Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:57

Siyasi gərginlik Azərbaycanın İranla iqtisadi əlaqələrinə necə təsir göstərib?


Astara gömrük-keçid məntəqəsi
Astara gömrük-keçid məntəqəsi

Son bir neçə ildə Azərbaycanla İran arasında siyasi münasibətlər gərgin olaraq qalmaqdadır. Gərginliyin əsas səbəblərindən biri Azərbaycanın gerçəkləşdirməyə çalışdığı "Zəngəzur dəhlizi" fikrinə İranın isti yanaşmamasıdır. Azərbaycan tərəfi İranı müharibə dövründə Ermənistanı dəstəkləməkdə də ittiham edir. Bir müddət öncə İranın Azərbaycanla sərhəddə çox sayda qoşun və hərbi-texnika yığması, təlimlər keçirməsi, Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum, İrana məxsus döyüş təyyarəsinin Azərbaycan sərhədinə yaxın ərazidə uçması və s. bənzər olaylar siyasi münasibətləri daha da gərginləşdirib. Hər iki ölkənin rəsmi şəxsləri mətbuatda bir-birinin əleyhinə çıxışlar edib. Azərbaycanda son dövrlər İranın agentura şəbəkəsinə qarşı əməliyyatlar keçirilib və çox sayda insan həbs olunub. Bəs bütün bu baş verənlər Azərbaycanla İran arasındakı iqtisadi olaylara necə təsir göstərib?

Ticarətdən, əsasən, İran qazanır

Ticarət əlaqələrinin olmadığı Ermənistanı nəzərə alınmasa, quru sərhədi olduğu ölkələr arasında Azərbaycanın ən az ticarət dövriyyəsi İranladır. Məsələn, ötən il Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 5.8 milyard dollar, Rusiya ilə ticarət dövriyyəsinin həcmi 3.7 milyard dollar, Gürcüstanla 772 milyon dollar olub. 2022-ci ildə İran və Azərbaycan arasında qeydə alınan ticarət dövriyyəsinin həcmi isə cəmi 506 milyon dollardır.

Münasibətlər gərginləşsə də, son illərdə Azərbaycanla İran arasında qeydə alınan ticarət dövriyyəsində artım müşahidə edilir. 2021-ci ildə iki ölkənin ticarət dövriyyəsi 441 milyon dollar olmuşdu. Deməli, ötən il Azərbaycan və İran arasındakı ticarət dövriyyəsi 65 milyon dollar və ya 15 faiz artıb. Ticarət dövriyyəsi 2020-ci ildə 339 milyon dollar, pandemiyadan öncə - 2019-cu ildə isə 494 milyon dollar olub. Bu baxımdan aydın olur ki, 2022-ci ildə qeydə alınan ticarət dövriyyəsi pandemiyadan öncəki göstəricini də qabaqlayıb.

İran və Azərbaycan arasındakı ticarət dövriyyəsində diqqətçəkən daha bir məqam bu ticarət əlaqələrində İranın payının daha yüksək olmasıdır. Belə ki, 506 milyon dollarlıq ticarət dövriyyəsinin 476 milyon dolları, yəni 94 faizi İranın Azərbaycana satdığı məhsullardır. Azərbaycanın toplam idxalında İranın payı 3.28 faizdir. Bu göstərici ilə İran ötən il Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi səkkizinci ölkə olub. Azərbaycanın İrana ixracı isə cəmi 30 milyon dollarlıq məhsuldur. Başqa deyimlə, İranın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri Azərbaycanın İrana ixrac etdiyi məhsulların dəyərini təxminən 16 dəfə qabaqlayır. Bu baxımdan, iki ölkə arasındakı ticarət əlaqələrindən qazanclı çıxan tərəf, əsasən, İrandır. Ötən il İranın Azərbaycanın ixracındakı payı cəmi 0.08 faiz olub.

Son aylar ticarət necə dəyişib?

2023-cü il başlanandan Azərbaycan və İran münasibətləri daha da kəskinləşib. Yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyinə hücumdan sonra Azərbaycan tərəfi səfirlik əməkdaşlarını Bakıya təxliyə etmiş və Tehrandakı diplomatik korpus fəaliyyətini dayandırmışdı. Ancaq rəsmi rəqəmlərdən görünür ki, 2023-cü ilin ilk iki ayı ərzində də ticarət əlaqələrinə mənfi təsir qeydə alınmayıb. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, bu ilin ilk iki ayında Azərbaycan və İran arasında 82 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. 2022-ci ilin ilk iki ayı ərzində bu rəqəm 75 milyon dollar idi. 2023-cü ilin fevral ayında Azərbaycanın İrandan idxalı 44 milyon dollar olub. Bu, 2022-ci ilin fevralı ilə müqayisədə 10 faiz artıq göstəricidir.

İran Azərbaycana nə satır?

Ötən il Azərbaycan İrandan 1 min 112 fərqli məhsul koduna sahib məhsul idxal edib. Cəmi yeddi fərqli məhsul üzrə Azərbaycanın İrandan illik idxalı 10 milyon dolları aşır. Dəyərcə Azərbaycanın İrandan ən çox idxal etdiyi məhsul ilkin formalı polietilendir. 2022-ci ildə Azərbaycan İrandan 26 min ton ilkin formalı polietilen idxal edib ki, bunun da toplam dəyəri 33 milyon dollar olub. Bu məhsulun idxalı 2021-ci illə müqayisədə 50 faizə yaxın artıb. Azərbaycanın İrandan idxalında ikinci yeri tutan məhsul emal olunmamış, aşqarlanmamış alüminiumdur. Bu məhsulun İrandan idxalı Azərbaycana illik 27.4 milyon dollara başa gəlib. Əgər Azərbaycan 2021-ci ildən İrandan cəmi 504 ton alüminium idxal etmişdisə, 2022-ci ildə bu rəqəm 9 min 827 tona yüksəlib.

İrandan idxalda üçüncü yeri tutan məhsul kərəyağıdır. Azərbaycan 2022-ci ildə İrandan 26.7 milyon dollarlıq kərəyağı alıb. 2021-ci ildə Azərbaycanın İrandan kərəyağı idxalı cəmi 431 ton olmuşdu. 2022-ci ildə bu rəqəm 15 dəfə artaraq 6 min tona çatıb. Bu baxımdan, ötən il Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinin artmasının əsas səbəblərindən biri 2021-ci illə müqayisədə İrandan alüminium və kərəyağı idxalının kəskin artmasıdır. Üzlük plitələr (24.4 milyon dollar) və polad yarımfabrikatlar (12.1 milyon dollar) da Azərbaycanın İrandan gerçəkləşdirdiyi idxalda vacib yer tutan məhsullar arasındadır. 2022-ci ildə İrandan idxalı kəskin azalan məhsul isə kartofdur. Belə ki, əgər 2021-ci ildə Azərbaycan İrandan 165 min ton kartof idxal etmişdisə, 2022-ci ildə bu göstərici 42 min tona enib. Yəni, dörd dəfə azalıb.

Azərbaycanın İrana ixracı

Ötən il Azərbaycan İrana 102 fərqli məhsul koduna sahib məhsul ixrac edib. Bu, İrandan idxal edilən çeşidlərlə müqayisədə 11 dəfə aşağı göstəricidir. Azərbaycanın İrana 30 milyon dollarlıq toplam ixracının təxminən 30 faizi (8 milyon 617 min dollar) pambıq lifi ixracından ibarətdir. İxracda ikinci yerdə qərarlaşan məhsul təbii qazdır. Azərbaycan ötən il İrana təbii qaz ixracından 6.6 milyon dollar gəlir əldə edib. Azərbaycanın İrana ixracında üçüncü yeri elektrik enerjisi tutub. Enerji ixracı hesabına Azərbaycan İrandan 5.5 milyon dollar gəlir qazanıb. Hər üç məhsulun ixracı 2021-ci illə müqayisədə 50 faizə yaxın azalıb. Bunun nəticəsində Azərbaycanın İrana ixracı da 2021-2022-ci illər ərzində təxminən eyni qədər azalaraq 45 milyon 600 min dollardan 29 milyon 831 min dollara enib.

Bütövlükdə Azərbaycanın İrana olan ixracının üçdə ikisi məhz bu üç məhsulun payına düşür. Azərbaycan ötən il İrana 1.3 milyon dollarlıq pambıq yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar da ixrac edə bilib. Digər bütün ixrac məhsullarının ixrac dəyəri 1 milyon dollardan azdır.

XS
SM
MD
LG