Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:57

Finlandiyada Kiyevin orderi ilə rusiyalı radikal millətçi saxlanıb


"Rusiç" neonasist qrupunun emblemi
"Rusiç" neonasist qrupunun emblemi

Finlandiya polisi Ukraynada Rusiyanın tərəfində döyüşən “Rusiç” diversiya-hücum kəşfiyyat qrupunun komandirlərindən biri, “Slavyan” ləqəbli Yan Petrovskini saxlayıb.

O 2014-2015-ci illərdə Ukrayna ərazisində hərbi cinayətlər törətməkdə şübhəli bilinir.

MTV3 telekanalı bildirib ki, Kiyev Helsinkiyə Petrovskinin ekstradisiyası üçün müraciət edib.

RIA Novosti xəbər agentliyinin məlumatına görə Rusiyanın Finlandiyadakı səfiri Kiyevin sifarişi ilə bir rusiyalının saxlanması barədə məlumatlıdır.

Səfirlik bildirib ki, rusiyalı ilə görüş üçün Finlandiya tərəfinə müraciət edib, amma hələ ki, cavab yoxdur.

“Rusiç” indiki müharibədə də iştirak edir

Rusiç qrupunun teleqram kanalında dərc olunmuş müraciətdə deyilir:

“Slavyan hələ bir ay əvvəl saxlanıb. Bu barədə məlumat insanın və işin xatirinə mediaya verilməmişdi. Hazırda GREY ZONE-la (Vaqnerə bağlı teleqram kanalı-red) birlikdə rəsmi araşdırma aparırıq”.

Ukrayna hüquq-mühafizə orqanları Petrovskini 2014-2015-ci illərdə Donetsk və Luhansk vilayətlərində əsirlərə işgəncə verilməsi və onların öldürülməsi də daxil hərbi cinayətlər törətməkdə ittiham edir.

Petrovski həmin dövrdə Rusiyaya bağlı Donetsk separatçılarının tərəfində döyüşürdü.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, “Rusiç” qrupu Ukraynaya hazırkı tammiqyaslı müdaxilədə də iştirak edir.

İttihamlar və sanksiyalar

ABŞ ötən ilin sentyabrında qrupun başçısı Aleksey Milçakova və Petrovskiyə Rusiya müdaxiləsinin başlanğıcında Xarkov vilayəti uğrunda gedən döyüşlərdə “xüsusi qəddarlığa” yol verdiklərinə görə sanksiyalar qoyub.

2014-cü ilin sentyabrında Rusiç neonasist qruplaşmasının döyüşçüləri Ukraynanın Aydar batayonunun maşın karvanına hücum etmişdilər.

Bu əməliyyatda iştirak edən Milçakov Ukrayna əsgərlərinin meyitləri ilə şəkil çəkdirdiyi barədə fəxrlə danışırdı.

2016-cı ildə Petrovski Norveçdən Rusiyaya deportasiya edilmişdi. Milçakovun fəaliyyətinin araşdırılması ilə Ukrayna Baş Prokurorluğu məşğul idi.

2017-ci ildə ona qarşı 40 Ukrayna hərbçisinin qətlinə görə ittiham irəli sürülüb.

Avropa İttifaqı isə “Rusiç” qrupunun komandirlərinə qarşı onun Vaqner qrupuna iddia olunan bağlılığına görə sanksiyaları dekabr ayında elan edib.

XS
SM
MD
LG