Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:48

Hüquq müdafiəçisi: 'Çox istərdim deyəm ki, durum yaxşılaşır... Deyə bilmirəm'


"Turan" agentliyinin direktoru məhkəmə qarşısında. İllüstrasiya. Rəssam: Gündüz Ağayev.
"Turan" agentliyinin direktoru məhkəmə qarşısında. İllüstrasiya. Rəssam: Gündüz Ağayev.

“2017-ci ildə Azərbaycanda insan haqları sahəsində durum ötən illərdən fərqlənməyib. Necə varıydı, eləcə də pis qalıb”, – hüquq müdafiəçisi Arzu Abdullayeva başa vurduğumuz ildə insan haqları sahəsində durumu dəyərləndirərkən belə deyir.

O, vətəndaş cəmiyyətində durumun dəyişməz qaldığını, siyasi motivli həbslərin davam etdiyini bildirir: “Kimsə azad olunur, kimsə də yenidən həbs edilir. Yəni mən ab-havanın yaxşılaşdığını hiss etmirəm”.

Buna da bax: Polisin hüquqları artırılır və mətbuata yeni cəzalar gəlir

Hüquq müdafiəçisi insan hüquqlarının, az qala, hər səviyyədə pozulduğunu deyir: “Qanunun aliliyi prinsipi işləmir. Bunun da səbəbi vətəndaş cəmiyyəti nümayəndələrinin sayının çox az olması, onların imkanlarının tükənməsidir, baş verənlərə müdaxilə edə bilmirlər. Bir yandan da cahillik artır, cəmiyyət özü apatiya içindədir. Eyni zamanda, artıq hakimiyyət vətəndaş cəmiyyətini dinləmir, səylərimizi nəzərə almır. Çox istərdim deyəm ki, durum yaxşılaşır, yaxşılığa doğru gedir. Amma deyə bilmirəm”.

Arzu Abdullayeva
Arzu Abdullayeva

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə başlıca olaraq məhkəmə islahatlarının aparılmaması, bu səbəbdən “on minlərlə insan”ın haqqının pozulması haqda danışır. Onun sözlərinə görə, insan haqları sahəsində problemlərin həlli üçün birinci addım olaraq məhkəmə sahəsində köklü islahatlara, məhkəmələrin azad olmasına ehtiyac var. “Bizə minlərlə məktub gəlir. Siyasi məhbuslardan başqa minlərlə insanın müqəddəratı məhkəmələrdən asılıdır”, – Novella Cəfəroğlu qeyd edir.

Buna da bax: Məhkəmə müstəqil saytları blokladı [yenilənir]

Deputat: “Bu il qərəzli qətnamələrlə yadda qaldı”

İnsan haqlarından danışarkən deputat Fərəc Quliyev 2017-ci ilin Azərbaycan üçün daha çox beynəlxalq qurumların qəbul etdiyi “qərəzli qətnamələr”lə yadda qaldığını bildirir. O da siyasi hakimiyyətin təmsilçiləri kimi eyni arqumentləri gətirir: “Beynəlxalq qurumlar Ermənistan kimi insan hüquqlarına hörmət etməyən ölkəylə bağlı qətnamə qəbul etmədilər. Milyonlarla insanın əmlak hüququ tanınmadı, ölkənin ərazi bütövlüyü təmin edilmədi. Amma Azərbaycanda bir-iki epizoda görə dərhal hay-küy salmağa başladılar”.

Buna da bax: ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

Fərəc Quliyev
Fərəc Quliyev

Deputat ölkədə insan haqları sahəsində çatışmazlıqlar olduğunu danmır, amma hesab edir ki, haqsızlığa uğrayan Azərbaycan insanıdır: “Biz böyük mənada Azərbaycan insanının haqlarının pozulmasına şahid olduq”.

Deputat: “Mətbuatla bağlı daha sərt tədbirlər görülməliydi”

Buna da bax: Demokratiya İndeksi: Azərbaycan 148-ci yerdədir

Deputat Fərəc Quliyev ölkədə siyasi azadlıqların, o cümlədən ifadə, söz azadlığının təmin edildiyi qənaətindədir: “Heç bir sayt bağlanmayıb, mətbuata qadağalar qoyulmayıb. Mətbuat azaddır, istənilən adam tənqid olunur. Senzura yoxdur. Əksinə, mən düşünürəm ki, müharibə zamanında mətbuatla bağlı daha sərt tədbirlər görülməli idi. Dəfələrlə bu sahədə fərqli qərarlar qəbul olunmasını istəmişəm. Azərbaycanda bütün media qurumları sizin kimi vətənpərvər mövqedən çıxış etmir, hərbi sirləri yayırlar. Amma bütün bunlara baxmayaraq, müharibə şəraitində yaşamağımıza baxmayaraq, senzura tətbiq edilməyib. Heç bir mətbuat deyə bilməz ki, bizi tənqidə görə bağladılar və ya jurnalist olduğuna görə heç kim həbs edilməyib”.

Buna da bax: Vəkil: 'Hacı Məmmədov xeyli sirləri özüylə apardı'

Düyün çözülürmü?

Başa vurduğumuz il beynəlxalq qurumların hesabatlarında Azərbaycan insan haqlarının pozulmasına görə adı ən çox hallanan ölkələrdən sayıla bilər. Ölkədə siyasi hakimiyyəti tənqid edən saytların bloklandığı, müstəqil jurnalistlərin, bloqqerlərin həbs edildiyi, məhkəmələrin azad olmadığı və sair qeyd olunub. Ən çox da siyasi motivlərlə aparılan həbslərə diqqət yetirilib. Məsələn, “Freedom House” təşkilatının hesabatında deyilir ki, Azərbaycan adambaşına düşən siyasi məhbus sayına görə dünyada liderdir. Hesabata görə, təxminən 10 milyonluq ölkədə 80-100 nəfər siyasi məhbus var, Azərbaycan bu siyahıda Çini belə ötür.

Buna da bax: 'MTN işi'ndə nə baş verir? [video]

Bu il beynəlxalq qurumlar Gürcüstanda müəmmalı şəkildə saxlanılan və Bakıya gətirilən Əfqan Muxtarlının, AXCP sədrinin müavini Gözəl Bayramlının qonşu ölkəylə sərhəddə saxlanılmasını da tənqid ediblər. O cümlədən məmurlarla, deputatla bağlı süjetlər hazırlayan video-bloqqer Mehman Hüseynovun iki il azadlıqdan məhrum edilməsini pisləyiblər.

REAL Vətəndaş Hərəkatının 7 il azadlıqdan məhrum edilmiş sədri İlqar Məmmədovun azadlığa buraxılması yönündə hökumətlə Avropa Şurası arasında isə böyük gərginlik yaşanır. Hətta ölkənin qurumdan uzaqlaşdırılması təhlükəsi yaranıb.

Buna da bax: Heykələ şüar yazan gənc fəal yeni ittihamla məhkəmə qarşısında

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycandan Məmmədovun dərhal azadlığa buraxılmasını tələb edib. Sonuncu dəfə qurum Avropa İnsan Haqları Məhkəməsinin REAL sədrinin azadlığa buraxılması tələbi barədə qərar yerinə yetirilmədiyinə görə adıçəkilən məhkəmə orqanına müraciət edib. Azərbaycan bu qurumdan ya çıxarıla, ya da üzvlüyü dondurula bilər. Qurumun məhkəməyə müraciətindən sonra Bakıda rəsmilər İlqar Məmmədovun azadlığa buraxılma ehtimalını dilə gətirməyə başlayıblar.

Buna da bax:​ Yada düşən öhdəliklər... Azərbaycanı nə gözləyir?

"Yeni səhifə açılmalıdır"

Novella Cəfəroğlu
Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da insan haqlarından danışanda siyasi məhbus məsələsinə önəm verir. Yeri gəlmişkən, dekabrın 8-də o da daxil olmaqla bir qrup hüquq müdafiəçisi prezidentə müraciət edərək “hakimiyyətlə beynəlxalq qurumlar arasında mübahisəyə çevrilmiş məhbuslar”ın azadlığa buraxılmasını xahiş edib.

“Biz prezidentə müraciət etmişik ki, bu məhbusların hamısı dekabrın axırına qədər buraxılsın. Onlar buraxılmalı və Azərbaycan 2018-ci ildə siyasi məhbuslarsız yeni səhifə açmalıdır”, - Novella Cəfəroğlu belə deyir və o, prezidentin bu müraciəti müsbət cavablandıracağına ümid edir: “Biz bütün siyasi məhbusları nəzərdə tuturuq, İlqar Məmmədov başda olmaqla. İlqar Məmmədov, Əli İnsanov, bloqqerlər, jurnalistlər, dindarlardır, hamısını...”

Buna da bax:​ Ekspert: 'Çovdarov 3 ildən sonra 'üçdə bir'lə azadlığa da çıxa bilər'

AzadlıqRadiosu bununla bağlı rəsmilərin mövqeyini öyrənməyə cəhd etsə də, mümkün olmayıb. Adətən, siyasi hakimiyyətin arqumenti belədir ki, Azərbaycanda heç kim siyasi mövqeyinə görə həbs edilməyib, sadəcə, cinayət üstündə saxlanılan insanlar var, ölkədə hamı qanun qarşısında bərabərdir və s.

Ombudsman Elmira Süleymanova isə dekabrın 8-də Azərbaycanda insan haqlarının hakimiyyət üçün prioritet olduğunu bildirib.

Buna da bax: Y.İmanov: 'Bir narahatlığım var, həbsdəki dostlarla sağollaşa bilmədim'

Novella Cəfəroğlu deyir ki, onlar hər gün onlarla insanın məsələsinin həllindən ötrü müxtəlif qurumlara müraciət edirlər. Onun ən böyük arzusu odur ki, Azərbaycanda məhkəmə islahatları aparılsın, qanunun aliliyi təmin edilsin: “Biz hüquq müdafiəçiləri də ancaq maarifləndirmə ilə məşğul olaq, daha məhkəmələrdə çıxış etməyək”.

XS
SM
MD
LG