Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:17

İşadamının ailəsinin obyektləri müsadirə olunub


İşadamının ailəsinin obyektləri müsadirə olunub

İşadamı Hafiz Məmmədovun ailəsinə məxsus otel, evlər və başqa obyektlər əllərindən alınıb. Mərkəzi Bankın iddiası əsasında Səbail Rayon Məhkəməsi bu barədə qərar çıxarıb. Qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər verilsə də, nəticəsi olmayıb. Bu yaxınlarda Ali Məhkəmə məsələyə son nöqtəni qoyub – aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvədə saxlanılıb.

AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, müsadirə olunan əmlaklar bunlardır: paytaxtın Nərimanov rayonunda yerləşən otel – “Ramada Hotel & Suites Baku”, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi.

55 milyonluq kredit borcu

Evlər Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun mülkiyyətində olub. Yeddi mərtəbəli otelin rəsmi sahibi isə Məmmədova Yeganə Sabir qızı idi. “Nizami” metrostansiyasının yaxınlığında – Şamil Əzizbəyov küçəsi 88 ünvanında yerləşən obyektin mülkiyyət hüququ “KSM Property” MMC-yə məxsusdur. “KSM Property” isə Hafiz Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupuna daxildir.

Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”un hüquqi ünvanı da Ş.Əzizbəyov 88-dir.

Mərkəzi Bankın Məhkəmə iddiasına səbəb isə vaxtilə “Bank of Azerbaijan”a ayrılmış kreditlərdir. Bu bank isə H.Məmmədovun ailə üzvlərinə məxsus idi. Üç fiziki səhmdardan ikisi - Kənan və Sənan Məmmədovlar işadamının övladları, Mübariz Məmmədov isə qardaşıdır.Hüquqi səhmdar isə “NEM Holding”dir.

“Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedir. Bunun da 50 milyonu əsas borc, 5 milyonu faizlərdir. Bu kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb”, - AzadlıqRadiosu-na bildirilib.

Mərkəzi Bankın iddia ərizəsində Qubada – Bakı-Quba yolunun 4-cü kilometrliyində yerləşən 15.7 min kvadrat metrlik kompleksin də müsadirəsindən söhbət gedir. Bu göstəricilərə görə, həmin ünvanda yerləşən əmlak Quba Olimpiya Kompleksidir. Kompleksin mülkiyyət hüququ da “Baghlan Trading”ə məxsusdur.

Əmlaklar açıq hərraca çıxarılacaq

Məhkəmə qərar verib ki, yuxarıda göstərilən əmlakları “Bank of Azerbaijan” ASC-nin ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu açıq hərracda satsın. Satışdan əldə olunan vəsait bankın sözügedən üç kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun ödənilməsinə yönəldilsin.

Ancaq müsadirə olunan əmlak sahibləri məhkəmənin qərarıyla razılaşmır. Şikayətlərində də göstəriblər ki, Mərkəzi Bank iddia tələbini onlara yox, “Bank of Azerbaijan”ın ləğvedicisinə - Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürməli idi:

“Məhkəmə də Maliyyə Bazarlarına Nəzarət Palatasına sorğu göndərməliydi. Müəyyənləşdirməliydi ki, bankın cari aktivləri həqiqətən də mübahisə olunan kredit borclarının ödənilməsi üçün kifayət edir, yoxsa yox”.

“Bank of Azerbaijan” ASC-nin lisenziyası Mərkəzi Bankın 18 yanvar 2016-cı il tarixli qərarı ilə ləğv olunub. Qərarda göstərilib ki, bank “məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib - məcmu kapitalın adekvatlıq əmsalı 3 faizdən az olub, kreditorlar qarşısında öhdəliklər icra olunmayıb, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməyib”.

XS
SM
MD
LG