Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:46

Azərbaycanda internetə daha çox pul ödəniləcək, bəs keyfiyyət dəyişəcəkmi?


Parklarda pulsuz internetin adı var, özü yox...
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00

Parklarda pulsuz internetin adı var, özü yox... (2022)

"Aztelekom" və "Bakı Telefon Rabitəsi" avqustun 15-dən internetin qiymətlərində dəyişiklik olacağını açıqlayıb.

Açıqlamada bildirilir ki, yeni tariflərdə abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq. Hər Mbit/s-ə ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Yəni,100 Mbit/s internetə 25, 150 Mbit/s-ə 30, 250 Mbit/s-ə isə 36 AZN qiymət təklif ediləcək.

Onlar bunu müştərilərin yüksəksürətli genişzolaqlı internetə artan tələbatı ilə izah edirlər: "Bu işlər ölkəmizdə dünya trendləri ilə ayaqlaşma, əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə həyata keçirilir".

Tez-tez yeni paketlər təqdim edilir, sürətin artırıldığı vurğulanır və bundan asılı olaraq abunəçilərin ödənişi ya artır, ya da yaxşı halda sabit qalır. Amma internetinin sürəti və işləməsi ilə bağlı şikayətlər qalır.

İnternet üçün dağa çıxan məktəblilər...
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

Azərbaycan Sinqapurla Kubanın arasında

"Speedtest Global Index" bugünlərdə bildirib ki, Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 181 ölkə arasında 39.48 Mbit/s sürətlə 118-ci yerdə qərarlaşıb. Reytinqdə birinci yeri Sinqapur (289.98), axırıncı yeri isə Kuba (2.69) tutub.

Qiymətlərə gəldikdə isə, beynəlxalq hesabatlarda Azərbaycanın bahalı internetin olduğu ölkələrin sırasında yer aldığı bildirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, "Onlayn Azərbaycan" layihəsi çərçivəsində bu ilin altı ayında ölkədə 800 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb: "Ümumilikdə ölkədə 2.7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Layihə müddətində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 12 dəfə artaraq 9 faizdən 92 faizə yüksəlib".

Osman Gündüz
Osman Gündüz

"Bir anda varlanmaq xətti götürüblər"

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladır ki, hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir: "İndi isə minimal 100 Mbit/s üçün 25 manat olacaq. Görünür, provayderlər, o cümlədən dövlət provayderləri bir anda varlanmaq xətti götürüblər. Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki, onlar niyə etməməlidirlər".

Onun fikrincə, bu, doğru bir yanaşma deyil: "Yüksək sürətlər və yüksək qiymətlər prinsipi heç bir halda doğru deyil. Xüsusən də regionlar üçün. Hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir".

Ekspertin sözlərinə görə, qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun: "Dövlət provayderlərinin bu tip addımları isə, ümumiyyətlə, ağlasığmazdır. Provayder ona görə, hələlik, dövlət provayderidir ki, məhz vətəndaşın tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun. Bir yandan "rəqəmsal transformasiya" deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq, digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırıq".

Rəşad Həsənov
Rəşad Həsənov

"100 faiz monopolist olmasalar da..."

İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda bu sahədə nə keyfiyyət, nə də kəmiyyət baxımından nailiyyət əldə olunub: "Başqa ölkələrlə müqayisədə də dəfələrlə görmüşük ki, təklif edilən internetin sürəti və keyfiyyəti ilə onun qiyməti arasında kifayət qədər ciddi fərqlər var".

Onun sözlərinə görə, burada başqa bir vacib məqam dövlət internet provayderlərinin monopolist mövqeyi məsələsidir: "Düzdür, 100 faiz monopolist deyillər, bazarda başqa təmsilçilər də var. Amma istənilən halda, xüsusilə regionlara münasibətdə demək olar ki, bazar bu şirkətlərdədir... İnsanlar onların maliyyə axınlarının şəffaflığını, məhsulun maya dəyərini bilməlidirlər. Tam dəqiq izah edilməlidir ki, nə üçün Azərbaycanda bu qədər resursla, investisiya qoyuluşları ilə həm internetin əlçatanlığı, həm də onun keyfiyyəti və kəmiyyəti aşağıdır".

İqtisadçı hesab edir ki, qəbul olunan indiki qərar sadəcə bazarda diktə mövqeyindən sui-istifadədir: "Son illərdə dövlət müəssisələrinin büdcədən asılılığının azaldılması, onların gəlirlə fəaliyyət göstərməsi kimi hədəflər müəyyən edilmişdi. Amma bunu xərclərin optimallaşdırılması, şəffaflığın artırılması, yeyintilərin, korrupsiyanın qarşısı alınması ilə deyil, rahat şəkildə qiyməti artırmaq, müəssisəni profisitə çıxarmaq yönündə ən bəsit yolun seçilməsi ilə həll etməyə çalışırlar".

XS
SM
MD
LG