Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:17

İqtisadçı: 'Strateji baxış üçün artıq gecdir'


Bakıda neft buruğu
Bakıda neft buruğu

Neftin bir barelinin qiyməti dünya bazarında 25 dollara qədər düşüb. Halbuki, ilin əvvəlində «qara qızıl»ın bir bareli 60 civarında dəyişirdi. Azərbaycanın hökumət rəsmiləri baş verənlərin ölkəyə ciddi mənfi təsirlər göstərməyəcəyini bəyan ediblər. Baxmayaraq ki, ölkə ixracının 90 faizi neft və qazın payına düşür. Rəsmilərin açıqlamasına görə, lazım gələrsə, B planını (bu planın detalları açıqlanmır-red) işə salacaqlar. Amma, hələlik, hökumət gözləmə mövqeyi tutub. Üstəlik, koronavirus təhlükəsi də bütün dünyanı başına götürüb və ekspertlər düşünür ki, getdikcə onun iqtisadi inkişafa mənfi təsirləri artmaqdadır. Artiq dünyanın bir çox ölkələri iqtisadi güzəşt paketləri qəbul etməkdədirlər. Hətta Azərbaycanın qonşusu Türkiyədə minimum pensiya artırılıb, vergi, bank və bir sıra başqa məsələlərlə bağlı güzəştlər tətbiq edilib.

İqtisadçı Rəşad Həsənli AzadlıqRadiosuna deyib ki, dünya neft bazarında qiymətin həddən aşağı düşməsi gözlənilməz olub. Onun fikrincə, indiki halda bu bazara təsir edəcək yeganə amil koronavirus probleminin həlli ilə bağlı müsbət xəbərin ortaya çıxması ola bilər.

Ekspertə görə, Azərbaycan üçün vəziyyət nisbətən fərqlidir, neftin bir bareli büdcədə 55 dollar nəzərdə tutulub, amma onun 55 dollara satılması ehtimalı indi çox aşağıdır: «İstənilən halda bu, 2020-ci ilin fiskal tənzimlənmələri üçün problem yaradacaq».

R.Həsənli
R.Həsənli

«Hökumət bu günə qədər çox iş görməli idi»

R.Həsənlinin fikrincə, hökumət, əslində, bu günə qədər çox iş görməli idi: «Strateji yol xəritələri, dövlət proqramları, biznesin təşviqi, iqtisadiyyatın şaxələndirilməsi və sair məsələlərlə bağlı işlərin görüldüyü deyilsə də, onların real iqtisadiyyata transformasiyasını görmədik. Yəni, proqramlar icra olundu, amma real nəticələri olmadı. Faktiki büdcənin, iqtisadiyyatın, ixracın strukturunda neftin gücü zəifləmədi».

«Strateji baxış üçün artıq gecdir»

Ekspertə görə, indi isə daha çox hökumətin taktiki gedişlərindən danışmaq olar, strateji baxış üçün artıq gecdir: «Taktiki gedişlər ondan ibarət ola bilər ki, hökumət səmərəsiz idxal prosesini məhdudlaşdırmaq üçün dövlət vəsaitləri hesabına idxal prosesinə məhdudiyyət tətbiq edə bilər».

Onun fikrincə, daha bir addım büdcənin sosial tərəflərini gücləndirmək, investisiya xərclərini məhdudlaşdırmaqdır:

Novruz ovqatsız Bakı
Gözlə
Embed

No media source currently available

0:00 0:03:16 0:00


«Bir sıra sektorlarda kütləvi ixtisarlar ola bilər. Hökumət bununla bağlı mövqe ortaya qoymalı, qərarlar qəbul etməlidir. Problem var, onu qərar və sərəncamlarla aradan qaldırmaq olar...».

R.Həsənlinin deməsinə görə, indiki situasiyada Nazirlər Kabineti sahibkarlara dəstəklə bağlı təkliflər hazırlayır, qərarlar da qısamüddətli dövr üçün, fövqəladə şəraitə uyğun təcili verilməlidir.

Hökumət hansı güzəştləri edə bilər?

Onun fikrincə, aztəminatlı ailələr üçün ölkədə sosial yardım adına bütün alətlərdən istifadə edilməli, buna maneələr aradan qaldırılmalıdır.

İş adamlarına güzəşt məsələsinə gəlincə, R.Həsənov deyib ki, zəruri xidmət sahəsində olan özəl qurumların vergi yükünün azaldılması, kredit borclarının ödənilməsini uzatmaq barədə qərar verilməli və koronavirusun vurduğu zərəri kompensasiya etmək üçün onlara vaxt tanınmalıdır.

Onun sözlərinə görə, bu məqsədlə Mərkəzi Bank əlavə vəsaitlər verməklə özəl bankların likvidliyini dəstəkləyə bilər və nəhayət, sahibkarların bəzi sosial ödənişlərini dövlət kompensasiya edər.

Z.Oruc
Z.Oruc

«Amma bu, bir qədər zaman alacaq»

Deputat Zahid Oruc isə hesab edir ki, indi dünya daha çox koronavirus infeksiyası ilə mübarizəyə fokuslanıb. «Bu isə neftin qiymətinin çox yaxın zamanda yüksək olmayacağını söyləməyə əsas verir. Odur ki, ucuz neft qiymətlərinə öyrəşmək, büdcə siyasətini ona uyğunlaşdırmaq, postvirus dövründə dövlət iqtisadiyyatını bu tələblərə tabe etdirmək lazımdır», - deputat «Turan» agentliyinə söyləyib.

Z.Oruc vurğulayıb ki, Azərbaycanın ən azı 2020-ci il reallığında əhalinin sosial öhdəliklərini tam yerinə yetirmək baxımından problemi yoxdur.

Onun fikrincə, yəqin ki, ucuz neft qiymətləri halında Azərbaycanda hökumət B planı üzrə müəyyən addımlar atacaq: «Biznes qurumlarına dövlət dəstəyinə gəlincə, iqtisadiyyata yardımlar, şübhəsiz ki, olacaq. Həmin mərhələ görünən kimi hökumət iqtisadiyyata, biznes strukturlarına əvvəlki ahəngdarlığı bərpa etmək üçün maliyyə vəsaitləri ayıracaq. Amma bu, bir qədər zaman alacaq».

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan da ondan bir neçə gün sonra-fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb. Bu müddət sonra daha iki həftə uzadılıb. Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən etibarən müvəqqəti olaraq dayandırılıb. Martın 14-dən etibarən də Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb. Dünən - martın 18-dən isə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılıb. Azərbaycanda martın 14-dən etibarən bir ay ərzində kütləvi tədbirlər də dayandırılıb.

Son bir neçə ayda dünyada bu virusdan 9 min civarında şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda rəsmi şəkildə 44 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 10 nəfərin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Bundan başqa, Azərbaycanda, əsasən, İran və İtaliyadan gələn yüzlərlə şəxsin koronovirusa yoluxma təhlükəsi ilə karantində saxlandığı açıqlanıb.

XS
SM
MD
LG