Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:47

Gürcüstan necə bir siyasi sığınacaqdır?


Tbilisi
Tbilisi

AzadlıqRadiosunun müxbiri Metyu Luksmurun reportajı son vaxtlarda Rusiyada təqiblərə məruz qalaraq Gürcüstana sığınmış siyasi fəallar barədədir

AzadlıqRadiosunun müxbiri Metyu Luksmurun reportajı son vaxtlarda Rusiyada təqiblərə məruz qalaraq Gürcüstana sığınmış siyasi fəallar barədədir.

O yazır ki, ötən bazar günü 20-dək belə qaçaq Gürcüstan dağlarındakı Bateti gölünün sahilinə toplaşmışdı.

Onlar öz peşə vəzifələrini yerinə yetirdilklərinə görə Rusiyada qısnama, hətta həbslə üzləşə bilərdilər. İndi isə Gürcüstanın səfalı dağ meşəsində qəfil mühacir həyatlarının necə olacağını müzakirə edirdilər.

Açıq Rusiya müxalifət qrupuna mənsubluğuna görə mühacirət etmiş Mariya Kuznetsova deyir:

"Burda gölün kənarında oturub tonqal qalamışıq, bir-bizirmizlə tanış oluruq”.

Rusiyada Aleksey Navalnının həbsindən bəri ölkəni bürüyən repressiyalar yüzlərlə müxalifətçini evindən didərgin salıb. Onlar bir qayda olaraq rusdilli azlığı və Moskvaya tənqidi münasibəti olan keçmiş sovet respublikalarına pənah gətirirlər.

Onlardan bəziləri Ukraynada, digərləri Baltik ölkələrində və daha qərbdə sığınacaq tapıblar. Bəzi təxminlərə görə Gürcüstana belə fəallardan 300-ü gəlib.

Burada yaşayış qiymətləri münasib, mühacirət qanunları yumşaqdır.

Bateti gölü
Bateti gölü

Gürcüstanın əhalisi 1.1 milyon olan paytaxtı Tbilisidə məskunlaşan rusiyalı mühacirlər deyirlər ki, burada Moskvada mümkün olmayan bir həmrəylik və birlik mühiti yarada biliblər. Rusiya Libertarian Partiyasının 23 yaşlı lideri Yaroslav Konvey belə deyir:

"Belə bir hissiyyat var ki, Rusiyada qarşıdan gələn bir neçə ildə böyük bir siyasi hadisə baş verə bilər. Ölkədən qaçanlar – jurnalistlər, fəallar, hüquq müdafiəçiləri vətəndaş cəmiyyətini həmin ana hazırlamalıdırlar”.

“Putin sürgünü”

Məqalədə deyilir ki, bir əsr bundan əvvəl, 1922-ci ildə SSRİ-nin təşkilinədək təxminən 220 tanınmış Rusiya ziyalısı “filosof gəmilərinə” doluşaraq Almaniyaya və Avropanın başqa ölkələrinə mühacirət etmişdi.

Sovet hökuməti bundan sonrakı onilliklərdə də dissidentlərin ölkədən qaçmalarına rəvac verirdi. Rusiyanın müasir müxalifəti ölkədə bugün baş verənləri “Putin sürgünü” adlandırır. Budəfəki kütləvi mühacirət 2012-ci idlə Putin ikinci dəfə prezidentliyə qayıdandan bəri başlanıb.

Rusiyadan sentyabrın əvvəllərində qaçmış vəkil İvan Pavlov zarafat edir:

“Bugün biz gəmilərlə yox, təyyarələrlə qaçırıq”.

Pavlov Rusiyada dövlətə xəyanətdə ittiham olunan jurnalistin müdafiəçisi idi.

Lakin o və onun sürgün yoldaşları deyirlər ki, Putin hökumətinin münasibəti fərqlidir. O adamları axtarış reydləri, həbsxana və daha pisi ilə qorxudaraq mühacirət etmək seçimi qarşısında qoyur. Fəalların bir çoxu bu qənaətdədirlər ki, onlar həbsxanada olmaqdansa, sürgündə daha çox şeyə nail ola bilərlər.

Anton Mixalçuk
Anton Mixalçuk

Hökumət qaçmaq imkanı yaradır

Maraqlıdır ki, Pavlovun Sankt Peterburqdakı evində axtarış aparan polislər müxtəlif şeyləri müsadirə etsələr də, onun pasportunu qoyub getmişdilər.

Pasport onun iş otağında, masanın üstündə, göz qabağında idi. O hökumətin mesajını anlamışdı: Bu sənin çıxıb getmək şansındır:

"Çox sayda siyasi məhbusu olmaq ölkə üçün yaxşı deyil. Onların buraxılması üçün güclü beynəlxalq təzyiqlər olur. Sovet dövründə də onlar adamları fəal şəkildə sərhəddən o yana itələyirdilər. Bu həm siyasi, həm də iqtisadi baxımdan onlar üçün daha sərfəlidir”.

Pavlovu hava limanına qədər iki xəfiyyə izləsə də, onu yolundan saxlamamışdılar.

İvan Pavlov Tbilisidə
İvan Pavlov Tbilisidə

Açıq Rusiya təşkilatının koordinatoru Anton Mixalçuk “arzuolunmaz qrupda” çalışdığına görə hədəflənib. O Gürcüstana 2019-cu ildə gəlib və deyir ki, hökumət üçün adamları həbsxanaya atmaq ən istəmədiyi yoldur:

"Əsas məqsəd təşkilatları dağıtmaq, lider mövqeyi tuta biləcək adamları sıradan çıxarmaqdır. Belə adamlar Rusiyanı tərk edəndən sonra daha təhlükəli olmurlar. O post yaza, video çəkə bilər. Nə olsun ki?.. Dövlət üçün ən təhlükəli olanı küçə etirazıdır. Rusiyanı tərk edən şəxs bunu edə bilməz”.

Bir çox müşahidəçilər inanırlar ki, Kreml Almaniyada bir neçə ay müalicə olunan Navalnının geri qayıtmasını istəmirdi. Lakin o buna baxmayaraq qayıdanda, onu elə gömrükdə həbs etdilər.

Mixalçuk deyir ki, indi vətənini, evini, bəzən isə ailəsini tərk etmək dərəcəsinə çatanlar adətən Gürcüstana gəlirlər.

“Onlar bura sındırılmış vəziyyətdə gəlirlər”

Vaxtilə müxalifət koordinatoru olmuş Mixalçuk indi Azad Rusiya Fondu QHT-sinin əməkdaşı kimi mühacirlərin Gürcüstanda məskunlaşmasına kömək edir.

Onun sözlərinə görə, Gürcüstana gələn rusiyalı mühacirlərin gözü o qədər qorxmuş olur ki, onlar Tbilisidə hər polis nəfərindən diksinirlər:

"Səni məhv etmək, yaşamaq imkanlarından məhrum etmək, sənin, dost və yaxınlarının evlərinə reydlər keçirmək üçün qurulmuş dövlət maşınına qarşı vuruşmaq çox vahiməlidir. Bu, böyük stres deməkdir. Bu, adamları sındırır. Onlar Gürcüstana sındırılmış vəziyyətdə gəlirlər”.

Məqalədə deyilir ki, anti-Kreml fəalları hətta xaricdə də dövlət maşını ilə üzləşə bilərlər. Interpol zabitləri fəalları beynəlxalq hava limanlarında saxlayır, Rusiya dövlət televiziyasının çəkiliş qrupları Gürcüstana səfərlər edib buradakı mühacirləri Qərbin nökəri kimi qələmə verən reportajlar hazırlayırlar.

Kuznetsova deyir ki, Tbilisidə dissidentlərdən informasiya qoparmaq istəyən birisi, barmen ona polis çağıracağını deyəndə qaçıb ayaqyolunda gizlənmişdi.

Mariya Kuznetsova
Mariya Kuznetsova

Tbilisinin öz qorxuları

Luksmur yazır ki, Gürcüstandakı mühacirlər AzadlıqRadiosuna da ehtiyatla danışırdılar. Onlar adlarının məxfi saxlanmasını istəyirdilər ki, mühacir olduqları “reklam” edilməsin.

Mühacirlər burada yerli əhalidən heç bir düşmənçilik görməsələr də, gürcü dilini bilməyin işə götürülmək üçün şərtlərdən biri olması bu ölkədə dolanışıq üçün iş tapmağı mümkünsüz edir.

Bəzi mühacirlər isə Gürcüstan müxalifətinin bir sıra bəyanatlarından səksəkəyə düşürlər. Yerli müxalifət hakimiyyəti getdikcə daha çox Moskvanın təsiri altına düşməkdə ittiham edir.

İyul ayında LGBT fəallarına qarşı zorakı hücumlar, kütləvi dinləmə audiolarının sızması və nəhayət ölkəyə qayıdan keçmiş prezident Mixeil Saakaşvilinin həbsi bu qorxu-hürkünü bir az da artırıb.

Giorgi Kandelaki
Giorgi Kandelaki

Gürcüstan parlamerntinin müxalifətdən olan deputatı Giorgi Kandelaki AzadlıqRadiosuna deyib ki, “əgər Putin istəsə”, Gürcüstanı bu adamları ekstradisiya etməyə məcbur edə bilər:

“Gürcüstan bu adamlara kömək etməlidir, amma bu hökumət üçün onlar narahat qonaqdırlar”.

Luksmur yazır ki, Gürcüstanın Xarici İşlər Nazirliyi bu reportaj üçün şərh verməkdən imtina edib.

Keçmiş təhsil naziri Giya Nodiya deyir ki, Gürcüstan hökuməti susmağa və Rusiya dissidentlərinin varlığına məhəl qoymamağa üstünlük verir.

Nodiyanın sözlərinə görə, hökumətin onlara açıq dəstək verməsi siyasi risklərlə bağlıdır:

"Onlar Rusiya hökumətini qıcıqlandırmaq istəmirlər. Lakin onlar həm də demokratik yönlü insanlara düşmən kimi görünmək istəmirlər”.

Rahat nəfəs almaq və Putinin sonunu gözləmək

Luksmur yazır ki, belə bir vəziyyət Gürcüstanı siyasi mühacirət üçün başqa ölkələrdən daha cazibəli edir.

Bir il müddətində vizasız yaşamaq hüququ və ev kirayəsinin ucuzluğu mühacirlərə nəfəslərini dərmək və düşünmək imkanı yaradır. Lakin bununla belə, bəziləri üçün Gürcüstan Avropa İttifaqına gedən yolda bir keçid məntəqəsidir.

Tbilisidəki bəzi dissidentlər güman edirdilər ki, Kremlin repressiyaları Duma seçkisindən sonra səngiyəcək. Hökumətin bütün tənqidçilərinə bu seçkiyə qatılmaq imkanı verilməmişdi. Bununla belə Rusiya hakimiyyəti seçkidə Vahid Rusiya partiyasının qələbəsini təmin etmək üçün bir sıra iddialara görə kütləvi saxtakarlığa gedib.

Pavlov deyir ki, əgər Rusiyada şərait dəyişsə və o bilsə ki, rahatca işləyə bilər, vətənə qayıdardı.

Amma Rusiyada olan-qalan fəalların, “xarici agent” elan edilənlərin təqibləri səngimək bilmir.

Bu isə o deməkdir ki, Rusiyadan hələ bir müddət Gürcüstana və ya başqa ölkələrə sürgün davam edəcək. Konvey bunu belə ifadə edir:

“Səhər saat 5:50-də qapının döyülməməsi əladır. Burda nəfəs almaq rahatdır. Amma bir çoxlarımız düşünürdük ki, biz burada yalnız seçki dövrünün bitməsinədək qalacağıq. İndi başa düşürəm ki, Putinin sonunu gözləmək lazım gələcək”.

XS
SM
MD
LG