Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:27

“Azad olmayan Azərbaycanın” son azadlıqları da tükənir


ABŞ-da mənzillənmiş nüfuzlu Freedom House qeyri-hökumət təşkilatının 2016-cı il hesabatında Azərbaycan haqqında ayrıca bölum verlib.

Hesabatda müxtəlif azadlıqlar üzrə Azərbaycanın reytinqləri də göstərilib.

Mətbuat azadlığına görə Azərbaycan “azad olmayan” ölkələr kateqoriyasındadır.

Ölkədəki hüquqi mühitin qiymətləndirilməsi 29 olub. Bu qiymətləndirmə 0-30 diapazonunda aparllır və burada 0 ən yaxşı, 30 isə ən pis göstəricidir.

Azərbaycanın siyasi mühit üzrə qiyməti iki bal da düşüb və ölkə 0-40 şkalasında 38 balla qiymətləndirilib.

30 ballıq şkala üzrə Azərbaycnın iqtisadi mühit qiyməti 22-dir.

Mətbuat azadlığı reytinqində də Azərbaycan 2 yer aşağı sürüşərək 100 ballıq şkalada 89-cu yeri tutub.

Hesabatda qeyd olunur ki, son illər Azərbaycanda media mühiti aramsız olaraq pisləşməkdə davam edib və bunun əsas səbəbi hökumətin tənqidi və fərqli düşüncəni susdurmaq üçün apardığı kampaniyadır.

Bu da qeyd olunur ki, hakimiyyət tanınmış jurnalistləri, blogerləri və ifadə azadlığı müdafiəçilərini həbsə atmaq üçün qondarma ittiham və cinayət işlərindən istifadə edir. Jurnalistlərə qarşı zorakılıq və buna görə məsuliyyət daşıyanların cəzasızlığı adi hala çevrilib.

Hesabatda deyilir ki, media üzərinə repressiyalar, xüsusən də Avropa Oyunlarının iyun ayında keçirilmiş inaqurasiyası və noyabr seçkisi ərəfəsində güclənib. Hakimiyyət Berlində mənzillənmiş MeydanTV ilə bağlı jurnalistləri hədəfləyib. Ötən il ərzində iki tanınmış jurnalist - Xədicə İsmayılova və Rauf Mirqədirova qarşı saxta ittihamlarla məhkəmələr qurulub.

Qondarma ittihamlar və məhkəmələr

Hesabatda deyilir ki, ifadə və informasiya almaq azadlığı Azərbaycan qanunlarında təsbit edilsə də, bu hüquqlar sərt şəkildə məhdudlaşdırılıb. Bu azadlıqlardan istifadə etmək istəyənlərə qarşı xuliqanlıq, qanunsuz silah və narkotik saxlanması, dövlət xəyanəti və ya vergidən yayınma ilə əlaqədar qondarma ittihamlar irəli sürülüb.

Defamasiya hələ də cinayət əməli sayılmaqda davam edir və CM-də buna görə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub. Üstəlik 2013-cü ildən defamasiya maddəsi internetə də şamil edilməyə başlayıb.

Hesabatda deyilir ki, rəsmilər və məmurlar defamasiya qanunundan hökumət tənqidçilərini cəzalandırmaq üçün istifadə edirlər.

2005-ci il tarixli informasiya azadlığı qanununda nəzərdə tutulmuş xüsusi informasiya ombudsmanı hələ də yaradılmayıb. Rəsmi orqanlar informasiya sorğularına cavab vermirlər. Media qurumları onları məhkəməyə verdikdə isə bu, bir qayda olaraq nəticə vermir.

AzadlıqRadiosunun Bakı bürosu bağlı qalır
AzadlıqRadiosunun Bakı bürosu bağlı qalır

Hesabatda bu da xatırladılır ki, 2012-ci ildə AzadlıqRadiosu prezident İlham Əliyev və ailəsinin geniş miqyaslı korrupsiya ilə əlaqələri barədə təhqiqat repotajları verdikdən sonra Milli Məclis informasiya verilməsi qaydalarını daha da sərtləşdirib.

Dəyişikliklərə görə şirkətlərin strukturu, profili və sahibliyi barədə informasiya kommersiya sirri hesab edilib.

Bu da bildirilir ki, Milli Teleradio Şurasının 9 üzvünün hamısı hökumət tərəfindən təyin edilir və onların xidmət müddəti məhdudiyyətsiz olaraq davam edir.

BBC, AzadlıqRadiosu və Amerikanın Səsi radioları 2009-cu ildən yerli tezliklərdən çıxarılıb.

Hesabatda deyilir ki, qrantlar və QHT-lər haqqında qanunlar əksər müstəqil qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsini mümkünsüz edib.

Virtual tənqidlərə real hədələr

Freedom House qeyd edir ki, Azərbaycanın siyasi mühitində Əliyev və hakim YAP-ın liderləri hegemonluq edirlər. Hakimiyyət dövlət və iqtidaryönlü media üzərində geniş nəzarətə malikdir.

Bir neçə müstəqil media qurumu, o cümlədən Mediaforum.az, Meydan TV və AzadlıqRadiosunun Bakı büroları bağlanıb.

Bunun nəticəsində 2015-ci il parlament seçkisinin işıqlandırılması hakim partiyaya tam sərfəli olub.

IRFS-nin ötən noyabrda dərc olunmuş hesabatında deyilirdi ki, Azərbaycanın 70 xəbər portalından yalnız 10 faizi müstəqil sayıla bilər. Bu da bildirilir ki, bir çox yarımmüstəqil media qurumları hökumətyönlü mövqeyə doğru meyllənib.

Son illərdə hakimiyyət internet faəliyyəti üzərində monitorinq və nəzarətini artırıb, sosial mediada fəal olan jurnalist və blogerlərin qısnanması və təqibi genişlənib.

Azadlıq qəzeti və AzadlıqRadiosu internet saytlarına DoS tipli hücumların artdığı barədə məlumat veriblər.

Hesabatda qeyd olunur ki, Azərbaycanda internet resurslarının bloklanmasına nadir hallarda əl atılsa da, hakimiyyət tənqidlərə real dünyada təhdidlərlə cavab verib.

Freedom House bildirir ki, tənqidçi jurnalistlərin bir çoxu üzərində səfər qadağanı qalmaqda davam edir.

Bu da qeyd olunur ki, hakimiyyət xarici jurnalistlərin də azadlığını mıəhdudlaşdırmağa can atır. Məsələn 2015-ci ildə “The Guardian” qəzeti müxbirinin Avropa Oyunlarına gəlişi qadağan olunub.

İyul ayında hakimiyyət Meydan TV-nin dörd jurnalistinin ölkədən çıxmasına imkan verməyib.

Hesabatda deyilir ki, hakimiyyət az sayda qalmış müstəqil media qurumunun fəaliyyətini son dərəcə çətinləşdirib.

2014-cü ildə Zerkalo qəzeti iqtisadi çətinliklərlə əlaqədar çapını dayandırıdığını bəyan edib.

XS
SM
MD
LG