Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:12

Superulduz yox, orta işçilər


Sadəcə səriştəli və orta səviyyəli işçi olmaq o qədər də pis şey deyil.
Sadəcə səriştəli və orta səviyyəli işçi olmaq o qədər də pis şey deyil.

Karyeranın mərkəzdə durduğu mədəniyyətlərdə şirkətlərin superulduzları olur. Onlar ən böyük ideyaların sahibləri, nümunəvi əməkdaşlardır. Karyera pilləsində irəliləmək imkanı yarananda onlar növbədə birincidirlər.

Əgər siz belə adamlardan biri deyilsinizsə, həmin nöqtəyə can atmalısınız. Lakin o da var ki, işçilərin böyük əksəriyyəti "superulduz" deyil.

"Daha çox öhdəlik istəmirlər"

BBC yazır ki, sadəcə səriştəli və orta səviyyəli işçi olmaq o qədər də pis şey deyil. Orta işçilərin varlığı bəlkə hətta superstardan da vacibdir.

Omahadakı Nebraska Universitetinin təşkilat psixoloqu Daniel Kraf deyir ki, "orta"nın ən sadə tərifi, nə az, nə çox, "gözləntiləri doğruldan işçi" deməkdir.

Kanzasda yaşayan iş yeri mədəniyyəti psixoloqu Pol Uayt hesab edir ki, orta səviyyədən başlayan insanların bəziləri yüksəklərə qalxsa da, orta işçilərin bir çoxunun belə bir istəyi yoxdur: "Reallıq budur ki, bir çox insan ulduz olmaq istəmir. Onların ailələri, uşaqları, görməyə başqa işləri var. Onlar işdə daha çox öhdəlik istəmirlər…".

Optimal nöqtədə olmaq

Krafın sözlərinə görə, orta səviyyəli olmaq hələ karyeranın, yaxud bacarıqların durğunluq keçirməsi, ilişib qalması demək deyil. "Əslində, bu onların öz optimal nöqtələrində olması demək ola bilər", – o bildirir.

Uayt deyir ki, orta səviyyəli işçilərin işəgötürən üçün dəyəri nəhəngdir. Çünki gündəlik işlərini görən bu insanlar "işə gəlir, təlimatlara əməl edir və [hər şeyə] uymağa çalışır. Belə bir işçi qızıl parçasıdır. Mən belə adamlardan komanda yaradardım".

İşçi sadəcə ondan tələb olunanları yerinə yetirməklə kifayətlənsə də, işəgötürən heç də həmişə bir nöqtədə qalmağı dəyərləndirmir. Eksepsionalizm mədəniyyətində səndən gözləniləni etmək nailiyyət sayılmır. Bu isə böyük problemdir. Çünki kiminsə işinin dəyərləndirilməməsi tezliklə onun bundan usanmasına və hətta bu işi tərk etməsinə səbəb ola bilər.

10-15 faizi təşkil edən superulduzlar

"Əksər təşkilatlarda işçilərin əməyinə dəyər vermə proqramı var. Problem ondadır ki, bu proqramlar çox kiçik işçi qrupuna fokuslanır", – Uayt deyir. Onun sözlərinə görə, belə proqramlar istənilən qrupun cəmi 10 – 15 faizinə təsir edir, onlar da həmin o superulduzlardır. Bu isə o deməkdir ki, işçilərin 50-60 faizini təşkil edən orta qrupun əməyi diqqətdən kənarda qalır. Uayt Obert K. Tanner İnstitutunun araşdırmasına istinadən deyir ki, işini könüllü tərk edənlərin 80 faizi bunu dəyərləndirmənin olmadığı üçün etdiyini deyir.

Krafsa orta işçiyə dəyər verilməməsini hazırda aktual olan "Böyük istefa" (Great Resignation) prosesinin əsas hərəkətverici qüvvəsi sayır. Söhbət rekord sayda insanın işini tərk etməsi trendindən gedir.

Mükafat yaratmaq

Uaytın sözlərinə görə, orta səviyyəli işçilərə dəyər vermək, bunu daimi göstərmək təkcə işçilərin özləri üçün yox, işəgötürən üçün də çox mühümdür. Çünki komandanı saxlamaq şirkətin effektiv işinin davamlılığını təmin edir. Bunun üçünsə şirkətlər insanlara dəyər vermə və yaxşı işi ölçmə tərzlərini dəyişməlidirlər.

"Görməli olduğun işi görməyin özü artıq böyük şeydir. Vaxtında işə gələn və işini kəsintisiz görən işçi çox dəyərlidir. Bu günlərdə biz belə insanlara daha çox dəyər verməliyik", – Kraf deyir. Onun sözlərinə görə, şirkətlər performansın davamlılığı ətrafında mükafatlar yaratmalıdırlar: "Bir növ uşağın məktəbdə davamiyyətə görə mükafat alması kimi. Bizə bunun iş yeri versiyası lazımdır".

Uayt deyir ki, orta səviyyəli işçiyə dəyər vermək "Böyük istefa" trendini rahat keçirməyin ən yaxşı yollarından biridir.

XS
SM
MD
LG