Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:47

Mübahisəli 'xarici agent' qanununa etiraz edən Gürcüstan QHT-ləri mübarizəyə hazırdır


Tbilisidə parlament binası qarşısına toplaşan etirazçılar ölkənin "xarici agent" qanununa etiraz edirlər. 15 aprel 2024
Tbilisidə parlament binası qarşısına toplaşan etirazçılar ölkənin "xarici agent" qanununa etiraz edirlər. 15 aprel 2024

Gürcüstanda ziddiyyətli "xarici agent" qanunu qüvvəyə minsə də, ona heç də hər kəs əməl etmir.

Gürcüstan hökuməti "xarici qüvvənin maraqlarına xidmət edən" qurumlara dair bilgi bazasını avqustun 1-də formal olaraq işə salıb. Maliyyəsinin 20 faizdən çoxunu xaricdən alan QHT və media qurumlarına bu bazada qeydiyyatdan keçmək üçün bir ay vaxt verilib.

Tbilisidə yerləşən Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED) də tələbə əməl etməlidir. Bu seçki monitorinqi qrupu, demək olar, bütün maliyyəsini Qərb donor qurumlarından – Avropa İttifaqından, ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID), Vaşinqtonda yerləşən Milli Demokratiya Fondundan və müxtəlif Avropa dövlətlərinin səfirliklərindən alır.

"Rus qanunu" Gürcüstanda işləməyəcək?

Ancaq ISFED bilgi bazasında qeydiyyatdan keçmir. Gürcüstanda 400-dən çox təşkilatla birlikdə onlar da vətəndaş itaətsizliyi aktı olaraq ictimai şəkildə yeni qaydaya tabe olmurlar. ""Rus qanunu" bizim ölkəmizdə işləməyəcək! O bizim heç birimizin əməl etməyəcəyimiz tanınmamış sənəd olaraq qalacaq!", - təşkilat öz açıq məktubunda belə yazıb.

AzadlıqRadiosunun müxbiri Coşua Kuçeranın hazırladığı materialda deyilir ki, bir çoxları bölgədə ilk dəfə 2012-ci ildə Rusiyada qəbul edilən bu cür qanunun Gürcüstanı da bənzər duruma sala biləcəyindən rahatsızdır.

Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti Gürcüstanda keçirilən seçkiləri izləyir.
Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti Gürcüstanda keçirilən seçkiləri izləyir.

"Biz bu ssenarini Rusiyada görmüşük və onun hara apardığını bilirik", - ISFED-in proqram meneceri İrina Mamulaşvilinin AzadlıqRadiosuna söylədiyi sözlərdir.

İstər hakim "Gürcü arzusu" partiyası, istərsə müxalifət bu qanunun qəbulunu ölkə siyasətində dönüş nöqtəsi sayır.

Bu ilin yazında qanunu nəhəng küçə etirazları fonunda qəbul edən "Gürcü arzusu"na görə, bu qanun dövlətin suverenliyinin xarici donorlar və onların yerli "agent"lərindən qorunması üçün qaçılmazdır. Müxalifətin və iri QHT sektorunun fikrincə, sözügedən qanun hakim partiyanın daha böyük güc ələ keçirməsi məqsədi güdən və ölkəni avtoritar, antiqərb istiqamətində aparan addımdır.

Tam açıq şəkildə qanuna tabe olmaqdan boyun qaçıran QHT-lər bilgi bazasında qeydiyyatdan keçməsə, ağır cərimələrlə üzləşəcək. Onların bu cərimələri necə ödəyəcəyi də tam aydın deyil. Ancaq onlar oktyabrın 26-na planlaşdırılan parlament seçkilərinədək ayaqda qalmağa ümid bəsləyirlər. Müxalifət, qalib gələrsə, qanunu ləğv edəcəyinə söz verib. Ancaq müxalifət qalib gəlməzsə, təşkilatların gələcəyi suallı qalacaq.

"Öncəliyimiz salamat qalmaqdır"

"Bizim öncəliyimiz bu seçkilərədək bir şəkildə salamat qalmaqdır. Seçkilərdən sonra isə, düzü, nə edəcəyimizi bilmirik", - Mamulaşvili belə deyir.

"Gürcü arzusu"nun liderləri iddia edirlər ki, qeydiyyatdan keçməmələri həmin təşkilatların gizlətməyə çalışdığı sirlərinin olmasından xəbər verir.

Parlamentin spikeri Şalva Papuaşvili
Parlamentin spikeri Şalva Papuaşvili

Hakim partiya qeydiyyatdan keçməyəcəyini bəyan edən 474 təşkilatın ictimaiyyətə açıq bilgilərinə dair hesabat yayıb. Parlamentin spikeri Şalva Papuaşvili iyulun 15-dəki brifinqdə deyib ki, təşkilatların 80 faizi qrantlarının həcmini, 70 faizi də donorlarının kimliyini açıqlamayıb: "Bu onu sübut edir ki, onların şəffaflıq qanununa dirənişi damğalanma məsələsi deyil, maliyyənin necə xərcləndiyini gizlətmək məsələsidir".

Partiya rəsmiləri bu itaətsizliyi təşviq etməkdə QHT-lərin Qərb donorlarını da günahlandırıblar.

Gürcüstandakı iri donorlardan USAID və Avropa İttifaqı bu ittihamları rədd edib.

Donorlar və onların Gürcüstanda qrant verdiyi qurumlar iddia edir ki, danışığın şəffaflıq ətrafında qurulması əsas məsələlərdən diqqəti yayındırmaq üçündür və ən iri qurumlar (o cümlədən ISFED) maliyyələri haqda informasiyanı öz səhifələrində açıq yerləşdirir.

Yeni qanun şəffaflıqla bağlıdır, ya yox?

Yeni prosedurlarla bağlı tələb olunan sənəd işlərinin həcmi daha öncə qanuna etiraz edənləri belə şoka salıb. Doldurulmalı olan formalarda təşkilatın xərclərinin hər biri, o xərclə bağlı şəxslərin adı, şəxsi identifikasiya nömrəsi və bank detallarınadək bütün bilgilər qeyd edilməlidir. Bütün mühasibat məlumatları retroaktiv olaraq ötən il üçün də doldurulmalıdır. Bu da yeni qanunun qəbulunun, əslində, şəffaflıqla bağlı olmadığı haqda iddiaları gücləndirir.

"Biliki" QHT-si illərdir Gürcüstanda maarifləndirici seminarlar keçirir.
"Biliki" QHT-si illərdir Gürcüstanda maarifləndirici seminarlar keçirir.

Formaların detallılıq dərəcəsi diqqətə alınsa, "bunun özəlliklə qoyulan vaxt limiti çərçivəsində nə qədər mümkünlüyü ilə bağlı ciddi suallar doğur", - bir Qərb donor təşkilatının əməkdaşının sözləridir. Həmin əməkdaş təşkilatın qrant ayırdığı qurumları risk altına atmamaqdan ötrü anonimlik şərti ilə danışıb.

"Tələb olunan detallılıq səviyyəsi əziyyət verməyə bərabərdir", - başqa bir Qərb donor təşkilatının əməkdaşı belə deyib.

Neçə təşkilatın qeydiyyatdan keçmək niyyətində olduğu bilinmir. Qanuna tabe olmamağı seçən qurumların strategiyası da aydın deyil. Onlardan bəziləri açıq şəkildə qanuna dirənməyi seçdiyi halda, digərləri öz qanuni qeydiyyatlarını xaricə köçürərək oradan işləməyə davam etmək haqda düşünür. Bu halda onlar Gürcüstanda qanuni qeydiyyatdan keçmədən fəaliyyət göstərə biləcəklərinə ümid bəsləyir.

Tabula.ge adlı müxalif xəbər saytı .ge domenindən imtina edərək, hələlik, adını çəkmədiyi Avropa ölkəsinə köçəcəyini və işini orada sürdürəcəyini açıqlayıb.

"Bizim o cərimələri ödəməyə resursumuz yoxdur"

""Tabula" Gürcüstan media qurumudur, Gürcüstanın media qurumu olaraq qalacaq və Gürcüstanın işini görməyə davam edəcək", - saytın baş redaktoru Levan Sutidze AzadlıqRadiosunun gürcü xidmətinə belə deyib.

Məsələnin həssaslığını nəzərə alıb anonimlik şərti ilə danışmağı seçən başqa bir qurumun rəhbəri isə təşkilatın Ermənistana köçərək fəaliyyətini oradan davam etdirməyi planlaşdırdığını söyləyib: "Bu, çox böyük cərimədir. Bizim o cərimələri ödəməyə resursumuz yoxdur, axı məsrəflərimizi güclə qarşılayırıq".

XS
SM
MD
LG