Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:22

Çovdarov məhkəməsinin qəribə zərərçəkənləri...


"Centlmen sövdələşməsi". Şerif. Karikatura.
"Centlmen sövdələşməsi". Şerif. Karikatura.

MTN generallarının işində dələduzluq və mənimsəmə əməllərində suçlanan və həbsxana həyatı yaşamış zərərçəkənlər də var.

"Texnikabank" ASC-nin Səbail filialına rəhbərlik etmiş Elton Əliyev onlardan biridir. Bir həftə əvvəl MTN generalı Akif Çovdarovun məhkəməsində zərərçəkən statusunda dindirilən Elton Əliyev fevralın 16-da hakim önünə təqsirləndirilən şəxs kimi çıxarılıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Elton Əliyev külli miqdarda mənimsəmədə günahlandırılır.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': `Müstəntiqin 'Vinçester'ə gözü düşdü...'

Onun atası Nəsib Əliyev də həbsdədir. "Şahbulaq" adlı mənzil-tikinti kooperativinin rəhbəri olmuş Nəsib Əliyev tikilən binada mənzil satmaq adı ilə vətəndaşları aldatmaqda suçlu sayılıb və 13 il həbs cəzası alıb.

Hazırda həbsdə deyil

Elə Elton Əliyev də atasının şirkətinin adından yararlanıb, əslində, mövcud olmayan binadakı mənzillərin alınmasından ötrü müxtəlif adamların adına rəhbərlik etdiyi bankdan ipoteka krediti verməkdə və bu yolla külli miqdarda pulun mənimsənilməsində təqsirləndirilir.

Buna da bax: 'Mərkəzi Bankın vəzifəliləri də cəzalandırılmalıdır'

O, daha öncə bir müddət Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılsa da, hazırda həbsdə deyil və haqqındakı həbs qərarı sonradan ev dustaqlığı ilə əvəzlənib.

Generalın vəkilləri iddia edirlər ki...

Elton Əliyev Çovdarovun məhkəməsində dindirilərkən demişdi ki, 2007-ci ilin sentyabrında MTN əməkdaşları onu "Texnikabank"ın baş ofisindən MTN-ə apararaq, onun işi və atasıyla maraqlanıb, sorğu-suala tutublar. Ardınca atasına zəng eləməsini tələb ediblər. Dediyinə görə, atasına telefon açaraq, nazirliyə gəlməsini istəyib. Çovdarov atasından 500 min manat tələb etsə də, danışıqlardan sonra 350 min manat alaraq, buraxıb.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: `O, burada şifrəli danışır...`

Amma Çovdarov onun yalan danışdığını, bu adamı heç tanımadığını bildirib. Hətta Çovdarovun vəkilləri də iddia edirlər ki, Elton Əliyev zərərçəkən statusunda prosesə cəlb edilib, ancaq Çovdarovun əleyhinə ifadə alınandan sonra həbsdən buraxılıb.

Elton Əliyevin məhkəməsi fevralın 22-də davam edəcək.

Xatırlatma

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Hazırda 19 nəfər həbsdədir. Cinayət məsuliyyətinə cəlb olunanlardan birinin - general Natəvan Mürvətovanın haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. O, məhkəməyə evindən gedib-gəlir. Daha bir nəfər - polkovnik İlqar Əliyev həbsindən təxminən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.

Buna da bax:​ MTN-in ev dustağı olan qadın generalı: 'Rədd olun buradan!'

Akif Çovdarova və onunla birgə hakim önünə çıxarılanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG