Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:02

'Fastly' insidenti: Bir müştərinin ehtiyatsızlığı...


Data mərkəzi
Data mərkəzi

Bu ayın əvvəli ABŞ-da kütləvi internet kəsintisi yaşanıb. İyunun 8-i səhər saatlarında Amazon, Reddit, Spotify, eBay, Twitch, Pinterest "Fastly" adlı xidmətdə baş verən problem nəticəsində oflayn olub. CNET saytı bunun nə üçün baş verdiyi və problemin necə həll olunduğu haqda yazıb.

Sən demə, bu qədər irimiqyaslı problem "Fastly"nin təkcə bir adı çəkilməyən müştərisi ucbatından baş verib.

Problem 1 dəqiqəyə müəyyən edilib

"Fastly" mayın ortası içində virus olan bir proqram barədə xəbərdarlıq edibmiş. Ancaq iyunun 8-də müştərilərdən biri ehtiyatsızlıq edərək bu virusu işə salıb və şirkətin şəbəkəsinin 85 faizini iflic edib.

Şirkət rəsmisinin bloq postunda verdiyi məlumata görə, problem cəmi 1 dəqiqə içərisində müəyyən edilib və 49 dəqiqə ərzində şəbəkənin 95 faizinin normal fəaliyyəti bərpa olunub.

Ancaq hadisənin miqyası o qədər böyük olub ki, BBC, CNN və "The New York Times" da daxil olmaqla, bir sıra əsas xəbər saytları bir müddət işləməyib. Twitter-in özü işləyirmiş. Ancaq onun emocilərini "Fastly" idarə etdiyindən onların istifadəsində problem var imiş. Bu səbəbdən bəzi tvitlər qəribə görünürmüş.

Hətta Britaniya hökumətinin gov.uk domeni də işləmirmiş. "The Guardian" yazır ki, hökumətin apardığı araşdırma hətta vətəndaşların COVID-19 testi üçün görüş ala bilmədiyini müəyyən edib. Bir Twitter istifadəçisi xaricdən gələn bütün sərnişinlərin doldurmalı olduğu bir formanı doldura bilmədiyini yazıb.

Eyni anda 2 milyon oxucuya xidmət

"Fastly" mərkəzi qərargahı San-Fransiskoda olan bulud (cloud) kompüter xidmətidir. 2011-ci ildən fəaliyyətdədir. Şirkət 2017-ci ildə sayt, video və digər irihəcmli kontentin daha tez və hamar açılmasını təmin edən texnologiya işlətməyə başlayıb.

Şirkət öz saytında yazır ki, Buzzfeed-in səhifələrinin 50 faiz daha sürətlə yüklənməsinə və "The New York Times"a seçki gecəsi eyni anda 2 milyon oxucuya xidmət göstərməyə kömək edib. "Edge computing" adlanan bu texnologiya, eyni zamanda, saytları DDoS hücumları və botlardan qoruyaraq mühüm kibertəhlükəsizlik funksiyaları yerinə yetirir.

Bu növ bulud platformasının lokallaşdırılmış olması problem yaranan zaman onun bütün saytlarda və hər yerdə eyni formada təzahür etməməsinə yol açır. Ümumiyyətlə, axtardığınız saytın əvəzinə "503" bildirişi çıxırsa, deməli, saytı host edən server sizin xahişinizi idarə etməyə hazır deyil. Bu, həm də problemin müvəqqəti olduğunu və tezliklə həll ediləcəyini göstərir. Adətən, bu, server təmir işləri üçün bağlananda, yaxud sayt həddindən artıq yüklənəndə baş verir.

Bir kiçik şirkətdə texniki nasazlıq...

Maraqlıdır ki, Twitter-də çox sayda insan bu hadisənin kiberhücumla bağlı olduğunu yazıb. Ancaq həm şirkətin özünün verdiyi məlumatlar, həm də media qurumlarının araşdırması bunun belə olmadığını aşkarlayıb.

"Fastly" internet saytlarının geniş istifadə etdiyi bir xidmətdir. Baş verən insident internetin, əsasən, tanınmayan bir bulud hesablama xidmətindən nə qədər çox asılı olduğunu ortaya qoyub.

CNET yazır ki, bu şirkətin göstərdiyi xidmət bir çox saytlar üçün həyati əhəmiyyət kəsb etsə də, onu təklif edən şirkətlərin sayı çox azdır. Ona görə də çox sayda sayt sayı çox az olan şirkətlərin xidmətlərindən asılıdır. Ötən ilin iyulunda "Cloudflare" saytı, noyabrda isə "Amazon" İnternet Xidmətlərində oxşar problem yaşanmışdı.

Alan Türinq İnstitutundan doktorluğa namizəd Korinn Kat-Spet Twitter-də yazıb ki, bu onu göstərir ki, cəmi bir kiçik şirkətdə baş verən texniki nasazlıq nəhəng şaxələnməyə yol aça bilər. "Bu isə, öz növbəsində, bulud bazarında güc konsolidasiyasının və çox zaman görünməz olan bu oyunçuların təsirinin daşıdığı təhlükə ilə bağlı ciddi suallar ortaya qoyur", –o əlavə edib.

XS
SM
MD
LG