Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:20

Evdən necə işləməli


Pandemiya zamanı evdən işləmək adi vaxtlardakından daha çətindir.
Pandemiya zamanı evdən işləmək adi vaxtlardakından daha çətindir.

BBC öz oxucularına istinadən yazır ki, pandemiya zamanı evdən işləmək adi vaxtlardakından daha çətindir. Çünki bu halda insanlar iş yerlərini ailələri ilə paylaşmağa, qorxu, həyəcan və digər mental sağlamlıq məsələlərinin öhdəsindən gəlməyə məcburdurlar.

İnsanlar arasında özünütəcrid rejimini "depressiv" sayanlar da var, bu qeyri-adi vəziyyətin artıq öyrəşməli olduğumuz "yeni norma" olduğunu qəbul edə bilməyənlər də. Ancaq bununla yanaşı, bütün çətinliklərə baxmayaraq, bu vəziyyəti məhsuldar hesab edənlər də az deyil. Yetər ki, düşüncə tərzini və davranışlarını düzgün istiqamətə yönləndirəsən.

Bir çox oxucular gün ərzində daha çox çalışdıqlarını deyiblər. Evdən işlədiklərinə görə çoxları günün nə vaxt başlayıb, nə vaxt bitdiyini sezə bilmirlər. Ofisdə öyrəşdiyimiz nahar fasilələri, həmkarlarla söhbətləşmə olmadığı üçün bəziləri işlərinə fasilə verməyi də unudurlar. Gün ərzində bir neçə dəfə fasilə verməyin vacibliyini vurğulayanlar da olub.

Qəhvə və çay fasilələri

Almaniyadan olan audio marketinq meneceri Angeliki Heinz əri ilə "normal" həmkarlar kimi mətbəxdə qəhvə fasilələrinə çıxır. "Tracemylife" şirkətinin həmtəsisçisi, britaniyalı Diana Nilsson isə BBC-yə deyib ki, onun ailəsi işləri bitirib-bitirməməsindən asılı olmayaraq, səhər, günorta və şam yeməklərindən, çay fasilələrindən qalmır.

Christina Brazzale adlı başqa bir britaniyalı oxucu hesab edir ki, evdən işləyəndə adamın diqqəti ofisdəkindən daha az yayınır. Üstəlik, evdən işləyəndə iş masası arxasında yeməkdənsə normal nahar etmək olur. O, nahar fasilələrində çölə çıxıb günəşdə gəzişmək, təmiz hava udmaqla fasilə vaxtını daha keyfiyyətli keçirdiyini, köhnə vərdişlərini dəyişdiyini deyir.

Cənubi Koreyada uşaq bədii kitablarının redaktəsi ilə məşğul olan Hannah Allyse Kim adlı oxucu insanları özlərini çox yormamağa, daha rahat olmağa çağırır: "Sizə elə gələ bilər ki, evdə qalmışkən bütün təmir, səliqə-sahman işləri ilə məşğul olmalısınız. Özünüzü gücə salmayın. Hər gün qrafikinizdəki işdən savayı bir neçə əlavə işi tamamlamaq beyninizi yeniləyir. Bu, çoxdan oxumaq istədiyiniz kitab da ola bilər, mətbəxdə yeni resepti sınaqdan keçirmək də".

Transformasiya təlimatçısı, britaniyalı Yvonne Dodd da gündəlik qrafik qurmağı təklif edir. Ancaq o deyir ki, bu qrafikə çox ciddi əməl edə bilməyəndə özümüzü qınamağa dəyməz. O, bundansa imkan daxilində təmiz havaya çıxıb bir az hərəkət etməyi təklif edir.

Açıq havada işləmək

Bir çoxları üçün günlər bir-birinə bənzəməyə, maraqsız olmağa başlayıb. Bir neçə oxucu evin daha çox təbii işıq düşən yerində, yaxud hətta açıq havada işləməyi tövsiyə edib. Bu, eyvan da ola bilər, evinizin arxa bağçası da.

İsveçrəli bir oxucu öz mətbəx masasını pinq-ponq masasına çevirib. Londonda yaşayan başqa bir oxucu isə fasilələrdə müntəzəm olaraq uşaqlarının trampolinində hoppanır və həmkarları ilə virtual qaçışlar təşkil edir.

Evdə uşaqları olan insanlara daha çətindir. Uşaqların başını qatmaq, onlara iş tapşırmaq, onlarla oyun oynamaq bir xeyli vaxt alır.

Britaniyalı şirkət sahibi Emma Cantril artıq 20 ildir ki, evdən işləyir. Buna baxmayaraq, o, bütün ailə, biş-düş, təmizlik işlərinin birdən-birə üstünə gəlməsini əsas çətinlik kimi görür. Ailə üzvləri öz işlərinə fokuslanmaq üçün sakit bir guşə tapa bilmirlər. Cantril tövsiyə edir ki, evdə qarışıqlıq və səliqəsizliyin qarşısını almaq üçün hər ailə üzvü işini bitirəndən sonra tökdüyünü yığışdırsın və ətrafı səliqəyə salsın. "Əks halda, bunun öhdəsindən gəlmək olmaz və siz axşamlar öz dəyərli vaxtınızı yır-yığışa sərf etməli olarsınız", - o deyir.

XS
SM
MD
LG