraq bu normadakı problemlər üzə çıxmağa başlayır.”

Azatutyun xatırladır ki, keçmiş hakimiyyətin dövründə Mukuçyan, o cümlədən indi baş nazir Nikol Paşinyan tərəfindən kəskin tənqidlərə məruz qalmışdı. O vaxt Paşinyan müxalifət deputatı idi.

XS
SM
MD
LG