Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:04

Kənddə bankomat olmadığından...


Azərbaycanda ATM
Azərbaycanda ATM

Kəndin xirtdəkdən yuxarı problemi var

Hacırüstəmli İmişlinin qurtaracağı, Biləsuvarın başlanğıcında bir kənddir. Sakinlərini dinlədikcə məlum olur ki, bu kəndin problemlərinin həlli, necə deyərlər, daşdan çıxır. Səadət Yusifova AzadlıqRadiosu-nun “Qaynar xətt”inə durumu təsvir etməyə çalışır. Deməsinə görə, bir müddət əvvəl kənddə xəstəxana tikilib, ancaq nədənsə, istifadəyə verilməyib, kəndlilər hər dəfə xəstəxananın qarşısından keçəndə üstündəki qıfıla həsrətlə baxırlar. Səadət xanım deyir, bu qıfıl açılsa, kənddən nə qədər xəstə insanın şəfa dalınca rayon mərkəzinə getməkdən canı qurtarar:

“Biri yıxılır, ayağı sınır, gərək, rayon mərkəzinə aparasan. Dişin ağrıdı, yenə ora getməlisən. Kənddəki hamilə, xəstə, əlil insanlar əziyyətlə rayon xəstəxanasına gedib gəlirlər. Həkim yoxdur, yalnız tibb bacısı var. Birinin hərarəti qalxanda, hamı başını itirir”.

“KARTLARI ƏLLƏRİNDƏ YALVARIRLAR”

Hacırüstəmli İmişlinin qurtaracağı, Biləsuvarın başlanğıcında bir kənddir.

Kəndin yolları da bərbaddır. Uzun illərdir ki, sakinlər yığışıb dövlət qurumlarına müraciət edirlər, hələ ki, nəticəsi yoxdur. Torpaqlı yollarla hər dəfə mal-qara daşınanda toz-torpaqdan göz-gözü görmür. Bu toz-torpaq insanların ciyərinə hopur.

Buna da bax: Bəhramtəpə-Biləsuvar yolunda «yolsuzluq» (VİDEO)

Səadət Yusifova deyir, bu kənddə daha bir problem bankomatlarla bağlıdır:

“Bankomatdan əsasən təqaüdçülər, əlillər istifadə edirlər. Pensiya vaxtı çatanda kartları əllərində ona-buna yalvara-yalvara gəzirlər ki, kimsə rayon mərkəzinə gedib onların pensiyalarını çıxarsın. Kənddə vacib bankomat quraşdırılmalıdır. Hər iki ailədən birində ya əlil, ya təqaüdçü var. Bu təbəqəyə belə şəraitdə yaşamaq xüsusilə çətindir”.

5 MANAT ZƏHMƏTHAQQI

Marşrut xətti də yoxdur. Kəndin kasıb təbəqəyə aid sakinlərinin çoxunun şəxsi avtomobili olmadığından qazanclarının bir hissəsini taksiyə verməli olurlar. Səadət xanım avtobussuzluğun yaratdığı problemlərdən söz açır:

“Başqa cür mümkün deyil. Rayon mərkəzində işləyən adam ən axırıncı kənddən ora piyada necə gedib-gəlsin? Yayda isti, qışda soyuq... Heç olmasa, ikicə avtobus ayırsalar, adamlar rahat gedib gələrlər. Tutaq ki, krediti olan məcburdur bir taksi sürücüsünə ağız açsın ki, mərkəzə gedəndə kreditini ödəsin. Buna görə də 5 manat “zəhməthaqqı” verməlidir”. Yaxud, kimsə harasa bağlamanı yenə də eyni qaydada göndərməyə məcburdur”.

Kəndlilər bildirirlər ki, xəstə, qoca, əlil, daim həkim nəzarətində olmalı insanlar var deyə, marşrut xəttinin açılması vacibdir.

Buna da bax: Təqaüdçülərin bankomat növbəsi

“SANKİ XƏZİNƏLƏRİ BOŞALACAQ”

Bankomatdan əsasən təqaüdçülər, əlillər istifadə edirlər. Pensiya vaxtı çatanda kartları əllərində ona-buna yalvara-yalvara gəzirlər ki, kimsə rayon mərkəzinə gedib onların pensiyalarını çıxarsın.

Kazım Kazımov da kənd sakinidir. Arpa əkir. Deyir, bu kəndin sakinləri zəhmətkeşdirlər, ancaq dəyər verən yoxdur:

“Taxıl, pambıq əkənimiz var. Zəhmətkeşik. Gəl ki, bizi Allah da unudub... Qış qapıdadır, qaz yox, bir azdan işıq da olmayacaq... Yol yox, kəndliyə insan kimi yanaşan bir məmur yox... Elə bil, aramızdan çıxmayıblar... Bu kəndə diqqət ayırsalar, sanki xəzinələri boşalacaq”.

Buna da bax: "Milyonları heykəllərə tökürlər, amma bu yola pul tapılmır"

İmişli rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, bu yaxınlarda başçı həmin kənddə olub. Kəndin ən vacib problemlərindən biri olan içməli su məsələsini həll edib. Bundan əvvəl kəndlilər suyu kanaldan götürürlərmiş:

“Bütün problemlər diqqətdədir. Kənd çox, başçı tək... Layihələr işlənilir, kəndlərin sosial problemləri tədricən həll olunur. Hacırüstəmli də diqqətdədir”.

XS
SM
MD
LG