Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:18

'İmişli quşçuluq'un işçisi: 'Dedilər, gedin evinizə,...'


«İmişli quşçuluq» müəssisəsi
«İmişli quşçuluq» müəssisəsi

«Bizi rəsmi qaydada işdən azad etməyiblər. İşəgötürənlə aramızda son hesablaşma da olmayıb. Sadəcə dedilər ki, gedin evinizə, iş açılanda xəbər edəcəyik. İndi, necə deyərlər, qalmışıq havada-adımız işdə gedir, özümüzsə bekar və ac oturmuşuq evdə».

İmişli rayonunun Gövhərli kəndində yaşayan Gülminaz Heydərova belə deyir. Onun sözlərinə görə, 10 ilə yaxın işlədiyi «İmişli quşçuluq» müəssisəsi bu ilin yanvarında qəfil istehsal fəaliyyətini dayandırıb:

«200 nəfər işçi...»

«Dedilər məhsulumuz pula getmir, ziyan edirik. Bildirdilər ki, toyuq bahalaşanda işləyəcəyik. Son 2 ayın maaşını da vermədilər. Həmin günlərdə uşağım ağır xəstə idi. Sonradan bir ayın əməkhaqqını ala bildim. Orada əksəriyyəti qadın olan 200 nəfərə yaxın işçi çalışırdı. İndi çoxu evdə oturub gözləyir. Heç bilmirəm, bu müddətdə toyuğun qiyməti artıb, yoxsa yox? (toyuğun qiymətində bir elə dəyişiklik olmayıb-red.). Gərək alasan ki, biləsən...».

O, nəsə fikirləşib, dediklərinə əlavə edir: «Xahiş edirəm, sözlərimi şikayət kimi verməyin. Mən istəyirəm broyler açılsın, biz də qayıdaq öz işimizə. İndi iş tapmaq da olmur. Oradan aldığım 200 manat əməkhaqqı ilə yenə pis-yaxşı dolanırdıq. İndi yeməyimiz qalsın bir yana, işlətdiyimiz işığın, qazın pulunu ödəyə bilmirik».

«Baxdıq ki, belə davam etmək olmur, dayandıq»

«İmişli quşçuluq» müəssisəsi 1986-cı ildən fəaliyyət göstərir. Müəssisə özəlləşdiriləndən sonra əvvəl səhmdar, sonra məhdud məsuliyyətli cəmiyyətə çevrilib. Bu barədə cəmiyyətin özü müxtəlif internet səhifələrində məlumat yayıb.

Həmin məlumatlarda həmçinin qeyd edilir ki, müəssisə dünya standartlarına cavab verən, Amerika, Almaniya, Hollandiya və Türkiyədə istehsal edilmiş avadanlıqlarla təchiz edilib. Cəmiyyətdə 177 nəfər mütəxəssis və işçi heyəti çalışır.

«İmişli quşçuluq» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sahibi Əlif Heydərov baş verənləri ölkəyə quş ətinin idxalı ilə əlaqələndirir: «Ötən il bazara Ukraynadan ucuz toyuq əti gətirildi. Dondurulmuş ətin tərkibində 30 faiz su olmağını demək bəs edir ki, onun keyfiyyəti təsəvvür olunsun. Amma ucuz satıldığına görə idxal məhsulu yerli istehsalı sıxışdıra bildi. Son 4 ayda təqribən yarım milyon manata qədər zərər etdik. Baxdıq ki, belə davam etmək olmur, dayanmaq məcburiyyətində qaldıq».

«İmişli quşçuluq» müəssisəsi
«İmişli quşçuluq» müəssisəsi

O ki qaldı işçilərlə əmək münasibətinə, şirkət rəhbəri heç kəsin işdən çıxarılmadığını deyir: «Bizdə işləyənlərin hamısı rayon sakinləridir. Bir-birimizin xeyir-şərində iştirak edirik. Demək istəyirəm ki, hətta ortada rəsmiyyət olmasa belə, bu adamların zəhmət haqqı bata bilməz. İşçilərə bir ayın maaşını borcluyuq. Müəssisə fəaliyyətini müvəqqəti olaraq dayandırarkən onlara vəziyyəti izah etdik. Uzağı bir aya yenidən istehsala başlayacağıq. Onda hamı qayıdıb əvvəlki işini görəcək. Heç kəs işdən çıxarılmayıb, heç bir ixtisar da olmayıb. Buna görə işçilərlə son hesablaşma aparılmayıb».

«İsmayıllı Quşçuluq» ASC-nin direktoru Zahid Qardaşov isə yerli mətbuat orqanlarından birinə müsahibəsində ölkədə tədarük olunan damazlıq yumurtaların ikinci nəsil olduğunu bildirib. Sahibkar belə yumurtalardan alınan quşların çəkisinin biznesdən ötrü səmərəli olmadığını vurğulayıb.

Rəsmi açıqlamalar...

Sənaye müəssisələri və ev təsərrüfatları tələbatı ödəyirmi? Doğrudanmı böyük xərclə ölkəyə gətirilən quş əti yerli məhsulu bazarda sıxışdıra, nəhəng müəssisələrin işini axsıda bilər?

Ölkə rəhbərliyi son illər bir neçə dəfə bildirib ki, Azərbaycanın nəinki özünü ərzaq məhsulları ilə təmin etmək, hətta bu məhsulları ixrac etmək potensialı var. Rəhbərlik bununla bağlı yeri gəldikcə, rəqəmlərə də müraciət edir...

Ancaq bütün bu deyilənlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyi rəsmilərindən münasibət almaq mümkün olmayıb.

2011-ci ildən sonra...

Hələ 2011-ci ildə prezident İlham Əliyev yumurtanın qiymətinin süni surətdə artırıldığını bildirmişdi. Ardınca bir neçə broyler rəhbəri cinayət ittihamı ilə üzləşmişdi.

Adının çəkilməyini istəməyən bəzi sahibkarlar dövlət başçısının sərt təpkisindən sonra quş əti və yumurtanın qiymətini bazarın tələbinə uyğun müəyyənləşdirə bilmədiklərini, bəzi hallarda məhsulu maya dəyərindən də ucuz satdıqlarını deyirlər. Broyler təsərrüfatı rəhbərlərindən adının çəkilməsini istəməyən birisi də vurğulayıb ki, 2015-ci ildən sonra bu sahədə vəziyyət lap pisləşib: «Həmin il baş verən devalvasiyalar məhsulun maya dəyərini kəskin artırdı. Axı istehsal üçün zəruri olan yem və dərmanı, habelə obyektin texnoloji avadanlıqlarını xaricdən alırıq. Onlara çəkdiyimiz xərc iki dəfədən çox artdı. Amma bizə qeyri-rəsmi olaraq məhsullarımızın qiymətini çox artırmağı qadağan etdilər. Xərc artdıqca, qazancımız da azalır. Artıq bu sahədə işləmək çətinləşib».

V.Məhərrəmov
V.Məhərrəmov

Ekspert: «Quş yetişdirməyimiz avtomobil istehsalımıza bənzəyir»

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə ölkənin qida təhlükəsizliyi ilə bağlı aydın və əhatəli proqramının olmadığını iddia edir: «Əvvəla, deyilir ki, guya ölkənin quş ətinə olan tələbatı 100 min tondur və bu da daxili istehsalla ödənilir. Tamamilə yanlış yanaşmadır. Ölkənin ümumi olaraq ət məhsullarına tələbatı 780 min tondur. İnkişaf etmiş ölkələrin statistikasını götürsək, bunun 33-35 faizini quş əti təşkil etməlidir. Deməli, Azərbaycanın quş ətinə olan tələbatı 250 min tondan çoxdur. Keyfiyyətsiz məhsul bazarda üstün mövqedə ola bilməz. Etiraf olunmalıdır ki, biz heç yerli bazarımıza da həm qiymət, həm də keyfiyyət baxımından rəqabədavamlı məhsul çıxara bilmirik. Bizim quş əti istehsalımız avtomobil düzəltməyimizə oxşayır. Məhsulun başa gəlməyi üçün bütün komponentləri xaricdən alırıq. Başqa ölkələrdə bu sahədə ixtisaslaşan müəssisələr hər şeyi özü istehsal edir. Nəticədə məhsulun maya dəyəri də ucuz başa gəlir. Son vaxtlar yem məhsulları və dərman preparatları bahalandığından kənd yerlərində ev quşları saxlamaq da çətinləşib. Bu sahədə dönüş yaratmaq üçün idxaldan asılılıq aradan qaldırılmalıdır».

XS
SM
MD
LG