Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:38

Yaralı quşa görə cərimələnən gəncəli


Gəncə sakini Kamil Qasımovun tapdığı yaralı quş. 09sept.2017
Gəncə sakini Kamil Qasımovun tapdığı yaralı quş. 09sept.2017

"Saxta məlumat əsasında bir quşa görə məni 500 manat cərimələyiblər, indi də deyirlər, gətir 200 manat ödə, sənin də canın qurtarsın, bizim də..."

Gəncə sakini Kamil Qasımov AzadlıqRadiosu-na danışır ki, bir neçə gün əvvəl küçədən yaralı quş tapıb, onu işlədiyi mağazaya apararaq yardım göstərib. İndi bu əhvalat onun başına bəla açıb. Televiziya kanallarından birinin xəbərlər proqramı onun şahin quşuna işgəncə verməsi barədə məlumat yayıb.

“CƏRİMƏNİ 200 MANATA ENDİRDİLƏR”

Bundan sonra Gəncənin Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları onun nadir və qiymətli quşu haradan əldə etməsi ilə maraqlanıb və 500 manat cərimələyiblər:

Buna da bax: İnəklər, ev quşları kütləvi qırılır, səbəbi aydın deyil...

"Halbuki, nə quş şahin quşudur, nə də quşa əziyyət verilib. Araşdırmamış, yerinə çatmamış gəlib məni cərimələdilər. Bu quşu videoya çəkib göndərən adam tanımaya bilər. Onun xəbərini efirə qiymətli şahin quşu adıyla buraxan müxbir də tanımaya bilər. Ancaq mənə təsir edən odur ki, bizim ekoloqlar, mütəxəssislər də şahin quşunu tanımırmış. Bu quş qiymətli və nadir şahin yox, sardır. Bunlarsa üstümə gəldilər ki, ‘sən şahin quşunu hardan əldə etmisən, tez ol, de, yoxsa sənə pis olacaq’. Sonra da 500 manat cərimələdilər. Mən onlara sübut edəndə ki, bu, şahin quşu deyil, cərimənin məbləğini 200 manata endirdilər. İndi də deyirlər, ‘cəriməni ödə, öz yaxanı da qurtar, bizim yaxamızı da... Bir işdir olub, səhvdir, düzdür, bu cərimə yazılıbsa, ödənməlidir’".

“QUŞLA QANUNVERİCİLİYƏ UYĞUN DAVRANILMAYIB”

Kamil Qasımov deyir, canlıya işgəncə verilməsi ilə bağlı iddialar da əsassızdır:

"Quşu mağazanın qarşısında açıq havada bir ayağından iplə bağladım ki, tam sağalanadək uçub getməsin. Vaxtlı-vaxtında yemini verirəm, ayağı yaralıdır, onu müalicə edirəm. Mağazanın qarşısında quşu görən, maraqlanan məlumatlı insanlardan məsləhət alıram ki, onu tez bir zamanda necə sağalda bilərəm, hansı yemlərlə yemləyə bilərəm ki, gümrahlaşsın və sair. Burda pis nə var ki?.. Sadəcə, özünü ciddi hesab edən telekanal öz xəbər buraxılışında sensasiya xatirinə belə bir saxta məlumat verib, ekologiya işçilərinin də əlinə vətəndaşı soymaq üçün fürsət keçib".

Buna da bax: Zaqatalada it dişləmələri başlıca mövzuya çevrilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə Şöbəsindən bildirilib ki, quşun şahin olmadığı və vəhşi təbiətdən götürülmədiyi müəyyən edildikdən sonra cərimənin məbləği azaldılıb. Bu cərimə quşa işgəncə verilməsinə görədir: "Quşla qanunvericiliyin tələblərinə uyğun şəkildə davranmadığına görə vətəndaş cərimələnib".

Kamil Qasımovsa cəriməni ödəmək fikrində deyil və cərimə ləğv edilməzsə, məhkəməyə müraciət edəcəyini deyir.

XS
SM
MD
LG