Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:08

Fermer icra başçısını məhkəməyə verib


65-yaşlı fermer iddia edir ki, icra başçısı torpaqları əlindən almağa çalışır. Foto arxiv
65-yaşlı fermer iddia edir ki, icra başçısı torpaqları əlindən almağa çalışır. Foto arxiv

Oğuz rayonunun Qarabulaq kənd sakini Mirbala Yolçuyev Ağdaşın icra başçısı Tofiq İbrahimovu məhkəməyə verib. 65-yaşlı fermer iddia edir ki, icra başçısı ona süni maneələr yaradır, uzun illərdir rəsmi sənədlərlə istifadəsində olmuş torpaqları əlindən almağa çalışır.

M.Yolçuyev AzadlıqRadiosuna bildirib ki, 1971-ci ildən kolxoz təsərrüfatında qoyunçuluqla məşğul olub. 90-cı illərdə qardaşlarıyla birlikdə öz təsərrüfatlarını yaradıb, adını da «Qarabulaq» qoyublar. Onun sözlərinə görə, kolxoz (kollektiv təsərrüfat) ləğv olunandan sonra örüş sahələri püşkatma yoluyla paylanıb: «Mən özümüzün fermer təsərrüfatımızı yaradandan sonra 2001-ci ildə həmin ərazidən 200 hektar torpağı müqavilə ilə 15 illik icarəyə götürdüm. Oğuz Rayon İcra Hakimiyyətinin bu barədə qərarı oldu. Bu illər ərzində təsərrüfatımı böyütdüm. Hazırda mənim 750 baş ana qoyunum var».

Kərəm Həsənov göstəriş verib, amma...

Sonradan Nazirlər Kabinetinin qərarıyla sözügedən ərazi ilə bağlı sərəncam səlahiyyəti Oğuz yox, Ağdaş Rayon İcra Hakimiyyətinə verilib. Şikayətçi fermerin sözlərinə görə, 2016-cı ildə 15 illik icarə müddəti başa çatandan sonra yeni müqavilə üçün icra hakimiyyətinə üz tutub. Əmlak Məsələləri Dövlət Komitəsi əvvəlki ərazinin yenə ona verilməsinə etiraz etməsə də, icra hakimiyyəti əngəl yaradıb:


«Komitə müsbət rəy vermişdi deyə, mən də arxayınlaşmışdım. Amma sənədi alanda gördüm ki, uzun illərdir istifadəmdə olan ərazi ilə indi ayrılmış yer bir-birinə uyğun gəlmir. Yer azaldılıb, düz yatağın qapısının ağzından sərhəd qoyulub. Heyvanların arxa gedib su içməsinə də yer qalmayıb».

M.Yolçuyev deyir ki, bundan sonra dəfələrlə icra başçısı T.İbrahimovun, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri K.Həsənovun və başqa məsul şəxslərin qəbulunda olub. Fermerin sözlərinə görə, K.Həsənov problemi biləndə onun narazı qaldığı sənədin ləğv edilib, yenidən işlənib hazırlanması üçün əməkdaşların mübahisəli əraziyə baxış keçirməsi barədə göstəriş verib: «Ancaq yenə nəticə dəyişmədi. İcra başçısı imkan vermədi».

«Yaxşı bilirəm ki, bütün bunlar qurama oyunlardır»

Fermer daha sonra icra başçısını məhkəməyə verib. İlyarıma yaxındır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsində onların arasında çəkişmə gedir. Hakim ekspertiza təyin edib, ekspert və mütəxəssislərə əraziyə baxış keçirib oranın sxemini hazırlamağı həvalə edib. Ekspertizanın nəticəsi hələ məlum olmadığına görə məhkəmə də müvəqqəti dayandırılıb.

M.Yolçuyev deyir ki, son bir ayda qonşu Şəkili kəndinin sakinləri onun təsərrüfatına hücum edir: «Heyvanlarımı aparırlar, çobanımı döyürlər, axırıncı dəfə oğlumu da döymüşdülər. Polis də heç bir tədbir görmür. Deyirlər, oğuzlusan, get, orada işinlə məşğul ol, bura Ağdaş torpaqlarıdır. Qış örüş torpaqlarının demək olar ki, hamısı Aran zonasındadır. İndi başqa rayonlarda yaşayanlar neyləməlidir? Qalan vətəndaşlar yaşamalı deyil?! Mən yaxşı bilirəm ki, bütün bunlar qurama oyunlardır, arxasında da icra başçısı dayanır».

Fermerin sözlərinə görə, o, rayondakı vəzifəli şəxslərin gərginliyin qarşısını almaq üçün heç bir addım atmaq istəmədiyini görüb, Bakıya - Prezident Administrasiyasına gəlib. Gələndə yolda eşidib ki, Şəkili sakinləri yenə gəliblər, oğlunu döyüblər: «Prezident Aparatında da dedim ki, bu icra başçısı neyləmək istəyir? Adamları bir-birinə niyə düşmən eləyir? Bu adam yaşamağa imkan vermir, neyləyək, özümüzü öldürək? Sağ olsunlar, dərhal icra hakimiyyətinə zəng elədilər, bundan sonra onlar da aranı sakitləşdiriblər hələ ki...».

İcra başçısı nə deyir

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov isə məhkəməyə məktubunda yazır ki, Şəkili kəndinin sakinləri də həmin ərazilərdən istifadə etmək istəyir. Qış otlaq sahələrindən onlara da ayrılması üçün icra hakimiyyətinə müraciət ediblər. T.İbrahimovun sözlərinə görə, Şəkili sakinlərinə o ərazidən torpaq sahəsi ayırmaq istəyirlər. Amma M.Yolçuyevin təsərrüfatına görə ətrafdakı əraziyə də giriş-çıxış məhdudlaşıb. Bu səbəbdən o ərazidən istifadə mümkünsüz olub. Onun sözlərinə görə, Şəkili sakinləri də buna görə etiraz edirlər.

AzadlıqRadiosu şikayətçi fermerin oğlunun döyülməsi, təsərrüfatına hücumla bağlı deyilənlərə icra hakimiyyətindən açıqlama ala bilməyib.

XS
SM
MD
LG