Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:49

Hacı Əbdül: 'Onun günahı deyil ki, yoldaşı prezidentdir' [video]


Mehriban Əliyevanın idarəçiliyi daha amansız olacaq - keçmiş diplomat
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Keçmiş diplomat: 'Mehriban Əliyevanın idarəçiliyi daha amansız olacaq' [A-Live]

Azərbaycanın 1-ci xanımı həm də ölkənin 1-ci vitse-prezidentidir. Hansısa səbəbdən prezident səlahiyyətlərini icra edə bilməsə, ölkənin başına o keçəcək.

Bəs Mehriban Əliyevanın təcrübəsi ölkəni idarə edəcək səviyyədədirmi?

Portretlərdən boylanan zərif və baxımlı 1-ci xanımın siyasi portretinin cizgiləri nədir?

Onu vitse-prezident olmağa təcrübəsi çatmayan özünəvurğun, ambisiyalı insan kimi səciyyələndirən də var, ümid və humanizm ünvanı kimi də.

Buna da bax:​ Vitse-prezidentə müraciətlər başladı

Şərhçilər bir neçə məqamın üzərində dayanırlar.

1-cisi odur ki, xanım Əliyeva siyasi arenadakı toqquşmalardan, mübarizədən çıxmayıb və siyasi təcrübəsi yoxdur.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, əgər vəziyyət dəyişərsə, 1-ci xanım prezident olarsa, ətrafına özünə yaxın adamları- Paşayevləri yığacaq, rusdilli, ingilisdilli kimi tanınan şəhər aristokratiyası hakimiyyətə gələcək, Heydər Əliyev komandasına aid əyalətdən gəlmiş adamlar siyasətdən gedəcək. Mehriban Əliyeva həm də Heydər Əliyev Fondunun keçmiş işçiləri ilə işləyəcək. 1-ci xanımın siyasi portretinin cizgilərinə gəlincə, Azər Rəşidoğlu Paşayevlər ailəsinin siyasi cizgilərinə istinad edir.

“Paşayevlər ailəsi biznes sferasında, maliyyə sferasında neçə illərdir ki, mövcuddurlar və bunlar biznes qarşıdurmasında daha qətiyyətli, sərt və amansız qruplaşma kimi tanınırlar. Bu baxımdan Mehriban xanımın daha sərt idarəçiliyə üstünlük verəcəyini deyə bilərik. Lakin, bir daha altını cızaraq deyirəm ki, Mehriban xanım böyük siyasətdə olmayıb, odur ki, onun siyasi portretini yalnız təxminlər üzərində qurmaq olar”.

Buna da bax:​ 'Xanımlar, kişiniz sizi ölkənin vitse-prezidenti edə bilərmi?'

Azərbaycanın Hollandiyadakı keçmiş konsulu, xaricdə yaradılmış “Oyan” hərəkatının üzvü Nahid Cəfərov deyir ki, Mehriban Əliyeva deputat kimi də fəal olmayıb, bu vəzifə də ona, vitse-prezidentlik kimi İlham Əliyevin xanımı olduğu üçün verilib.

Nahid Cəfərov
Nahid Cəfərov

Nahid Cəfərov deyir ki, hakimiyyət üzvləri arasında yaranmış təsəvvürdən belə nəticə çıxır ki, 1-ci xanım, neqativ ambisiyalı siyasətçi ola bilər. Onun sözlərinə görə, Mehriban Əliyevada özünəvurğunluq və özünə güvənsizlik var, belə adamlar siyasətçi kimi təhlükəli fiqura çevrilir. Keçmiş konsul deyir ki, 1-ci xanım haqqında neqativ fikir bildirən şəxs daha ağır cəzalandırılır.

“Ondan kifayət qədər böyük komplekslər var. Çoxu onu səriştəsiz siyasətçi kimi tanıyır. Eyni xüsusiyyətlər hələ İlham Əliyevdə də var idi, Heydər Əliyev onu prezident təyin edəndə. Çoxu İlham Əliyevə siyasətçi kimi baxmırdı. Çoxu ona qumarbaz və səriştəsiz siyasətçi kimi baxırdı. Və o, bu kompleksləri hiss edərək daha amansız oldu. Mehriban Əliyeva bütün dünyaya sübut etmək üçün ki, böyük siyasətçidir və siyasi liderdir, daha amansız olacaq və bu kompleksi dağıtmağa çalışacaq”.

Buna da bax:​ ‘İndiki halda ya qanun dəyişməli, ya Əliyevlər boşanmalıdır’ [video]

Mehriban Əliyevanın Milli Məclisdəki həmkarı, hakimiyyətyönümlü “Ana Vətən” Partiyasından deputat Zahid Oruc deyir ki, Mehriban Əliyeva haqqında mənfi imic yaradanlar xaricdən idarə olunan qüvvələrdir.

Zahid Oruc
Zahid Oruc

Onun sözlərinə görə, 1-ci xanım heç kimi onu tənqid etdiyinə görə cəzalandırmayıb, o cümlədən müxalifəti.

Zahid Oruc deyir ki, Mehriban Əliyeva ümid və humanizm ünvanıdır, indiyə qədərki fəaliyyəti ilə bunu sübut edib.

Bəs o, lazım gəlsə, ərinin əvəzinə ölkəni idarə edəcək potensialdadırmı?

Zahid Oruc deyir:

“Düşünürəm ki, Mehriban xanım bir tərəfdən ulu öndər Heydər Əliyevin siyasi məktəbini görüb. Həmin məktəbin içində olub. Qərarlar ailədə verilib. Müəyyən qədər dövlət sirlərini bilərək, bununla belə Şərq qadını obrazında hər hansı bir impulsivliyə yol vermədən, iç dərinliyinə malik olaraq, o sirləri qorumağa bacararaq bu illər içərisində o, dövlət başçısının fəaliyyətini yalnız tamamlayıb və dəqiq sərhədləri də qoruyub ki, ölkə başçısı öndədir və ona tabeçilik göstərib".

Buna da bax:​ Arvadını vəzifəyə qoymuş diktatorlar

“Vətən Naminə” Xalq Hərəkatı Birliyinin sədri Hacı Əbdül hələ 2013-cü il prezident seçkilərində Mehriban Əliyevanın prezidentliyə namizədliyini irəli sürmüşdü. O, vitse-prezidentin ünvanına deyilən tənqidlərlə razılaşmır.

“Bu, savadlı yoldaşdır, işgüzar yoldaşdır. Onun yoldaşı prezident olmasa belə, o, öz bacarığına görə, qabiliyyətinə görə o yerə layiqdir. İndi onun günahı deyil ki, yoldaşı prezidentdir?! Heç olmasın. Prezident olmasa belə, o öz bacarığına görə bu yerə layiqdir. Onu deyənlər çox güman ki həyat təcrübəsi olmayan adamlardır”.

Biz Bakı sakinlərindən onların Mehriban Əliyevadan vitse-prezident kimi nə gözlədiklərini soruşmuşuq:

"Sevirəm İlham Əliyevi, kaş o mənim ərim olaydı"
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə Mehriban Əliyevanın siyasi portreti mövzusunda ümumiyyətlə danışmaq istəmir. Deyir ki, məsələ kökündən səhvdir - bu hal hüquqi baxımdan absurddur:

- İlham Əliyevin öz xanımını birinci vitse-prezident təyin etməsi Azərbaycan üçün rüsvayçı bir hadisədir. Təəssüf ki, Azərbaycanın onsuz da dünyada yüksək olmayan nüfuzunu daha da azaldan, Azərbaycanı gülüş obyektinə çevirən, yolverilməz bir hadisədir. Bu baxımdan onun xanımının şəxsi, işgüzar və s. keyfiyyətləri müzakirə mövzusu ola bilməz. Çünki söhbət bir dövlət başçısının öz xanımını saxta bir referendum nəticəsində mənasız, uydurma vəzifə yaradıb həmin vəzifəyə təyin etməsindən gedir.

Buna da bax: İsa Qəmbər: 'Əliyevin xanımını vitse-prezident təyin etməsi rüsvayçılıqdır'

İsa Qəmbər
İsa Qəmbər

O saxta referendum nəticəsində yaradılmış vitse-prezident statusunda çox absurd qeyri-müəyyənliklər var. Əvvəla, onun səlahiyyətləri bəlli deyil. Ancaq birinci şəxs ona səlahiyyətlər verir. İkincisi də, o, seçilmiş şəxs olmaya-olmaya, - bir daha təkrar edirəm ki, o, həmin vəzifəyə seçilməyib, təyin edilib, - faktik olaraq, xalq tərəfindən seçilmiş şəxs statusuna, toxunulmazlığına və s. imtiyazlara malik olur. Bu hüquqi baxımdan absurd, ictimai-siyasi baxımdan yolverilməz və Azərbaycanın maraqlarına köklü şəkildə zidd bir hadisədir.

Azərbaycan Konstitusiyası keçən ilin sentyabrında, referendumun nəticələsində dəyişdirilib. Ölkədə birinci vitse-prezident və vitse-prezidentlər postları yaradılıb.

XS
SM
MD
LG