Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:39

Hökumət vəsaitləri, əsasən, ilsonu xərcləyir


2022-ci il dövlət büdcəsinin xərcləri
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

2022-ci il dövlət büdcəsinin xərcləri

Əsas kapitala yatırımlar azalıb

Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində həmin ildə ölkəyə yatırımların həcmi haqqında göstəricilərə də yer verilib. Bu göstəricilərdən aydın olur ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında əsas kapitala yönəldilmiş investisiyaların həcmi azalıb. Əgər pandemiya məhdudiyyətlərinin olduğu 2020-ci ildə ölkə iqtisadiyyatına investisiyaların həcmi 17 milyard 226 milyon manat idisə, ötən il bu göstərici cəmi 16 milyard 546 milyon manat olub. Hökumət 2021-ci ildə ölkədə əsas kapitala yatırımların 18 milyard 181 milyon manat olacağını proqnozlaşdırmışdı. Başqa sözlə, ötən il ölkə iqtisadiyyatına yatırımların həcmi proqnozdan 1 milyard 634 milyon manat və ya 11.5 faiz geri qalıb.

Hesablama Palatası öz rəyində investisiyaları daxili və xarici, neft və qeyri-neft, dövlət və qeyri-dövlət sektorları olmaqla təsnifləşdirir. Bütün bu istiqamətlər üzrə investisiyaların təhlili göstərir ki, hökumətin proqnozu heç bir istiqamətdə özünü doğrultmayıb və bütün istiqamətlərdə investisiyalar gözləniləndən az olub.

Əsas kapitala investisiyaların müxtəlif təsnifatlar üzrə təhlili göstərir ki, əvvəlki ilə nisbətən daha az məbləğin icra edilməsi, əsasən, qeyri-neft sektoruna yönəldilmiş, eləcə də dövlət hesabına yönəldilən investisiyaların azalmasından irəli gəlib. Əgər 2020-ci ildə dövlət sektoruna 8 milyard 532 milyon manat investisiya yönəldilibsə, ötən il bu göstərici təxminən 1 milyard manat azalıb və 7 milyard 549 milyon manat olub. Qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi də yarım milyard manata yaxın azaldılıb (10 milyard 781 milyon manat). Ölkə iqtisadiyyatı üçün vacib sayılan əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmində də azalma var. Son bir ildə Azərbaycan iqtisadiyyatına yatırılan əsas kapitala yatırılmış xarici investisiyaların həcmi 15 faizdən çox azalıb.

Vəsaitlər çox vaxt son rübdə xərclənir

Əvvəlki illərdə olduğu kimi, ötən ildə də əsas kapitala vəsaitlərin əsas hissəsi sonuncu rübdə, özəlliklə sonuncu ayda yönəldilib. Dövlət investisiyalarının rüblər üzrə təhlilinə əsasən, ilk üç rübdə dövlət hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi dördüncü rübdəki məbləğlə, aşağı-yuxarı, eyni - illik vəsaitin 50 faizi olub. Bu isə sonuncu rübdə 3.7 milyard manatdan çox məbləğin dövriyyəyə buraxılması və pul kütləsinə təzyiqin artması deməkdir.

Dövlət büdcəsinin icrasına dair açıqlanan bilgilərdən aydın olur ki, dövlətin əsaslı vəsait qoyuluşu üzrə illik məbləğin 41.6 faizi sonuncu rübdə icra edilib. Belə ki, ilboyu 2 milyard 506 milyon manat dövlət əsaslı vəsait qoyuluşu icra edildiyi halda, dördüncü rüb üzrə bu məbləğ 1 milyard 44 milyon manat, o cümlədən dekabr ayı üzrə 665 milyon manat olub. Bunun nəticəsində dördüncü rüb ərzində ölkədə pul kütləsinin həcmi 3 milyard 400 milyon manat həcmində artıb. İqtisadi nəzəriyyəyə görə, dövriyyədəki pul kütləsinin artımı inflyasiyanı yüksəldən amil sayılır.

İnflyasiyanın ən yüksək həddi ilsonu qeydə alınır

Hesablama Palatasının rəyində də qeyd edilir ki, dövlət investisiyalarının ilin son üç ayında yüksək icrası tələbi yüksəltməklə qiymət artımına təsir göstərən amillərdən biri olub. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə də bu məqam açıqca gözə çarpır. Komitənin istehlak qiymətləri ilə bağlı göstəricilərindən aydın olur ki, ötən ildə də ənənəvi olaraq inflyasiyanın ən yüksək həddi ilsonu qeydə alınıb. Bu ilin ilk ayı da inflyasiya səviyyəsinə görə fərqlənib və yanvarda qeydə alınan bahalaşma fevral, mart və aprel aylarıyla müqayisədə daha yüksək olub. Son açıqlanan rəsmi rəqəmlərə görə, bu il mayın 1-də Azərbaycanda qiymətlər ötən ilin eyni dövri ilə müqayisədə 13 faiz bahalaşıb.

Əhalinin xərclərinin əsas bölümü olan qida xərclərində bahalaşma daha yüksək – 19.1 faizə çatıb. Bu göstəricilər Azərbaycanda son illərdə qeydə alınan ən yüksək inflyasiya səviyyəsidir.

Palatanın rəyində bir məqam da diqqət çəkir. Bildirilir ki, dövlət büdcəsinin vergi orqanlarından əldə etdiyi daxilolmaların həcmi rüblər üzrə, demək olar, eynidir. Başqa deyimlə, büdcə gəlirləri rüblər üzrə təxminən bərabər olsa da, xərclərin, demək olar, yarısı sonuncu rübdə icra edilib. Bu da onsuz da yüksək inflyasiyanı daha da yüksəldib.

Müstəqil ekspertlər dövlət vəsaitlərinin əsas hissəsinin ilsonu xərclənməsini həm də korrupsiya elementlərinə bağlayırlar. Hesablama Palatası da sözügedən rəyində bu məsələyə diqqət çəkib. Palatanın hesablamalarına görə, dövlət investisiyalarının ilin son üç ayında gözlənilən yüksək icrası halında 4 milyard manata yaxın vəsait iqtisadiyyata yönəldiləcək və nəticədə qiymət artımı baş verəcək.

XS
SM
MD
LG