Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:56

'Hakimiyyət 'siyasi islahatlar' sözündən istifadə etmir'


R.Mehdiyev və İ.Əliyev
R.Mehdiyev və İ.Əliyev

Son illər Azərbaycan hakimiyyəti təmsilçiləri ölkədə geniş islahatlar getdiyini bildirirlər. Elə son zamanlar sürətlənən kadr dəyişikliklərini də onlar bununla izah edirlər. Amma bir qisim müşahidəçilər də hesab edirlər ki, siyasi azadlıqlar təmin edilmədən, hakimiyyət bölgüsü olmadan bu islahatlar səmərəli ola bilməz.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli AzadlıqRadiosuna deyib ki, hər hansı bir idarəçilik sistemində kadrlar həmin sistemin iş prinsipini reallaşdırmaq üçün nəzərdə tutulmuş təyinatlardır:

«Sistemin mahiyyəti dəyişmədən...»

«Yəni, sistemin mahiyyəti dəyişmədən, hər hansı kadr islahatı, bir adamın başqası ilə əvəz olunması heç nəyi dəyişə bilməz. İndi gənclər də müəyyən vəzifələrə təyin olundular. Amma sistemdə hansı dəyişiklik baş verdi və ya baş verə bilərmi? Əlbəttə, yox».

N.Məmmədli hesab edir ki, Azərbaycanda islahatlar aparmaq üçün birinci növbədə insanlara münasibət dəyişməlidir: «Yəni, Konstitusiyada, Azərbaycanın imzaladığı beynəlxalq konvensiyalarda üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Azərbaycanda sərbəst toplaşmaq azadlığı, demokratik seçki mühiti təmin olunmalıdır. Siyasi məhbus problemi həllini tapmalıdır...».

N.Məmmədli
N.Məmmədli

«Əgər seçkinin taleyini seçici yox, komissiyalar həll edəcəksə...»

N.Məmmədli vurğulayıb ki, əgər yenə də seçkinin taleyini seçici yox, komissiyalar həll edəcəksə, burada demokratik dəyişiklikdən söhbət gedə bilməz.

AXCP təmsilçisi hesab edir ki, insanları yenə müəyyən müddətə aldatmaq istəyirlər: «Ona görə də hesab edirəm ki, bu islahat söhbətləri günbəgün güclənməkdə olan etiraz təmayüllərinin qarşısını almaq və əhalini sakitləşdirməyə yönəldilmiş addımlardır».

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc isə deyib ki, Azərbaycanda 2019-cu ildən başlayan proses sosial və iqtisadi məkanda böyük dəyişikliklərə gətirib çıxarıb.

Z.Oruca görə, amma haradasa «siyasi qapanmalar» baş veribsə, bunun təqsiri Qərbin Azərbaycanla əməkdaşlıqda qaydaları pozmasında, daha artıq demokratiya bürüncəyində öz mənafelərini irəli sürməsindədir: «Bu, dinc keçid prosesləridir, qansız-qadasız, iqtisadi, siyasi elitaları toqquşdurmadan, vətəndaş-dövlət münasibətlərində hər hansı gərginlik yaratmadan baş verməkdədir. Bu, qətiyyən Qərbin və Şərqin sifarişi ilə deyil».

Z.Oruc
Z.Oruc

«Bütün qüvvələr vahid oyun qaydalarını qəbul etməlidirlər»

Onun fikrincə, siyasi azadlıqları daha geniş bir səviyyədə bərqərar etmək üçün partiyalar, hərəkatlar, digər siyasi institutlarla konsesus tapmağa çox ciddi ehtiyac var. Deputat deyib ki, bunun üçün də bütün qüvvələr vahid oyun qaydalarını qəbul etməlidirlər, belə olarsa, islahatların miqyası, sürəti, daha da böyük olacaq: «Kimsə hesab edirsə ki, hökumətdə və ya dövlət sistemində baş verən dəyişikliklər hansısa tələblərə, aksiyalara, virtual məkandakı çağırışlarla bağlıdır, onlar İlham Əliyevin dəmir xarakterini tanımırlar».

Deputata görə, rəqib qüvvələrlə də normal dialoqlar təşkil olunmalıdır, bu dialoqlardan irəli gələn çağırışlar, istəklər dövlətin zirvəsinə çatdıqda normal əks əlaqə sistemi yaranacaq.

Z.Orucun fikrincə, nəticədə aqressiya, ictimai münasibətlərdəki barrikadaçılıq, düşərgəçilik də öz yerini normal siyasi münasibətlərə vermiş olacaq.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlıya görə isə, idarəetmədə köhnə kadrların yeniləri ilə əvəzlənməsinin təsirini zaman göstərəcək:

«Azad seçki olmadan...»

«Amma gerçək islahatlara gəlincə, hakimiyyət «siyasi islahatlar» sözündən istifadə etmir, yalnız iqtisadi islahatlar, kadr islahatları terminlərindən istifadə edir. Yəni, siyasi islahatlardan söhbət getmir. Təəssüf ki, siyasi islahatlar, azad seçki, hakimiyyət bölgüsü olmadan cəmiyyətdəki bütün tərəflər hakimiyyətdə təmsil oluna bilmirlər, bunun da nəticəsində cəmiyyətlə hakimiyyət arasında rabitə itir».

XS
SM
MD
LG